Ru
13:13 / 05 Avqust 2019

Elm, yoxsa sənət... - Biz hansına daha çox inanaq?

3020
                            

Tural İsmayılov


Çox qəribə mənzərədir: yaxşı musiqi bəstələnir, amma bəstələyənin not bilgiləri ya çox kasaddır, ya da ümumiyyətlə, notlardan anlamır; güclü rəssamdır, zövq oxşayan sənət əsərləri yaradır, amma kültürün nəzəriyyəsindən heç nə bilmir... Yaxşı şeirlər deməyi bacaran bir nəfər düşünün, bəlağət yerində, səs yüksək səviyyədə, amma nə ədəbiyyat tarixindən başı çıxır, nə ədəbiyyatın özünü oxuyur.... 


Bəlkə də adi haldır, çünki hər birimizin ətrafında kifayət qədər tanıdığımız belə insanlar var. İncəsənətə xidmət missiya deyil, mahiyyət anlaşılmır, yaratdıqları şeylərin dəyərini bilmirlər, amma hamının xoşuna gələn əsərlər ortaya çıxara bilirlər. Aktual problem də buradan ortaya çıxır və "elmin uzaq qaldığı yeganə sahə incəsənət ola bilərmi” sualı müzakirə mövzusuna çevrilir. Əgər həqiqətən sənət üçün elm mütləqdirsə (bütün pozitivist filosoflar bu fikiri müdafiə edirdi), o zaman nəzəri əsasların yaxınından keçməyən neçə təsirli sənət nümunəsi yaratmaq olar? Freyd arxetiplərini analiz edən çağdaş psixoanalitiklər belə qənaətə gəlir ki, bilginin bazası heç də əsas deyil, estetik duyumun kökündə istedad dayandığı kimi, incəsənətin müxtəlif sahələrində olan tərpənişlərin ortaya çıxmağında da istedad əsas rol oynayır. 


20-ci əsrin ilk yarısına qədər nə fəlsəfədə, nə də kulturologiyada insanlar elmin qarşılıqlı əlaqəsini müdafiə etmirdilər, o dövrdə insanların siyasi səhnədən hayqırtıları, polemika mövzularındakı tələbatı, mətbuatın bir mənalı formada ikinci dərəcəli məsələlərə fokuslanmağı lazım olan müzakirələrdən diqqəti yayındırırdı, Qərb mətbuatı tibb və astronomiyaya daha çox maraq göstərir, sənətşünasların tədqiqatlarının müzakirəsinə yer ayırmırdı. 

Estetika və fəlsəfənin bir-birindən ayrı bir şey olmadığını müdafiə edən fikir adamları belə, daha diqqət çəkən mövzulara yönəlirdi. Boşuna deyil ki, Sartr özünə qədərki dövrü istedadsız insanların əllərinin arasında itən vakuum hesab edirdi. 


Öz sahəsində kifayət qədər tanınmış olan hansısa rəssam mətbuata açıqlamasında incəsənət elmi ilə bağlı az məlumatlı olduğu üçün çəkdiyi tablonun dəyərinin də şüurda avtomatik olaraq kiçildiyini bildirmişdi. Leybnits insan beyninin qiymətləndirici meyarında bütövlük tezislərini heç bir halda inkar etmirdi. Şeirlərini bəyəndiyimiz şairin şəxsiyyəti bizdə pozitiv mənzərə yaratmasa, qətiyyən sonrakı yaradıcılıq məhsullarına nəzər yetirməycəyik. Bunun əksi mümkün deyil. Səs tembri mükəmməl olan hansısa sənətçinin efirlərdə bayağı davranışları o qədər iyrəndirici ola bilir ki, avtomatik olaraq onun bütün musiqilərinə layiq olduğu estetik qiyməti verə bilmirik. Estetika beyinə, sənət bilgiyə, qiymətləndirmə mənzərəyə və təsəvvürlərə həmişə uduzur. 

Baxın, bu gün Qərb mass-kult ənənələrinə daha sadiqdir. Baxmayaraq ki, Amerikada Selinceri hamı tanıyır, Alan Ginzberqin adı məlumdur, amma indiki dövrdə adi video portallarda statistikaya nəzər salanda hansısa müğənninin, yaxud porno ulduzun müsahibəsi ədəbiyyat və fəlsəfə adına olan müzakirələrdən daha çox baxış sayına malikdir. 


 


Əlbəttə, Karl Saqan istisnasını da nəzərə almaq lazımdır. Dediyim odur ki, fərqi yoxdur, dünyanın harasında olmağından asılı olmayaraq, insanlar sənətdən daha çox şounu, elmdən daha çox konspirologiyanı, bilgidən daha çox mistikanı sevir. 


Bertran Rassel insanın şübhə duyma meyarlarını bəşəriyyətin ən qədim dövrlərindən bu yana keçdiyi inkişaf yolu hesab edirdi. Homo-Sapiensin formalaşmağı da skeptikadan törədi, ətraf aləmi tədqiq edən insan təfəkkürü genişləndi, gördüklərinə və duyduqlarına şübhə etmək insanda onun üçün suallarla dolu olan nüansları tədqiq etmək istəyini yaratdı və nəticədə insanlar adi xəstəliklərdən ölmədi, texnika sonsuz yeniliklərlə sərhədlərini aşdı, elmi-texniki tərəqqi dayanmayan proses halını aldı. Öyrənmək özü mərhələli proses olduğundan ona yanaşma da pillələrə bölündü, əvvəlcə şübhə, sonra maraq, daha sonra tədqiqat, təsəvvürlər və bilgi formalaşdı və çılpaq həqiqət buradan ortaya çıxdı. Hansı ixtisasa sahib olmağından asılı olmayaraq, fərdin özünü təsdiqləməsinin yeganə meyarı bilgi və dünyagörüş oldu. 


Tutaq ki, klassik yanaşmalarda canlı varlıqların arasındakı fərqlər bir neçə mərhələlər üzərində izah olunur. İnsanın heyvandan əsas fərqi kimi şüur əsas sayılırdı. Amma 1950-ci illərdən sonrakı dövrə məxsus olan fəlsəfədə insanın heyvandan fərqi faydalılıq prinsipləri ilə izah olundu və nəhayət, kosmik yaradılış nəzəriyyələri formalaşdı. Bundan başqa, heyvan ətrafdakı gözəlliklərdən zövq almaq iqtidarında deyil, insan isə ətrafın gözəlliyini anlaya bilir, buna görə, Şpenqler və bir çox tarix fəlsəfəçisi insanın heyvanla fərqlərinin izahında estetik meyarları da ön plana çəkdi. 

 



Bilgi və gerçəklik bir-biriylə daha sıx bağlıdır, amma sənət və duyğular arasında arasıkəsilməz əlaqə mövcudddur. 

Məşhur rəssam Vinsent Van Qoqun "Sent Reminin zeytun ağacları” tablosu haqqında Maurisyo Pradines yazır: "Optikanın mövzusu işıq, akustikanın mövzusu isə özgür səsdir. Eləcə də sənət üçün mövzu reallıq və qeyri-reallıqdır. Van Qoqun bu tablosunu seyr edəndə gerçək zeytun bağında aldığım hissdən fərqli bir duyğuyla yükləndim. Gerçək zeytun ağacı məni ən yaxşı halda onları seyr etməyə və ağac altında yaxşı bir nahar yuxusuna dəvət edir, amma bu rəsm zirvəsi məndə daha artıq hisslər yaratdı”.

  

Yunan zövqçülük fəlsəfəsi hedonizmin bizə təqdim etdiyi nəticə də eyni şeyi deyir, görünən şeylərdən daha çox izah olunan, təsvir olunan və təqdim olunan şeylər daha zövqvericidir. Bilgi sənətdən fərqli olaraq sadəcə hisslərə köklənmir, bilginin dayandığı nöqtə ağıl və təfəkkürdür. 

İncəsənətin hisslərə yönəlməsi həm də onunla bağlıdır ki, bilgidən fərqli olaraq sənət üçün əbədilik eqosu həmişə labüddür. Yaradıcı insanlar öldükdən sonra özlərindən nəsə saxlamaq və tarixin kandarından öz adını içəri daxil etmək istəyirlər. 

 

Elm isə heç vaxt əbədiyyət arzulamır, o, uzaq başı insanın ömrünü uzatmağa çalışır, amma elm anlayır ki, əbədiyyət dünyanın nizamına və yer kürəsinin varlığına da təhlükədir. Düzdür, indi bəzi qeyri-rasional elm adamları insanı ölümdən xilas etməyin yollarını axtarmağa cəhdlər edir, amma ciddi elmi kuluarlar heç vaxt bu məntiqsiz cəhdləri dəstəkləməyəcək. 

 

Puankare elm adamının da əslində bir sənətkar qədər estetik məqsədə malik olduğunu söyləyir. Bunu da belə izah edir, musiqiçi kimi bioloq da öz yaratdığı yeni nəzəri bilginin daha cəlbedici olmağına çalışır, çünki insan üçün din və sənət həmişə elmdən daha cəlbedici görünür. Bilgi kollektiv şüurun məhsuludur, təkin irəli sürdüyü fikirlərin mütləq ümumi müzakirəsini tələb edir. Amma sənət daha fərdi bir anlayışdır. 

Kloud Bernard deyirdi, sənət mənəm, elm isə biz.

 

 Elm insanı həyatdan mexanikaya keçməyi həmişə sevir. Sənət adamı isə hadisələrə yanaşmada sintez metodundan istifadə edir. O, hadisələrin bütövlüyünə hörmət edir, hissələri birləşdirərək vahid bir görüntü platforması yaratmağa nail olur. 

 

Təbii ki, ortaya haqlı bir sual da çıxa bilər. Əgər incəsənətlə məşğul olan insandan dünyagörüş tələb olunursa, niyə bilgi insanından estetik duyum tələb olunmur? Bu suala alimlər müxtəlif cavablar verə bilər, ziddiyyətli mövqelər də mövcuddur. Məsələn, Spenser elm insanının ancaq öz ixtisasının sənətkarı olduğuna inanırdı, amma ondan fərqli olaraq, Eko hesab edir ki, estetikasız bilgi yarımçıqdır, təsirsizdir və yayılma arealı da nəticədə çox qısa olacaqdır. 

Əslində, elm və fəlsəfə, elm və ədəbiyyat, elm və incəsənət müzakirələri aparan bütün fikir adamlarının istəyib-istəməməsindən fərqli olaraq, gəldiyi qənaət də budur - incəsənət və elm bir-birindən ayrı deyil. 

Elmin heç vaxt populyar olmadığı cəmiyyətlərdə ən böyük problem ondan ibarətdir ki, bilginin kütlədə dəyər qazanması üçün əməli-praktiki addımlar atılmayıb. 

 

Halbuki, həm bilginin, həm sənətin verdiyi faydalardan yararlanaraq daha savadlı, daha cəsur, daha möhkəm sosial institutların əsasını qoymaq olardı. 

  Elm, yoxsa sənət... -  Biz hansına daha çox inanaq?
  Elm, yoxsa sənət... -  Biz hansına daha çox inanaq?
  Elm, yoxsa sənət... -  Biz hansına daha çox inanaq?
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər