Ceyhun Bayramov moldovalı həmkarı ilə danışdı

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy ilə telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən "Bakupost.az"a verilən məlumata görə, C.Bayramov moldovalı həmkarını təyinatı münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb. A.Çokoy təbrikə görə təşəkkürünü bildirib.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması alqışlanıb və razılıqdan irəli gələn bir sıra məsələlərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyindəki məsələləri müzakirə ediblər, qurumlararası əməkdaşlığın intensiv şəkildə davam etdirilməsi, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazirlər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.