10:24 / 12 Oktyabr 2021

DİM əzbərçiləri seçmir - Məleykə Abbaszadə

2041

"Qəbul imtahanlarında Dövlət İmtahan Mərkəzi əzbərçiləri, biliklər toplayıb onları tətbiq etməyi bacarmayan, misalları həll edə bilməyən insanları yox, fikirlərini şifahi və yazılı ifadə etməyi bacaran insanları seçməyə çalışır. Qazandığı bilikləri praktikada tətbiq etməyə qadir olan, yeni və mütərəqqi informasiyalara açıq insanları müəyyən edir”.


Bakupost.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M. Abbaszadə qeyd edib ki, imtahan nəticələrinin təhlilində ədalət prinsipi əsas götürülür. İmtahanlarda yüksək bal toplayanların biliyi nəticələrin təhlili zamanı layiqincə qiymətləndirilir. Əsas məqsəd qəbul kampaniyasının gedişində obyektivliyi, düzgünlüyü, şəffaflığı qoruyub saxlamaqdır:

“İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək bizim əsas iş prinsipimizdir. Əslində bu prinsiplər test sisteminin öz mahiyyətindən irəli gəlir. Sistemin tətbiqi zamanı biliyi yoxlanılanların hamısı üçün eyni şərait, eyni tələblər, eyni suallar, eyni vaxt ölçüsü və vahid qiymətləndirmə meyarlarının tətbiq edilməsi və prosesin bütün mərhələlərində kompyuter texnologiyalarından istifadə edilməsi hər cür subyektiv müdaxilə hallarının qarşısının alınmasını mümkün edir. Gənclərimiz arasında da biliyin obyektiv qiymətləndirilməsinə, hər kəsin ali məktəbə öz bilik və bacarığı ilə qəbul ola bilməsinə inam var. Bu da öz növbəsində onlarda oxumağa, bilik qazanmağa marağın artmasına səbəb olur və bu maraq bütövlükdə müsbət bir tendensiya kimi getdikcə güclənir”.

Sevinc
Baku Post

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər