Ru
08:53 / 25 Avqust 2021

Ən uzun bir bazar günüm - Gədəbəydə Şahbaz Xuduoğlunun başına iş gəldi

14620
Şahbaz Xuduoğlu

Bakı-Qazax yolu. Yolda qarşına çıxan bütün yanacaqdoldurma məntəqələri və kafe-restoranların yanında bir reklam lövhəsi asılıb – “Asan Həyat 10km” . Yevlax ərazisində yerləşən “Asan xidmət” də daxil olmaqla, böyük bir kompleksdə restoran, kafe, uşaq əyləncə mərkəzləri − bir sözlə, yolüstü nəfəs alıb dinlənmək üçün bütün şəraiti olan bir mərkəz.


Reklam lövhələri “gəl, gəl” deyir, mən də onun çağırışına gedirəm. Amma tam başqa − nə bu yerin, nə də yolçuların xüsusiyyətinə uyğun − mənzərə ilə rastlaşıram. Yerə döşənən bahalı mərmərlər, əsasən, şüşə və dəmir konstruksiyada tikilən bina, həqiqətən də, uşaqların diqqətini cəlb edə biləcək geniş ərazidə yerləşən uşaq attraksionları və s. Amma burada insan yoxdur, səbəb də bəllidir. Heç bir yolçu “Asan Lounge”da uzanıb qəlyan çəkməyəcək, yaxud bahalı binanın içinə daxil olub bir mərci supu sifariş verməyəcək.

Kim tikib? Bu layihənin rəhbəri hansı təşkilatdır, bunu bilmirəm. Amma görünən odur ki, dövlətin pulunu geninə-boluna xərcləyiblər. Adam burada bir dəqiqə belə ayaq saxlamaq istəmir, tək ona görə yox ki tualetlərin üfunəti bütün ətrafı bürüyüb, həm də ona görə ki, bu tikintinin arxasındakı çirkli niyyət də özünü göstərir. Nəyə görə Bakı-Astara yolunda səhranın ortasında inşa edilən “Hacıoğlu” restoranına adamlar böyük məmnuniyyətlə baş çəkirlər? Ailə, uşaq əlindən tərpənmək olmur. Yüksək servis mədəniyyətinin şahidi olursan. Niyə bu gözəl nümunəni göstərə bilən insanların əməyi mükafatlandırılmır? Əslində, onlara mükafat vermək o deməkdir ki, həmin konsepsiya digər şosselərin üzərində də qurulsun. Deyilsin ki, qardaş, sən bu işi yaxşı bacarırsan, gəl elə Bakı-Qazax yolu üzərində də bu konsepsiyanı yarat.

Şəmkirdən sonra Yasamal dağına qalxan serpantinin uzunluğu 1 kilometrdən çoxdur. Yasamal dağının başında dayananda qarşında Qazax-Kür ovalığı əl içi kimi görünür və hava bir az da açıq olsa, Bakıya qədər göz işləyər. Bu yerlərdə hava da, təbiətin rəngi də fərqlidir. Hava soyuq, ətraf isə yaşıllıq.
Yolum Gədəbəyə doğru idi. Slavyankada “Meh” hotelində yer rezarvasiya etmişdim. Otel Slavyankaya çatmamış yolun solunda yamacda yerləşir. Altından az sulu çay axır. Hoteli görən kimi anlayırsan ki, bu, Yevlaxda tikilən, “Asan Həyat” kompleksinə tökülən “dövlət pulu” deyil. Burada sahibkar zövqü və əməyi var. Hər şey ölçülü-biçili, səliqəli, rəngli. Hotelin binası, çaya enən yamacda qurulan kafe və restoranlar,onun yanındakı kotteclər, kotteclərin qarşısındakı geniş məkanda uşaq əyləncə mərkəzi − hamısı bir harmoniya təşkil edir. Kotteclər hətta günəş işığının hərəkətinə hesablanaraq qurulub. Sonradan öyrəndim ki, həqiqətən də, bu yer bir sahibkara aiddir. Ancaq o sahibkar buranı uzaq bir ölkədən idarə edir. Kottec və otellərin romb şəkilli tikililəri göstərir ki, sahibkar Avropada çox olub. Hətta personal da eyni geyimdə, başlarında çalma, köynək və yay kostyumunda. Administratorlar isə elə öz geyimindədirlər − komandada fərqlənmək istəyirlər. Çayın o üzünə asma körpü ilə keçirsən. 5-6 atlı uşaq sənə gəzməyə öz atını təklif edir. Amma belə arıq, çəlimsiz, acından qarnı belinə yapışmış atları minməyə adamın insafı yol vermir.

Əkin yerində bir cığıra düşüb yoluma davam edirəm. Qarşıdan bir çoban gəlir. Bir sürü mal-qarası var otlaqda. Söhbətimiz alındı. Adı İvandır. “Rus, ya ukraynsan?” sualıma “Bilmirəm”, − dedi. Slavyankada yaşayan ruslar axı çoxdan buranı tərk ediblər. “Ubejali”, − İvan deyir. “Niyə vıqnali vas?”. Deyir: “Yox, sadəcə, əvvəlcə uşaqları getdilər, sonra da özləri uşaqlarının dalınca qaçıb getdilər”. İvan deyir ki, burada 9, 11 rus qala, ya qalmaya. Onların da getməyə yerləri yoxdur. “Bəs sən niyə getmədin?” deyə sualı vermədim. Doğrusu, İvan görkəmində adamı yalnız 100 il əvvəl görmək olardı. Cır-cındır içərisində, pırtlaşıq saç-saqqal, dırnaqlarının arası və əlləri qapqara. Adama elə gəlirdi ki, o bu həyatda heç vaxt su görməyib. “Heyvanlar sənindirmi?” − deyə soruşdum. Deyir, əlbəttə. “Süddən yağdan nəyin var?”. Deyir, onların hamısını buzovlar yeyir və o yalnız balalarını satıram. İvandan rus qəbiristanlığının yerini öyrəndim. Sabahkı proqramıma əsasən, ilk ora getmək və onların 200 il əvvəlki qəbir daşlarına baxmaq istəyirdim.

Axşam düşmüşdü. Slavyankanın ətrafındakı yamaclardan sürülər evə qayıdırdı. Yalnız bir at və it bir-birinə hörüklənmiş halda biçin yerində qalırlar. Hələ də düşünürəm ki, ya at itə görə, ya da it ata görə orada idi...

Axşam yeməyini “Meh” otelində sifariş edirəm – tikə və döymə kabablar, çoban salatı, bir də, əlbəttə ki, Narzan suyu. Sizə məsləhətim: “Meh” hotelində qalın, amma orada heç vaxt yemək yeməyin. “Meh” otelində yeməməklə bağlı daha bir misal – səhər yeməyi hotelin əsas binasında geniş pəncərələri olan salonda verilir. Salon çox da böyük deyildi. Altı nəfər zalın ortasında durub müşahidə aparırdı. Üç-dörd ədəd zoğal, pendir, yumurta götürüb masa arxasında əyləşdim. Çörək boyad olduğundan toxunmadım. Səhər yeməyini bitirənə qədər administrator bir neçə dəfə mənə yaxınlaşıb yemək talonunu istədi. Hər dəfə “Yeməyi bitirim, sonra gətirərəm, yarımçıq saxlamayım”, − deyirdim. Bu talon söhbəti ortaya çıxanda başa düşdüm ki, çox güman, restoranın sahibi buranı Rusiyadan idarə edir. Çünki dünyada yalnız Rusiya hotellərində talonla yemək vermək qaydası mövcuddur. Türkiyə və Avropanın heç bir yerində talon söhbəti yoxdur. Adətən, administrator qapıda durar, sadəcə qaldığın otağın nömrəsini sorar, vəssalam. Yəni “Meh” hotelinin sahibinə dostcasına bir tövsiyəm var: Sən burada − bu fövqəladə, gözəl yerdə muncuq kimi bir hotel yaratmısan. Servisin də ona adekvat olmalıdır. Bunun üçün ilk növbədə bütün qohum-əqrəbanı buradan qov. Türk qardaşlarımızdan bir menecer dəvət et, qoy sənin zəhmətin hədər getməsin.

Slavyankaya Duxoborlar 1844-cü ildə Ukraynanın Zaporojye vilayətindən göndəriliblər. O vaxt o ərazilər də rus çarının tabeliyində idi. Rus çarı kilsələrə dəstək verirdi. Rus xalqını kilsələrə toparlayırdı. Duxoborlar isə kilsəyə tabe olmurdu. Onlara görə, əsl xristianlıq qabırğalar arasındadır, taxtalar arasında yox, ikonalarda yox. Çar məhz bu səbəbdən onları Zaporojeçdən didərgin saldı. Bir dəstəsini də indi mənim olduğum Slavnyankaya göndərdi.
Slavyanka möhtəşəm vadidə salınıb. Dörd tərəfi hündür dağlardır. Bol havası, bol suyu, yamyaşıl otlaqları. Daha insana nə lazımdır ki?! Burada məskunlaşanlar da geniş küçələr saldılar, bir-birinə bənzər evlər tikdilər. Bağ-bağçalarını çiçəklər və meyvə ağacları ilə bəzədilər. Heyvandarlıqla məşğul oldular, əsasən, qaz saxladılar. Oktyabrın sonunda qazları kəsər və evin tavanından asıb qax edərlər. Qış boyu borş bişirib yeyərlər....

Slavyankanın mərkəzi küçəsində Qoşa bulağa ayrılan yolun üstündə bir slavyan evinin yanında dururam. Ətrafındakı alaq evə boy vermir, qapısının üstündə ”satılır” yazılıb. Bu küçədə əlavə bir neçə belə ev görə bilərsən. Qalanların hamısını bizimkilər alıb, köhnə bir slavyan evinin yerində bir-birinin içinə girən 3-4 villa tikiblər. Əvvəlki geniş küçələrdən də bir şey qalmayıb. Küçənin hər iki tərəfində dükanlar tikilib. Dükanların qabağında isə piştaxtalar qoyulub. Üstündə də meyvə-tərəvəz satan kim, ət satan kim... Ovaxtkı Slavyankanı ifadə edə bilən bircə dənə də salamat ev qalmayıb.



Köhnə rus qəbiristanlığına gedirəm. Qəbiristanlığın girəcəyində hündür bir başdaşı qoyulub. Başdaşının üstündə rus dilində yazı var. Yazının bir hissəsi dəmir lövhə ilə örtülüb, oxumaq mümkün deyil. Amma aşağı hissəsini oxuya bildim: “Rodilas 1805 qod. 1845 pereselena v Slavyansk Tbiliskiy quberniyi”.
Slavyanka haqqında oxuya biləcəyim tək yazılı məlumat bu idi. Qəbirstanlıqda, əsasən, meyvə ağacları, bir də yasəmən çiçəkləri var idi. Qəbir daşlarının üzərində xristianlığa aid heç bir işarə yox idi. Sadəcə qəbir sahibinin adı, doğum və ölüm tarixi, vəssalam.

Qəbirstanlıqdan çıxıb təpənin üstündə “Duxoborlar”la bağlı bildiklərimi düşüncəmdən keçirirəm. Bir dəfə çar Slavyanka sakinlərini cəzalandırmaq üçün öz ordusunu bura göndərir. Çünki Duxoborların dini inancları izin vermirdi ki, onlar orduya gedib döyüşsünlər. Duxoborluğa görə silah götürmək, döyüşmək, kilsəyə getmək, yeyib-içmək, çəkmək qadağan idi. Bu zaman Tolstoy işə qarışır. Qəzəbli çarın ordusunun əlindən onları Tolstoy xilas edir. Burada yaşayan Duxoborların bir hissəsini Batumidə gəmiyə mindirib Kanadaya yola salırlar. Daha bir Slavyanka Kanadada yaradırlar.


Siz heç görmüsünüz ki, şlyapanın dəmir qotazlı rezin bağı birdən nəyəsə ilişib dartıla və sonra qəfil adamın gözünə dəyə? Bu bax elə həmin an baş verdi. Sanki gözümə raqatkadan çıxan daş dəydi. Zərbdən qıvrılıb yerə çökdüm. Yaxınlıqdakı tibb məntəqəsini nişan verdilər. Şansımdan, tibb məntəqəsinin işçiləri orada idi. Bir-birinə bənzər altı xanım dərhal başımın üstünü kəsdirdi. Xanımların hərəsi bir şey soruşdu. Biri deyir, xaricisən, digəri deyir, bizim dili bilirsən, başqası deyir, səni vurublar, bəlkə, daş dəyib, bəlkə, kiminləsə dava etmisən... Heç kim soruşmur ki, gözün ağrıyırmı? Nəhayət, daha cəsarətlisi yaxına gəlib gözümün ətrafını perekislə sildi və dedi ki, biz buna bir şey edə bilmərik, əzik dərindir, tez Gəncəyə getməlisən.

Hotelə qayıtdım. Yaxşı ki, “ayıq sürücü”nü dərhal tapdım. Şəmkir Mərkəzi Xəstəxanasına gəldik. Bura xəstəxanadan daha çox, Versal sarayını xatırladırdı. Mərmər döşəmələr, geniş foye, bahalı çilçıraqlar tək gözümün diqqətindən yayınmadı. Göz həkimi ikinci mərtəbədə idi. Dərhal müayinə masasına oturdub gözümün dibinə işıq saldı. Dedi ki, sizin gözünüzə qan sızıb və böyük bir kontuziya alıb. Gözünüzün arxasına baxmaq lazımdır. Ora baxmağa bizdə mütəxəssis və avadanlıq yoxdur. Ona görə siz Gəncəyə getməlisiniz. İndilikdə isə doktor ağrını kəsmək üçün gözümə bir neçə damcı dərman tökdü.

Şəmkir Xəstəxanasından çıxanda biz artıq bir yox, iki maşın idik. Yol narahat olduğundan, həkimin məsləhətinə görə, gözüm daha çox ağrımasın deyə, ayrıca maşında rahat getməliydim. Dost-tanışlar isə mənim maşınıma yığışdılar.

Şəmkir xəstəxanasının önündə məni götürəcək maşını gözləməkdəyəm. Beş dəqiqə, on dəqiqə, iyirmi dəqiqə. Nəhayət, maşındakı dostlardan birinə zəng edirəm ki, axı sürücü gəlmədi. Sən demə, adam elə bilib ki, mən öz maşınımdayam, o da maşının arxasınca sürüb gedib.
Axşam saatlarında Gəncə Göz Xəstəxanasına çatdıq. Xəstəxananın baş həkimi Azər doktor və Damət doktor şənbə günü yarım iş günü olmasına baxmayaraq, bizi qapıda qarşıladı. Dərhal müayinə otağına getdik. Uzi keçirildi, gözün arxa hissəsinə baxıldı. Hər iki doktor nəticələrə baxaraq qərar qəbul etdilər ki, əməliyyata gərək yoxdur. Göz damlaları və iynələrlə bərpa etmək olar. Gözüm, demək olar ki, heç nə görmür. Şiddətli ağrı var. Əsas odur ki, düzəlməyəcək bir iş yoxdur. Doktorlardan biri tibb bacısına üzünü tutub deyir ki, bir dekzametazon da vur, bu dərman göz həkiminin əl ağacıdır. Bu deyim gözümün ağrısını xeyli azaltdı.

Şəmkir... 1818-19-cu illərdə kraliça Anna bir qrup almanı bura köçürüb. Almanlar bura kraliçanın şərəfinə “Annenfeld” deyirlər. Hətta o vaxt buradan torpaq sahələri də alıblar. Böyük üzüm, meyvə bağları salıblar, şərabçılıqla məşğul olublar. Kilsə, məktəb, mədəniyyət evləri qurublar. Bu mikro Almaniya həyatına 1941-ci ildə Stalin son qoyur, almanları Qazaxıstana sürgün edir. Həmin yerlərdə bizimkilərin daş villalar ucaltmağına baxmayaraq, alman siluetləri hələ də Şəmkirdə görünməkdədir. Şəhərin bəzi küçələri elə ovaxtkı kimi genişliyini qoruyub saxlayıb. Yol, yoldan sonra piyadalar üçün səkilər. Bəzilərində isə bizim görməmiş zənginlərimiz öz binalarını yolun içinə qədər uzadıblar. “Excelsior” hoteli köhnə rus hərbi bazasının yaxınlığındakı bağda tikilib. Doktor dedi ki, mənə qaranlıq bir otaqda yaxşıca dincəlmək lazımdır. Qaranlıq və səssiz bir otel otağında 12 saat yatdım. Gözəl səhər süfrəsi vardı buranın. Xidmət çox yüksək səviyyədə idi. Dedilər ki, buranın meneceri Türkiyədən gəlib, 2013-cü ildən burada işləyir. Personalın rəftarı, yemək keyfiyyətindən bu, artıq bəlli idi.

Azərbaycan turist ölkəsinə çevrilə bilərmi? Məncə, bunun üçün yerə bahalı mərmərlər, bahalı qapı-pəncərələr, tavana ecazkar çilçıraqlar lazım deyil. Sadə və isti münasibət lazımdır, diqqət və qayğı lazımdır.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər