Ru
11:52 / 01 Fevral 2021

Çörəyim Elçibəyi söydürməydən çıxırdı…

2755


Kəramət Böyükçöl


Qəribə vəziyyətdir, ölkədə pulu olanın azadlığı yoxdur, azadlığı olanın da pulu.

Demək, mən neçə illər hökumət mediasında jurnalist kimi fəaliyyət göstərmişəm.
Adamın başının üstündə Allah var, Azərbaycan reallığı ilə müqayisədə yaxşı da maaş almışam.
Yaxşı maaş almışam deyəndə ki, tutalım, ay ərzində 12 müsahibə, üstəgəl də 12 köşə yazanda bərabərdir 1000-1200 manat maaş eləyirdi.

Amma azadlıq yoxdur və sənin də məqsədin təkcə pul qazanmaq deyil, həm də yazılarınla nəfəs alırsan, ovunursan və onların gözünün qabağında necə kəsilib-doğrandığını görəndə adam həyata nifrət edir, hər şeydən iyrənir.
Tüpürmək istəyirsən aldığın o maaşa da...
Aldığın o müsahibəyə də...
Yazdığın o köşəyə də!

Hökumət mediasında ölkədə baş verən hadisələrdən nə yazırsan yaz, redaktor onu sayta qoyandan və sən də oxuyanda sonra öz yazına baxırsan, elə bilirsən YAP-ın üzvüsən.
Zərdüşt Əlizadədən müsahibə almışdım, Elçibəyi də tənqid emişdi, Heydər Əliyevi də.
Müsahibə saytda gedəndə baxdım ki, Elçibəyi söydüyü hissəni başlığa qoyublar, Heydər Əliyev haqqında olan tənqidlərinsə hamısını, ümumiyyətlə, müsahibədən çıxarıblar.
Maaşını alanda pula baxırsan, belə çıxır ki, sənin çörəyin Elçibəyi söydürməkdən çıxır.
İçib ağlamayasan, neyləyəsən?

Ömrümün neçə illəri hökumət mediasında bu cür məngənə arasında keçdi.
Tez-tez işlətdiyim bir ifadə vardı:
"Gül kimi yazıçı idim, ehtiyac məni jurnalist kimi tanıtdı".
Jurnalist kimi tanınmağın cəhənnəm, heç olmasa, burda da qoymurlar ki, çörəyini vicdanla qazanasan.
Hələ üstəlik də bu cür məhdudiyyətlərlə oxunaqlı media yaratmaq istəyirlər.
İstəyirlər ki, camaat sosial şəbəkələrə yox, bunların yalanlarına inansın.
Əli Həsənovu mediadan uzaqlaşdırıb və bununla da guya mətbuatın ləkələnmiş adını təmizləmək istəyirlər.
Mümkün deyil.
Azadlıq!
Azadlıq!

Azadlıq olmayınca heç kim Azərbaycan mətbuatını oxumayacaq və onun xəbərlərinə, yazılarına inanmayacaq.
Bu ölkədə isə azadlıq sözündən o qədər qorxurlar ki, heç metronun da adını təkcə "Azadlıq" qoya bilməyiblər.
Yanına bir prospekt sözü də əlavə ediblər ki, ay camaat, baxın ha, biz insan azadlığını, siyasi azadlıqları nəzərdə tutmuruq.

Söhbət prospektdən gedir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər