Ru
13:32 / 24 Noyabr 2021

Ədliyyədə işləmək istəyənlərin nəzərinə!

1677
Dövlət İmtahan Mərkəzi ​ (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə noyabrıb 26-da ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirəcək.

DİM-in mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, saat 10:00-da başlayacaq imtahan elektron qaydada keçiriləcək. İmtahanda iştirak etmək üçün sənədlərin qəbulu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılıb və 98 nəfərin namizədliyi qeydə alınıb.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda o, imtahanın nəticələrinə dair arayış əldə edir.

İmtahana hazırlıqla bağlı "Yaddaş kitabçası", habelə test imtahanında kompüterdən istifadəyə dair Təlimat Ədliyyə Nazirliyinin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdirilib, həmçinin bu sənədlər nazirliyə və regional ədliyyə idarələrinə müraciət edənlərə təqdim olunur.

Qeyd edək ki, imtahan 3 saat davam edir və nаmizədlərə 100 tapşırıqdan ibаrət suаl kitаbçаsı təqdim оlunur: 80 suаl namizədin qanunvericilik sahəsi üzrə biliyini, 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edir. Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavabların sayı düz cavabların nəticəsinə təsir göstərmir.

Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - müsahibəyə buraxılacaqlar.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər