Ru
13:08 / 06 Avqust 2020

Əli Rza Xələfliyə açıq məktub və yaxud "qaya parçası hələ də dağdan yuvarlanır"

14400
Hörmətli Əli Rza Xələfli!


İyulun 22-dən- Azərbaycan mətbuatının yaranma günündən bu barədə yazmaq istəyirdim. Yalnız bir səbəbdən-təvazökarlıqdan uzaq görünəcəyini göz altına aldığımdan tərəddüd edirdim. Belə ki. yazacağım yazı daha çox öz üzərimdə fokuslanacaqdı. Ancaq Sizin Facebook (fb) platformasında bu günlərdə jurnalist Nəzirməmməd Zöhrablıya ünvanladığınız səmimi və təbii məktubunuzu oxuyarkən başqa bir fikriniz- əməkdar jurnalist adı alanlarla bağlı rəyinizlə də rastlaşdım. Rastlaşdım ona görə deyirəm ki. mən bir çox səbəblərdən fb şəbəkəsinə meyilli deyiləm. Əsla, əleyhinə də deyiləm, əksinə, funksionallığını çox yüksək dəyərləndirirəm.Yalnız “özünüsenzuranın” olmamasını və ifrat fərdiyyətçiliyi bəyənmirəm. Əlbəttə, ictimai platformada ictimai təfəkkür üstünlük qazanmalıdır. O da var ki, adıçəkilən virtual məkanda hər kəsin səviyyəsinə uyğun öz əhatə dairəsi vardır. Bu baxımdan sosial şəbəkələr təqdirəlayiqdir. Yenicə əməkdar jurnalist adı alanlarla bağlı (əlbəttə, bəziləri nəzərdə tutulur) Sizin orijinal münasibətinizlə də fb səhifənizdə tanış oldum. Yazırsınız: “Milli Mətbuat günündə Prezidentin imzasını almış jurnalistləri Dövlət İmtahan Mərkəzinin bir salonuna yığıb, Qarabağ haqqında bir səhifəlik inşa yazı tapşırığı verəsən... Tələb: yazmayan bayıra çıxmayacaq. Çıxan olar, ancaq neçəsi?!”

Əzizim Əli Rza müəllim, həmişə olduğu kimi, necə də sərrast və dəqiq atəş! Əhsən sizin mühakimə və məntiqinizə! Ancaq Siz bu təklifinizlə yenicə əməkdar olmuşları (əlbəttə, onların içərisində, az da olsa, layiq olanlar var, əminəm ki, bunu Siz də səmimi etiraf edərsiniz) çətinliyə salırsınız. Mən isə daha asan bir təklif edirəm. Onları (yenə təkrar edirəm bəzilərini çıxmaq şərti ilə) bir otağa yığıb qarşılarına qələm- kağız ( Yalnız ona əminəm ki, onların kompüter bacarıqları kifayət qədər geniş olar) qoyasan və deyəsən ən çox sevdiyiniz mövzuda bir inşa (yazı) yazın. Bir çoxlarının nəyə qadir olduqları çox asanlıqla bilinər.

Əli Rza müəllim! Doğrusunu deyim ki. mən fəxri adların verilməsini daxilən istəməmişəm, bu barədə fəxri ad almış bir şəxs haqqında yazdığım məqalədə də epizodik şəkildə olsa da fikrimi ifadə etmişəm. Həmişə olduğu kimi, bu məqamda da səmimi olacağam. İllərdir ki, dost-tanış məni fəxri ad almağa təhrik edir, hər dəfə fəxri ad almış jurnalistlərin siyahısı dərc olunanda məni qınayırlar. Bu dəfə də söhbət təzələndi. Dost-tanış bu dəfə də mənə fəxri ad almağı təklif etdilər. Dedilər ki, siyasi atmosfer yenilənir, ictimai-siyasi-ideoloji iyerarxiyada nəzarətçilər dəyişib... Mən də “dəstədən geridə qalmamaq üçün” tənbəllik etmədim, fərdi qaydada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Mətbuat Şurasının sədrinə müraciət etdim. Ona görə fərdi qaydada müraciət etdim ki, bəzi alim diplomu daşıyan nadanların ucbatından bir neçə ildir işləmirəm. Müraciətimdə konkret olaraq Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adının verilməsini rica etmişəm. Onu da qeyd edim ki, rəsmi müraciətimə əmək fəaliyyətimi və yaradıcılığımı təsdiqləyən sənəd və sübutlar da əlavə olunmuşdur. Rəsmi müraciətimlə bağlı Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından bildirdilər ki, müraciətim baxılmaq üçün üç müvafiq şöbəyə verilib. Mətbuat Şurasından isə öyrəndim ki, siyahıda səksən beşinci (!) adamam. Mətbuat Şurasının hansı meyarlara istinadən siyahı tərtib etdiyini deyə bilmərəm, əlifba sırası, yoxsa başqa şərtlərə əsaslanıblar. Yəqin ki, bu, önəmli deyil. Önəmli olan Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında hazırlanan siyahıdır. Onların hansı meyarlar əsasında “əməkdarları” saf-çürük etdiklərindən, çoxları kimi, mən də xəbərsizəm. Təvazökarlıqdan uzaq qəbul olunmasın, mən rəsmi müraciətimdə on ədəbi-bədii-publisistik və bir elmi kitabımın adını, nəşriyyat göstəricilərini və Azərbaycan dilinin saflığının qorunması, onun orfoqrafiyası, kütləvi informasiya vasitələrində yol verilən dil qüsurları barədə vaxtaşırı dərc olunmuş məqalələrimin çap və elektron mediadakı ünvanlarını diqqətə çatdırmışdım. Qeyd etdiklərim ”əşyayi-dəlil”lərdir. İndi adam soruşmaq istəyir: görəsən, bir çox əməkdarların siyahıdakı quru adından başqa, üzə çıxartmalı nələrisə varmı? Bir neçə nəfər istisna olmaqla, əksərinin imzasına belə rast gəlinməyib. Bəzilərinin ad, soyadını belə birinci dəfə eşidirdim. Əminəm ki, çoxları da mənim kimi, bu ad, soyadları eşidəndə, ən azından, təəccübləniblər. Səhv etmirəmsə. yeni əməkdarların sayı 25-30 nəfərdən çox olardı (yenidən internet axtarışı verib saylarını dəqiqləşdirmək istəmirəm), ancaq çoxları kimi mənə də onlardan altı-yeddi nəfərinin imzası tanış gəldi. Dəqiqləşdirə bilmədiyim məlumata görə, əməkdar jurnalist fəxri adını alanların çoxu müxtəlif qurumların –nazirlik, komitə, idarə və müəssisələrin mətbuat xidmətində çalışanlardır. Cəsarət Valehovdan başqa, heç birinin imzasına mətbuatda rast gəlməmişəm. Axı təkcə mən yox, geniş ictimaiyyət onları tanımalıdır. Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülən şəxsi qiyabi də olsa bütün ölkə tanımalıdır. Onları tanımamağımızın günahkarı bizlər yox, özləridir. Mən mətbuat xidmətində çalışan qələm əhlinin fəxri ad və mükafat almasının əleyhinə deyiləm. Haqqı olana halaldır. Cəsarət Valehov kimi vaxtilə çap mediasında araşdırma yazılar yazmış və telekanallarda analitik verilişlərin müəllifi olan şəxsə nə deyə bilərik. Bu məqamda onu da deyim ki, son illər dövlət qurumlarının, o cümlədən idarə və müəssisələrin mətbuat xidməti nüfuzlu bir iş sayılır. Belə olmasaydı, telekanallar sayəsində tanınmış aparıcılar mətbuat xidmətinə can atmazdılar.Yeri gəlmişkən, bir məsələyə də münasibət bildirməyi vacib saydım. Son vaxtlar telekanallarda dinləyicilərin gözlərini yağır edənlərin ucdantutma hamısı media tərəfindən cəmiyyətə “tanınmış jurnalist” kimi təqdim edilir. Telekanallarda hər gün görünənlər tanınmış jurnalist ola bilməz. Bu ifadəni işlədənlər tanınmış sözünün leksik mənasını, çox güman ki, bilmirlər. Unudurlar ki, tanınmış sözü məşhur və görkəmli sözünün sinonimlərindəndir. Qayıdaq mətbuat xidmətinə. Cəmiyyət üçün informasiya çox vacibdir. Bu baxımdan mətbuat xidmətini dolayısı ilə jurnalistikanın informasiya sahəsi ilə əlaqələndirmək olar. Onu da qeyd edək ki, mətbuat xidmətindən daxil olan informasiyalar redaksiyalar tərəfindən müvafiq redaktə və korrektə işinə məruz qalır. Etiraf edək ki, mətbuat xidmət(lər)ində yaradıcılıq yoxdur.( Mətbuat xidmətində çalışan şəxsin fərdi yaradıcılığı müzakirə mövzusu ola bilməz).

... Heç nə dəyişmədi, əvvəlki illər hansı meyarlarla fəxri adlar verilirdisə, bu il də eynilə oldu. Bu cümlələri yazarkən yadıma bir neçə il əvvələ qədər kimə gəldi verilən “Qızıl qələm” mükafatı düşdü. Əfsuslar olsun ki, sovet dönəmində yetərincə nüfuzlu sayılan “Qızıl qələm” mükafatını ötən onilliklərdə yolun qırağında duranlara belə verdilər. Sovet vaxtı necə verildiyini dəqiq bilməsəm də, ədalət naminə onu deməliyik ki, bu mükafat “əli qələmtutanlara” verilirdi. Müstəqillik illərində isə bu mükafat “qələmi olmayanlara” paylanıldı. Onu da deyim ki, bu mükafatı verənlər bu sətirlərin müəllifinə dəfələrlə təklif etsələr də, nümayişkaranə formada ondan imtina etmişəm. Bunu təsadüfən xatırlatmadım. Fəxri adlarla bağlı ənənə bu cür davam etdirilsə, az-çox qalan nüfuzu da ayaqlar altına atılacaqdır. Çünki hər şeyin adiləşməsi onun nüfuzdan düşməsinə, sonda onun məhvinə gətirib çıxarır.

Əzizim Əli Rza müəllim! Sizin qeydinizi oxuyanda bu dünyanın işlərinə bir daha təəssüfləndim. Nədənsə, həyatda həmişə belə olub. Bunun belə olduğunu bizdən əvvəl yaşayanlar da dönə-dönə yazıblar. Yəqin, bunda da bilmədiyimiz bir “qanunauyğunluq” vardır. Bu rəhmsiz dünyada qabiliyyətsiz, istedadsız insanların işləri daim avand olub, ömür-günləri daha xoş keçib. Təəssüf ki, adətən. həyatda kütbeyinlər qalib gəlir, daha çox onlar istədiklərinə nail olurlar. Səbəb, deyəsən, məşhur rus şairi Yevgeni Yevtuşenko dediyi qədər sadədir :” İstedadlının bir yolu, istedadsızın isə min bir yolu var”.

Əminəm ki, diqqətli və hazırlıqlı oxucular bu yazını mədhnamə yox, əslində, bir şikayətnamə kimi qəbul edəcəklər. Əli Rza Xələflini görməmək mümkün deyil. Əgər kimsə qəsdən gözünü yumub görməməzlikdən keçirsə, bu başqa məsələ. Bu sosial-psixoloji yanaşmanın izahını, indi mən deməsəm də, hamı bilir və məqamında da cavabını hər kəs verə bilər. Onun publisistikası çağıran və cəlbedən bir publisistikadır. Tam məsuliyyətlə deyirəm ki, Ə.R.Xələflinin publisistikası Azərbaycan publisistikasının qızıl fonduna daxildir. Onun publisistikası S.Rüstəmxanlının, S.Sərxanlının, V.Bəhmənlinin, N.Veysəlli və başqalarının publisistikası ilə bir cərgədə durmağa layiqdir. Bir daha təkrar edirəm: Əli Rza Xələflini görməmək mümkün deyildir. Əksinə , o, çox uzaqlardan görünən və uzaqlara gedən bir yazardır.

Əzizim Əli Rza Xələfli (Əzizli Əlirza Zal oğlu) doğrusu, kitablarınızın sayını itirmişəm. Səhv etmirəmsə, 50-dək kitabınız nəşr olunmuşdur. Ədəbi imzanızı istedadınızla çoxdan təsdiqləmisiniz.

Siz uzun illərdir yazıb yaradırsınız. Onu da qeyd edim ki, yaradıcılığa necə ilham, ehtiras, coşqu ilə başlamısınızsa, hələ də eləcə davam edirsiniz. Bu da Tanrı işidir. Sözünüzün dadı dəyişməyib, rəngi bozarmayıb. Xiridarlar bilirlər ki, sözün də dadı və rəngi var. Sözün qarası, ağı , hətta bozu da var. Xoşbəxtlikdən yazılarınız içərisində “boz” yazı yoxdur. Hər bir esseniz, oçerkiniz rənglidir. Özü də öz rəngində, özünəməxsus üslubda. Mən tam məsuliyyətlə deyirəm ki, Siz bir məktəb yaratmısınız. Mənim bu fikrimdə heç bir mübaliğə yoxdur. Bu həqiqəti xiridarlar və ədalətli insanlar sidq ürəkdən təsdiqləyərlər. Belə deməyə uzun illərdir Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına xidmət edən “Kredo” qəzetinin varlığı, onun keçdiyi tarixi yol əsas verir. Bəli, “Kredo” bir məktəbdir. Bu məktəbin də şəriksiz yaradıcısı Sizsiniz. Sizi necə görməmək olar?! Bilmirəm, Siz bir baş redaktor kimi rəsmi qurumlara fəxri ad almaq üçün müraciət etmisiniz, ya yox?! Əslində, əlaqədar qurumların rəhbərləri, onların əməkdaşları Sizi görməlidirlər. Bundan başqa, bir məsələyə də çox təəssüflənirəm. Bu uzun illər ərzində Sizi bu ölkənin nüfuzlu və səlahiyyətli yazarları , yaxud mənsəb və rəyasət sahiblərindən biri görmədimi?! Onu da etiraf edək ki, Azərbaycan insanı, Azərbaycan ziyalısı çox dəyişib. Çoxları özlərində olan bir çox insani dəyərləri kənara tullayıblar ki, özlərinə baş ağrısı gətirməsinlər... Yazılmalı çox şey var, amma indi yazılanlar da çoxlarına heç təsir etmir, qəlblərini riqqətə gətirmir...

Əli Rza müəllim! Tanrısevər insanların içində həmişə bir inam yatır. Onlar ən çətin məqamlarda belə düşünürlər:” Hər şeyin doğrusunu Allah bilir. Bəlkə, bu gün belə olmağı məsləhətdir” Səni ( bu məqamda siz yox, sən daha uyarlıdır) yaxından tanıyan biri kimi bilirəm ki, Sən həyata, bu dünyanın gərdişinə fərqli (özü də çox fərqli) yanaşan bir insansan. Səni tanıyanlar mənimlə həmfikir olarlar ki, sən hər şeydə məntiq gəzən, hər şeyə məna verən bir insansan.

“Qaya parçası hələ də dağdan yuvarlanır”. Bu cümləni nəhəng fikir daşıyıcısı sayılan Alber Kamyunun Sizif haqqındakı pritçasından iqtibas etmişəm. Sizifin dağın zirvəsinə qaldırdığı qaya parçası dərənin dibinə yuvarlanır, ancaq onu əzab-əziyyətlə yenidən dağın başına qaldıran Sizif mənən rahatlaşır. Yazı işi də (yaradıcılıq) əslində elə Sizif işi, Sizif əməyidir. Ancaq onun yaradıcı şəxsə bəxş etdiyi ruhi qidanın əvəzini heç nə verə bilməz.

Əli Rza müəllim! Yaxşı bilirsiniz ki, əsas məsələ fəxri ad almaq, orden-medalla təltif olunmaq yox, yazıb yaratmaqdır. Şükürlər olsun ki, onu da YARADAN Sizdən əsirgəməyib. Sizə uğurlar diləyi ilə,


Hörmətlə, XEYBƏR GÖYYALLI
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər