02:11 / 15 Noyabr 2021

Ədalət qarşısında borcumuz - Ənnağı Hacıbəylinin yazısı

1743
Ənnağı Hacıbəyli

Toplumun anlamadığı nəsnələrdən biri də müxalifətçilərə və "vətən xainlərinə” hökm çıxaran hakimlərin qanuna münasibəti, şəxsiyyəti və hansı ideallara xidmət etmələridir.

Müxalifətçilər deyir ki, hakim belə allahsız hökm çıxarmaq əvəzinə istefa verməli idi. Məncə, bu fikir ölkədə qanunçuluğun real durumunu qiymətləndirə bilməməyin nəticəsidir.

Fikrimi sübut etmək üçün bir tarixi hadisə danışım.

XV-Xİİ əsrlərdə kilsə Avropada cadugərliyə qarşı ciddi mübarizə aparırdı. Yüz il ərzində (1450-1550) təkcə Almaniyada yüz min cadugər-ifritə tonqalda yandırılmışdı. Papa bu mübarizə üçün inkvizisiya məhkəməsində iki hakim ayırmışdı, yəni kilsə-məhkəmə islahatı apararaq bu hakimləri ixtisaslaşdırılmış hakim eləmişdi.

Sonradan cadugərlərin sayı o qədər çoxalmışdı ki, Papa məcbur olub ixtisaslaşmış məhkəmələrin sayını artırmışdı. Belə məhkəmələrdən birinin də baş hakimi Trir Universitetinin rektoru Fleyd idi.

Minlərlə cadugər barədə tonqal hökmü çıxarandan sonra qardaş görür ki, nəsə ifritələrin sayı azalmaq əvəzinə daha da artır. Düşünməyə başlayır: Aya, bunlar öz günahlarını boyunlarına alırlarsa, deməli, hökm ədalətlidir. Amma o ifadəni dəhşətli işgəncələr altında verirlər. Deməli, bu, etiraf deyil, sadəcə verilən əzablardan canlarını qurtarmaq üçün etmədikləri günahları boyunlarına alırlar.

Fleyd bundan sonra məhkəmə proseslərində iştirak etməkdən imtina edir. Dərhal onu iblisə satılmaqda ittiham edirlər və ona eynilə qurbanlarına verilən üsullarla işgəncələr verirlər. Eynilə qurbanları kimi o da "günahlarını” etiraf etməyə məcbur olur və kolleqaları keçmiş hakim barədə özünün çıxardığı qərarlar kimi qərar verirlər. Beləliklə, 1589-cu ildə Fleydi öncə boğur, sonra isə tonqalda yandırırlar.

Qanuna münasibət, şəxsiyyət, ideallar…

Bunlar tarixən hakimləri az maraqlandıran məsələlər olub. Söhbət bizdən gedirsə, əslində, qanuna münasibəti hətta adekvat saymaq da olar. Bizim hakimlərin tətbiq etdiyi qanunlar da elə bu gündədir. Bəs bu qanunları qəbul edənlər hakimlərdən çoxmu hörmətlidir?

Qanunların sanksiyasına ancaq pul və cəza gözü ilə, yəni əvəz çıxmaq vasitəsi kimi baxanlardan ədalət ummaq olarmı?

"Ədalət tərəzisini dəlillər çalışdırmalıdır” hökmünün fəlsəfəsindən xəbəri olmayanların əlinə bazar tərəzisi vermisinizsə, nədən onlardan halal çəki gözləyirsiniz?

"Bu səri-çeşmə əzəldən bulanıb, ey qafil…”

Tərtər hadisələri ilə bağlı ittihamnamə yazan prokurorlar və hökm çıxaran hakimlər üçün də maraqlı olsun deyə daha bir tarixi hadisə danışım.

Cadugərlərlə ən amansız mübarizə Şotlandiyada aparılırdı.

Kral I Yakov müttəhimlərə işgəncələr verilməsini şəxsən müşahidə edirdi. Bir dəfə amansız işgəncələrin heç bir nəticə vermədiyini görən kral müttəhimin dırnaqlarını çıxarmağı və barmaqlarına iynələr yeridilməsini təklif edir.

Rəvayətçi nəql edir: "Şeytan müttəhimin qəlbinə o qədər dərindən nüfuz eləmişdi ki, kralın təklifi gerçəkləşdiriləndən sonra hətta müttəhim etiraf etdiklərini də danmağa başladı”.

Ədalət mühakiməsi tarixində çox ittihamçılar olub. "Etiraf sübutların şahıdır” ifadəsinin ardıcılları demokratik hüquq dövlətində də varsa, ya o dövlətin mahiyyəti bir qədər dəqiq ifadə edilməyib, ya da sübutların şahı şahın sübutlarıdır.

"Tərtər cinayətləri” nə qədər ki onu törədənlərin canından tər-tər çıxarılmayıb, bu ölkədə ədalət mühakiməsinə, qanunçuluğun durumuna münasibət müxalif münasibət olacaq və onunla mübahisə cığallıqdan başqa bir şey sayılmayacaq.

Etirafa hesablanan ittiham və hökm əksər hallarda dövlət cinayətidir. Etiraf ən asan əldə edilən sübut növüdür. O, nadir hallarda müttəhimin könüllü ifadəsidir.

Etiraf peşəkarlığın olmadığı istintaqın sübutudur.

Etiraf ittiham olunanı nəyin bahasına olursa-olsun, məhkum etməyin sübutudur. Mənəvi etiraf qəlbin əzəmətini, zorən-etiraf istintaqın cinayətini göstərir. İstintaqın cinayəti hər bir ölkənin mövcud hakimiyyətinin cinayətidir. Bu cinayətdən xilas olmağın yeganə yolu cinayətkarın cəzalandırılmasıdır.

Bu vəzifə öncə hakimiyyətin üzərinə, sonda isə xalqın boynuna düşür.

Hər kəs borcunu verməlidir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər