Əli Həsənov ləğv olunan şirkətləri barədə: “Fəaliyyətləri yox idi”

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus ləğv ediləməsilə bağlı yayılan informasiyaya münasibət bildirib.

"Bakupost.az" xəbər verir ki, o, qeyd olunan şirkətlərin heç birinin fəaliyyəti olmadığını bildirib: “Faktiki olaraq heç bir ictimai yükü olmayan, lakin mənim adımı xüsusi qeyd edərək, məlumata sensasiyalı bir yük verdiyi material kütləvi şəkildə tirajlanır. Əslində, bu materialda Vergilər Nazirliyinin yaydığı adi bir elandan başqa heç nə yoxdur. Nazirliyin öz xətti ilə xidməti məlumat kimi yaydığı həmin elanda söhbət ayrı-ayrı vaxtlarda mənə yaxın şəxslər tərəfindən qeydiyyatdan keçirilmiş strukturların, hazırda heç bir fəaliyyət göstərmədiyinə görə bağlanması haqqında müraciətindən gedir”.

Qeyd edək ki, “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.