Elinanın kürəyindəki əl izimiz

3801

 

 

Orta məktəbdə dərs deyirdim. Səkkizinci sinifdə oğlanlar və qızlar təxminən eyni sayda idi. Hər biri orta səviyyədə oxuyur, dərsdən qalmırdılar. Bir gün səs saldığı üçün qızlardan birini sərt cəzalandırdım. 15 yaşlı qızcığazı sinifin küncündə bir neçə dəqiqəlik tək ayağı üstündə saxladım.

 

 

Tənəfüs vaxtı həmin qızı məktəbin həyətində oynayan, atılıb-düşən uşaqların arasında görmədim. Açığı, ona verdiyim cəzaya görə peşiman idim. Həyətdə görməyəndə daha çox narahat oldum. Heç kimə bildirmədən axtarmağa başladım. Pəncərədən onların sinfinə boylananda gördüklərimə çaş-baş qalmışdım. Qızcığaz sinifdə tək oturub hansısa bir kişinin şəklinə baxır və sakitcə ağlayırdı.

 

 

O gün, elə o saatda mən nəsə etməliydim. Amma nə edəcəyimi bilmirdim. Çarəsiz halda çıxış yolu axtarırdım. Müəllim yoldaşlardan öyrəndim ki, həmin şagirdim körpə vaxtı atasını itirib. Anası başqası ilə ailə həyatı qurub gedib. Onu nənəsi saxlayıb. Kimsə onun xətrinə dəyəndə atasının şəklinə baxıb, eləcə ağlayır. Bu sözləri eşidəndə bütün məktəb başıma fırlandı. Sanki boğazımda udqunduqca böyüyən tikə qalmışdı.

 

 

Onların sinfinə növbəti dərsi də mən keçəcəkdim. Sinfə girən kimi ilk həmin şagirdimə nəzər saldım. Heç nə olmamış kimi sakit oturmuşdu. Dərsə başlamamışdan qabaq onun ayağa qalxmasını istədim. Qorxa-qorxa ayağa qalxdı. Öncəki dərsdə hər kəsin qarşısında ona verdiyim kobud cəzaya görə peşiman olduğumu bildirdim və ondan üzr istədim. Yenə də sakitcə ağlamağa başladı. Mən isə uşaqların qarşısında ağlamamaq üçün beş dəqiqəlik sinfi tərk etdim.

 

 

Sonralar fikir verdim ki, bütün uşaqlar o qıza hörmətlə yanaşır.

 

 

Mən iki azyaşlı qız atasıyam. Qız uşaqlarının necə zərif, həssas olduğunu bilirəm. Onlar evdə və ya məktəbdə hansısa xırda hadisənin də təsirinə düşürlər. O təsirləri biz valideynlər və müəllimlər yaradırıq. "Uşaqdır” deyib keçirik. Ancaq fərqində deyilik ki, bizim kobud hərəkətlərimiz onların psixologiyasında ağ kağızdakı ləkə kimi qalır. Böyüklər kimi düşünsək də uşaqlar və yeniyetmələrlə onların yaşına enib, onların dilində danışmalıyıq.

 

 

Ölümlə həyat arasında sadəcə, bir pəncərə var. Elina çox sakit halda, hər gün evdən çıxıb dərsə gedirmiş kimi pəncərəni açıb özünü atır.

 

 

Əslində, o, özünü atmır. Onu biz böyüklər, biz müəllimlər itələyirik. Düzdür, fiziki cəhətdən ona toxunmuruq. Amma əllərimizin psixoloji izini o, öz kürəyində məzaracan aparıb.

 

 

Elinanın ölümündə onun oxuduğu məktəbin direktoru və müəllimləri günahkardısa, bütün ölkə müəllimləri də günahkardır. Hər gün bu cəmiyyətdə onlarla Elinalar intihar edir. Onlar öz canlarını götürüb müəllimlərin əlindən qaçır. Çünki biz onlar üçün sadəcə kitab funksiyasını daşıyırıq. İnformasiya yüklü fləşkart kimiyik. Şagirdlərimizlə dost ola bilmirik. Buna görə də mən etiraf edirəm, öz vicdanım qarşısında, şagirdlərim qarşısında, qızlarım qarşısında, bütün Azərbaycan xalqı qarşısında etiraf edirəm ki, Elinanı mən öldürmüşəm.

 

Elşad Barat



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər