Ru
23:19 / 09 Noyabr 2021

"Cıdır düzündə Flora xanım məni qucaqlayıb için-için ağladı" - Şamil Süleymanlı

4601
"Şuşaya girəndə ilk qarşıma çıxan Azərbaycan əsgəri oldu. Onların boynuna sarıldım, elə bilirdim övladlarımı, doğmalarımı, əzizlərmi görürəm".

Bunu Bakupost.az -a Xalq artisti Şamil Süleymanlı

Zəfər günü ilə bağlı fikirlərini bildirərkən deyib.

O qeyd edib ki, Şuşada Azərbaycan əsgərini görmək çox möhtəşəm hiss idi:

"Daha sonra orada olan əsgərlərimizdən xahiş etdim ki, məni aparsınlar Şuşa yazılan yerə və mən oranı öpüm. Sağ olsun əsgərlərimiz sözümü yerə salmadılar və mən o torpağı möhkəm-möhkəm öpdüm.

Daha sonra ulu babamın Vətəni Şuşada evimizi tapdım. Evimizin başına fırlandım, ucadan qışqırdım ki, Kərbəlayı Hüseynalı bəy, Şamil bəy mən burdayam, evin sahibi gəldi. O an məni dəhşətli qəhər boğdu. Hər qarış torpaq üçün şəhidlərimizin qanı axıb, o torpağa qurban olum. Şuşaya daxil olanda oranın qoxusu məni çox təəccübləndirdi, sanki o qoxunu illərdir ki, axtarırdım. Həmişə dəyərli sənətkarımız Flora Kərimovaya deyirdim ki, biz Şuşada səninlə görüşəcəyik. O da qəmli-qəmli deyirdi ki, mən də orada səni bərk-bərk qucaqlayacam. Həmişə belə danışıb gözümüzün yaşını tökürdük. Cıdır düzünə daxil olanda Flora xanım məni gördü qucaqladı və için-için ağladı. İndi artıq Şuşada tikinti işləri gedir, Şuşa abad bir şəhərə çevrilir, Şuşada çörək bişirilir. Çox istərdim ki, bir də gedim Şuşaya.

Siz təsəvvür edirsiniz, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı ancaq Ali Baş Komandanın çıxışlarını gözləyirdi. Bizi qaldırıb ayaq üstə qoyan, ürəyimizə fərəh verən cənab Prezident İlham Əliyev oldu. Onun çıxışları, dörd dildə danışmağı, bir sözlə, bütün dünya ona heyran qaldı. Bəlkə də bir aktyor kimi ondan çox şey öyrəndim. Zəfər günü münasibətilə başda Ali Baş Komandanımız olmaqla xalqımızı təbrik edirəm. Qoy Zəfərimz əbədi olsun!"

Fəridə Söhrabqızı
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər