Ru
10:58 / 06 May 2021

Çölçü həyatından reportaj - FOTOLAR - VİDEO

3806
Oxçuluq kursu ilə bağlı reportaj hazırlamalı idim. Kurs Qubada fəaliyyət göstərdiyi üçün Qubaya getməli, orada çəkiliş aparmalı idim. Bu dövrdə oxçuluq kimi bir sahənin uşaqlara öyrədilməsinin səbəbi maraqlı idi. Danışıb, razılaşıb, getdim.

Oxçuluq kursunun yaradıcısının Qubada fəaliyyət göstərən “QafqazTV”–nin direktoru Eltən Qədimbəyli ola biləcəyi heç ağlıma da gəlməmişdi. Görüşdük. Məqsədim ancaq kurs barədə danışmaq idi. Ancaq Eltən bəy danışdıqca, onun necə məlumatlı, milli ruhlu biri olduğuna şahid oldum.

Məsələn Eltən Qədimbəyli ilə danışana qədər Azərbaycanda “Çölçü” adlı bir klubun fəaliyyətindən də xəbərsiz idim.

“Çölçü” klubu 2015-ci ildə Eltən Törəçi (Qədimbəyli) tərəfindən yaradılıb. Məqsəd isə, təbiətlə iç-içə olub, təbiəti dərk etmək, özünə qayıtmaq olub.



“Çölçü klubu - elm, sənət və işgüzar adamları birləşdirən bir sosial klubdur. Çölçülük müasirlik və milliliyi özündə sintez edən bir düşüncə tərzidir. Çölçülük ekstremal turizm, eko turizm, vəhşi təbiətdə sağ qalma üçün fiziki və psixoloji hazırlıq treninqlərinin sintezindən yaranan yeni bir turizm cərəyanıdır. Çölə, çölçülüyə və turizmə tam yeni və fərqli yanaşmadır. Bu yanaşmanın kökündə turizmin təkcə əyləncə, istirahət baxımından deyil, yeni bilik, bacarıqlar əldə etmək baxımından da maksimal dərəcədə effektlli olması tələbi prinsipial yer tutur. Buna görə də, Çölçü klubunun təşkil etdiyi çölçü axınlarından, işgüzar birlik öyüdləri (team building)-dən qatılanlar geriyə, adi turlarda olduğu kimi sadəcə xoş təəssüratlarla deyil, həm də yeni biliklər, bacarıqlara yiyələnərək qayıdırlar”-deyə bildirir E. Qədimbəyli.

O, deyir ki, insan minimalizmə alışmalıdır. Məsələn 2-3 gün çöl mühitində qaldıqdan sonra isti duş insan ruhunu oxşayır. Beləcə çöl həyatı və rahat mühit insanın həyatını balansda saxlayır. İnsan özünə qayıdır, çətinliklərə düşdükcə əlindəkilərin qiymətini daha çox anlamağa başlayır.

Həmsöhbətimiz o qədər maraqlı danışır ki, sual verməyə belə ehtiyac qalmır. Sanki cümlələri sıralayıb, ipə düzüb.

O, uşaqların milli ruhda böyüməsinin tərəfdarıdır. Hesab edir ki, uşaq valideyninin aynasıdır. Yəni valideyn necə görünürsə, necə yaşayırsa, övladı da onun kimi olur.

E. Törəçinin arzuları, düşüncələri fərqlidir. Hesab edir ki, Azərbaycanda “Hollivud” kimi yaradıcı şəxslər üçün xüsusi kəndlər olmalı, yaradıcı şəxslər orada yaşamalı, bir-birinə dəstək olmalıdır.



Maraqlı həmsöhbətdir E. Qədimbəyli...

“Biz başqasına oxşamağa çalşırıq. Çünki bizim törəmiz yoxdur. 3-5 xarici ədəbiyyat oxumaqla sən sən ola bilməzsən. Dünyada heç bir millət digər millət üçün gəlib infrastruktur yaratmır. “Çölçü”-nün amacı yaradıcı insanları bir araya gətirməkdir. Biz Azərbaycan olaraq, mədəniyyətimizlə, tolerantlığmızla öndə olmuşuq”-deyir müsahibim.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər