Ru
14:14 / 01 Oktyabr 2019

Əhməd bəy Ağaoğlunun nəticəsi: “Qarabağa görə qana boyanmalısız” (MÜSAHİBƏ)

7644
“Azərbaycanlılara dedim ki, bayrağınızdakı qırmızını qanınızla boyamalısınız”


Sen gülünce güller açar gülpembe
Bülbüller seni söyler biz dinlerdik gülpembe
Sen gelince bahar gelir gülpembe
Dereler seni çağlar sevinirdik gülpembe

Bəli Barış Mançonun o məşhur, dillər əzbəri “Gülpəmbə” mahnısı. Ruhuma yaxın, duyğularımın tərcümanı olan o notların doğmalıq hissinin bir səbəbi varmış. Uzun illər hər kəs bəstəsinin bir azərbaycanlıya aid olduğundan xəbərsiz sevdi, dinlədi, zümüzümə etdi “Gülpəmbə”ni. Mahnının bəstəkarı milli siyasi və fikir həyatımızda adı qürurla çəkilən, Azərbaycanda maarifçiliyin, ədəbiyyatın, dövlətçilik düşüncəsinin formalaşmasında böyük rol oynayan şəxsiyyətlərdən biri olan, Əhməd bəy Ağaoğlunun nəticəsinə məxsusdur.
Babasının adını daşıyır Əhməd Güvənc. Türk musiqi tarixinin əhəmiyyətli simalarından biridir. Məşhur “Kurtalan Ekspres” qrupunun baş gitaristi olan Əhməd Güvənç Barış Manço ilə 23 il çiyin-çiyinə çalışıb.

BakuPost.az olduqca səmimi və içində Azərbaycana dair bir guşəsi olan Əhməd Güvənclə müsahibəni təqdim edir.


- Babanız azərbaycanlıların qürur duyduğu şəxsiyətlərindən biridir. Siz babanızla bağlı nələr bilirsiniz?

- Vallah mənim bildiklərim də nənəmin (Tezer Taşkıran), Gültəkin və Sürəyya xalalarımın bəhs etdiklərindən artıq deyil. Bunlar Əhməd Ağaoğlunun üç qızıdır. Bildiyimə görə babam ulu öndərimiz Atatürkün çox yaxın dostu olub. Nənəm və bacıları onun istəyi ilə universitetə gedən ilk Türk qadınlar olub. Sürəyya xalam Türkiyənin ilk qadın vəkili olub. Nənəm isə ilk qadın fəlsəfəçisi olub. Eyni zamanda nənəm Türkiyədə Qars bölgəsinin ilk qadın millət vəkili kimi tarixə düşüb. Təəssüf edirəm ki, babamla bağlı bilgilərim bunlardan irəli getmir.

- Uşaqlığınızı necə xatırlayırsınız?

- Vətənpərvər bir mühitdə böyüdüm mən. Babam Əhməd Ağaoğlunu görməsəm də, onun qızlarını, yəni nənəmi və xalalarımı xatırlayıram. Demək olar ki, məni onlar böyüdüb. Onların sayəsində mən əsl Atatürkçü və vətənpərvər bir insan kimi yetişdirildim. İndi onların hamısı mənim də öləndə dəfn ediləcəyim ailə qəbiristanlığında yatırlar. Onların hər birinə məni bu ruhda böyütdükləri üçün minnətdaram.

- Əhməd Ağaoğlunun xatirələrinə necə sahib çıxırsınız?

- Gözüm kimi qoruyuram. Məsələn, babamın Bakıdan gələrkən yanında gətirdiyi böyük kəhrəba təsbehi məndədir. Sürəyya xalam mənə əmanət edib. Parlament binasına basqın olunub ingilislər deputatları Malatyaya sürgün etmişdi. Babamın ordan həbsxanadan ailəsinə yazdığı məktublar var. Onlar çox mühüm tarixi sənədlərdir. Hamısını saxlayıram. Mənim ata tərəfimdən babam da çox əhəmiyyətli tarixi şəxsiyyət olub. İsmayıl Haqqı bəy. Onun istiqlal medalı də məndədir.





- Musiqiyə olan sevginizdən bəhs edək bir az...

- Mən 1951-ci ildə dünyaya gəlmişəm. Musiqiyə olan sevgim təxminən 60-cı illərdə məşhur ingilis qrupu “Beatles”lə başladı. İndi Türkiyənin ən dəyərli musiqiçilərindən biri olan Bülent Ortaçgil ilə sinif yoldaşı olmuşuq. Sonralar biz Bülent Ortaçgil və onun qardaşı Ercüment Ortaçgil ilə birlikdə “Sorular” qrupunu yaratdıq və konsertlər verməyə başladıq. Bülent Ortaçgilin məşhur “Benimle oynarmısın” albomu çıxıd o zamanlar. Həmin albom mənim evimdə hazırlamışdı. Hətta alboma daxil etdiyi “Suna Abla” mahnısının anam Suna xanımdan dan ilhamlanaraq yazmışdı. Peşəkar musiqi həyatıma Cem Karaca ilə atıldım. Bu arada deyim ki, onun da atası azərbaycanlı olub. “Kurtalan Ekspres” qrupunda karyerama davam etdim.



“İlk dəfə Azərbaycana Barış Manço ilə getmişəm”

- Barış Manço ilə uzun illər bir yerdə çalşmısınız...

- Bəli ən çox onunla çalışdım... 23 ilimiz Barış Manço ilə birlikdə keçdi. Bilirsiniz “Gülpəmbə” və “Dönence” mahnılarının müəllifiyəm. Hətta ilk dəfə Azərbaycana Barış Manço ilə getmişəm. 3 dəfə Bakıda konsert verdik. Barış Manço ilə çox yerləri gəzdik, konsertlər verdik.

- Çox ölkələr gəzdiniz birikdə, keçən 23 iliniz var. Unuda bilmədiyiniz bir xatirəniz varmı?

- Belə qəfil sual verəndə xatırlaya bilmirəm. Dolu-dolu 23 il yaşadıq birlikdə.



- İllər əvvəl Barış Manço və “Kurtalan Ekspres”lə Almaniyada qatıldığınız bir proqramda qatarda performans sərgiləmişdiniz. O çıxışınızdan bəhs edə bilərsinizmi?

- Bəli, proqramın adı "Bio's Station" idi. Yəni Bionun stansiyası. Ona köhnə bir vağzal vermişdilər çəkilişlər orda aparılırdı. Almaniyada çox məşhur bir proqram idi və biz orda “Hal-Hal”ı ifa etmişdik. Almaniyada yaşayan, işləyən türklər qatılmışdı proqrama çox qürur duymuşdular.




- Siyasətlə, elmlə əhatə olunan bir ailədə böyümüsüz. Siyasətçi də ola bilərdiniz, amma musiqini seçdiniz. Necə düşünürsünüz, siyasətlə məşğul olmaq çətindir, yoxsa musiqi ilə?

- Hansı işi görürsən gör, ən əhəmiyyətlisi adam ola bilməkdir. İnan mənə ən çətini budur. Musiqi sevgi işdir. Hansı daha çətindir, deyə bilmərəm, amma mən sevgi adamıyam. Musiqi hər kəsi sevməyə məcbur edir.



“Əzizə Mustafazadə ilə birlikdə ifa etmək istəyərdim”

- Özünüzü daha çox hara aid hiss edirsiniz: Azərbaycana, yoxsa Türkiyəyə?

- Əlbəttə ki, Türkiyəyə. Amma köküm Azərbaycana bağlıdır. Biz Bakıya gələndə mən çox milliyyətçi çıxışlar etmişəm. O zaman Ermənistanla müharibə gedirdi. Azərbaycanlı dostlarıma “Türk bayrağının qırmızısı qandır. Siz də bayrağınızdakı qırmızını qanla boyamalısınız” demişdim. Mənim babamın doğulduğu yer Şuşadır. Çox təəssüf ki, o torpaqlar indi erməni işğalı altındadır. Qısası siz Azərbaycan, biz Türkiyə türküyük. Əhəmiyyətli olan hamımızın türk olmasıdır.

- Azərbaycan üçün mahnı bəstələmək haqqında heç düşündünüzmü? Bəstələmiş olsaydınız hansı sənətçimizin ifa etməsini istəyərdiniz?

- Azərbaycanda sənətin hər sahəsində çox uğurlu, istedadlı sənətkarlar yetişir. Gördükcə qürur duyuram. Amma ən çox bəyəndiyim Əzizə Mustafazadədir. Onunla bir mahnı ifa etmək istəyərdim.

- Əhməd bəy, övladlarınız varmı?

- Yoxdur. Dünyanın bütün uşaqları mənimdir. Hər şey gənclər və uşaqlar üçündür...

- Heç evlənmədiniz?

- Təəssüf ki, evləndim və bu evlilik 18 il davam etdi...

- Türkiyənin 80-ci illərində Türkiyədə yaşayırdız?

- Bəli çox pis illər idi.

- Dünyadakı mədəni inkişafla paralel olan 80-ci illər Türkiyəsi iki fərqli iqtidar layihəsi, iki fərqli söz siyasətinin və iki fərqli mədəniyyət strategiyasının səhnəsi oldu. Belə bir mühitdə musiqi ilə məşğul olmaq nə qədər çətin idi?

- Kənan Evrenlə gələn hərbi rejim nəsillərin bir-biri arasındakı rabitəsini 10 il məhv etdi. Bu dövrdə hər şeyi sorğulayan gənclik əvəzinə, heç nəyə qarışmayan, yalnız brend geyimlərlə məşğul olan, ən əhəmiyyətli dəyərləri pul olan bir nəsil yetişdi. Türkiyə hələ də o itən 10 ili bərpa etməyə çalışır. Fürsətçilərin uşaqları ilə bizim uşaqlarımız eyni məktəblərdə oxumağa başlayanda əvvəlcə mədəniyyət, sonra da əxlaq çökdü. Amma biz “Dönence”ni, “Gülpəmbə”ni həmin dövrlərdə - 83-cü ildə hazırladıq. Hər şeyə rəğmən öz missiyamızı sonuna qədər davam etdirdik.

- Türkiyədə indi əskik olan nələrdir?

- Mədəniyyət baxımından hər şey əskikdir. Amma iqtisadi böhran daha əhəmiyyətlidir. Türkiyənin dərhal istehlakçı cəmiyyətdən, istehsalçı cəmiyyətə qayıtması lazımdır.

- Bəs buna nə mane olur?

- Fürsətçilər... 4 milyon suriyalı, Cənub- Şərq sərhədlərimizdəki problemlər. Bəyənməsəm də prezidentimiz haqqında danışmam doğru olmaz. Nə də olsa bizim prezidentimizdir. Şəxsinə olmasa da, vəzifəsinə hörmətim var.

- Babanız da fürsətçilərə, dələduzlara müxalif idi...

- Əgər rokçusunuzsa çöldə bir ağacın budağı qırılsa belə, ona qarşı çıxamlı olduğunuzu bilməlisiniz. Bu bir həyat tərzidir. Müxalif olmanız lazımdır. Bu səs verdiyimiz şəxsə müxalif olmaqla başlayır.





Günel Musa
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər