Ru
14:53 / 30 Aprel 2021

COVID-19-dan xeyir güdən mutant MƏMURLAR

2785
Qalib İsmayılov

Dövlətin, millətin taleyində elə ağrılı məqamlar olur ki, hər kəs bir nəfər kimi bütün işlərini kənara qoyub həmin problemin həllinə öz tövhəsini verməyə çalışır. Hazırda yaşadığımız pandemiya dövrü də məhz belə ağrılı məqamlardandı. Bütün dünya, eləcə də onun bir parçası olan Azərbaycan az qala iki ildir ki, COVID-19 adlı virusla mübarizə aparır. Ancaq elə adamlar da var ki, onların özlərini çox dəhşətli virus saymaq olar. Hətta Coviddən də dəhşətli. Əgər belələri səalhiyyət sahibi olurlarsa, gec-tez fəsadları mütləq orataya çıxır. Əslində Azərbaycanda xəstəxanalarla, baş həkimlərlə bağlı arzuolunmaz hallar yetərincə olub və olacaq da. Amma heç olmasa indiki şəraitdə, bu pandemiya dövründə kaş ki, xoşagəlməz hallar olmayaydı. Çünki heç yeri deyil.

Aprelin 22-də Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayaraq bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi məsuliyyətə cəlb edilib.

Ölkə mediasında yayaılan xəbərlərdən bəlli oldu ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daxil olmuş məlumat əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirib və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əliağa oğlunu cinayət məsulıyyətinə cəlb edib. Baş həkim məhkəmənin qərarı ilə həbs olunub.

Sən demə baş həkim Ağayev İmran qeyri-rəsmi köməkçilərinin vasitəsilə koronavirus xəstələrindən hospitala yerləşdirilmələri üçün, eləcə də, orada müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri üçün qeyri-qanuni olaraq müxtəlif məbləğlərdə pul alırmış. Yəni rüşvət. Yenə deyirəm, məhz pandemiya dövründə və COVID-19-la mübarizə aparan, sabaha sağ çıxıb-çıxmayacağı bəlli olmayan, evdən çıxarkən hər ehtimala qarşı ailə üzvləri ilə birdəfəlik vidalaşıb ayrılan xəstələrdən.

Gör adam nə dərəcədə harınlamalı, gözü ayağının altını görməməli, qayda-qanun saymamalıdır ki, ölkədə pandemiyanın tüğyan etdiyi bir vaxtda, xəstələrlə bərabər sıravi həkimlərin, tibb işçilərinin həyatlarını itirdiyi belə ağır dövrdə oğurluqla, rüşvətlə pul qazanmaq niyyətindən əl çəkə bilməsin. Heç olmasa özünü düşünüb iyrənc əməllərinə bir müddət fasilə vemək istəməsin. Bu əməlin hüquqi məsuliyyətdən başqa hansı mənəvi və psixoloji fəsadlar yarada biləcəyini də gözardı etməsin.

Nəzərə alsaq ki, İmran Ağayev cavan kadrdır, onda ortaya başqa suallar da çıxır:

Bütün dünya pandemiyanın əlində girinc olduğu bir vaxtda, bu sahəyə aid təcrübəli mütəxəssislər günün günorta vaxtı çıraqla axtarıldığı bir zamanda, bu cavan oğlanı kim və hansı üstünlüklərinə görə gətirib belə bir məsuliyyətli işin başına qoyub? Doğrudanmı ölkə pandemiya ilə bağlı problemlərini həll etmək yönündə belə mənəviyyat sahiblərinin ümidinə qalıb? Bəlkə yaxşı kadırlar var, sadəcə onlar hansısa başqa “tələblərə” cavab vermədikləri üçün iş başına gətirilmirlər?

Tibb elə bir sahədir ki, burada həkimin savadlı olması bir məsələdirsə, vicdanlı və məsuliyyətli olması da ikinci və daha önəmli məsələdir. Bütün bunları da qoyaq bir kənara. Adamın bir qorxu hissi, çəkngənliyi də olmadır axı.

Dövlətin başçısı pul ayırır, yeni xəstəxnalar tikdirir, mövcud xəstaxanalarda yenidənqurma, uyğunlaşdırma işlərinə vəsait sərf edir, bir cavan dələduz da gəlib ayağını ayağının üstünə aşırır, millətin puluna yaradılmış şəraitin hesabına millətdən pul yığır. Niyə, nə səbəbə, kimə arxayın olub edir bu şərəfsizliyi cavan bir adam?

Hər halda onu bu yerlərə gətirən və bu qədər cəsarətləndirən hansısa ciddi səbəb olmamış deyil. Əlbəttə ki, bu səbəbin biri, mövcud vəziyyətdir. Aşıq gördüyünü çağırar, deyiblər. Adam görür ölkədə bu yolu tutub gedənlər az deyil, yaxşı da dolanırlar, düşür onların cığırına.

İkinci səbəb insan mənəviyyatının, ləyaqətinin son həddə qədər aşınmasınmasıdır. Belələri də yetərincədir ölkədə.

Amma bu da indiki situasiyada həlledici səbəb deyil. Çünki söhbət ölkə prezidentinin xüsysi diqqətdə saxladığı və bütün dünyanın bəlasına çevrilmiş pandemiya ilə mübarizə prosesindən gedir.

Deməli, baş həkimi belə ağzınlaşdıran, nəfsini şişirdən, iştahını daha da artıran başqa və həlledici səbəb var. Nədir o səbəb? Ümid edək ki, istintaq araşdırmasında ortaya çıxacaq. Əks halda COVID-19-un hər dalğasından öz mənfəəti üçün istifadə edən mutantların sayı da virus kimi gün-gündən artacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər