Ru
13:32 / 01 Dekabr 2021

Erkən nikah - yarım qalmış arzular

22155
Samirə Şükürova11-ci sinifdə təhsil alır.

O deyir ki, keçən il onun 2 sinif yoldaşı təhsilini yarımçıq dayandırmalı olub. Səbəb isə onların ailə həyatı qurmasıdır. Qızların valideynləri onların təhsil almaqlarındansa ailə qurmalarını üstün tutublar. S.Şükürovanın sözlərinə görə, yaşadığı kənddə bir neçə daha buna bənzər hallar olub:

“Kənddə 11-ci sinifə qədər oxuyan qızların sayı çox azdır. Onlar ya ailə qurmağa məcbur edilir ya da valideynlər tərəfindən məktəbə buraxılmayaraq təhsildən uzaqlaşdırılırlar. Amma mən onların taleyini yaşamaq istəmirəm. Valideynlərimə əsas məqsədimin təhsil almaq, ali məktəb tələbəsi adı qazanmaq olduğunu bildirmişəm. Sağ olsunlar ki, onlarda məni başa düşüb. Ən böyük arzum ali təhsil alıb cəmiyyətdə öz yerimi tutmaqdır”.

Övladının savadlı, təhsilli, xüsusilə də ali təhsilli olması və bir şəxsiyyət kimi cəmiyyətdə layiqli mövqe tutması hər bir valideynin ən böyük arzusu olmalıdır. Əsasən də qızların təhsilli, savadlı olmasına xüsusi diqqət yetirilməlidir. Ancaq valideynlərin bir hissəsi qız övladlarının təhsil almasında maraqlı deyillər və onları​ ərə verməklə bu məsuliyyətdən yayınmağı üstün tuturlar. Bu səbəbdən də əsasən regionlarda yuxarı siniflərdə təhsil alan qızların sayında kəskin azalma müşahidə olunur. ​

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakupost.az -a bəzi ucqar rayonlarda qızların təhsilalma hüququndan məhrum edildiyini deyir:



“DİM tərəfindən uzun illərdir ki, qızlarla oğlanların bilik səviyyələri, təhsil almaq imkanları təhlil edilir. Aparılan təhlillər göstərir ki, ibtidai siniflərdə qızlarla oğlanların təhsil alma səviyyəsi bərabərlik təşkil edir. Ancaq 9-10-cu siniflərdə bu bərabərlik 50, 11-ci sinifdə isə 80, hətta 90​ faizədək azalır. Bu gün region məktəblərində qızların təhsildən yayınması faktları mövcuddur. Xüsusən də cənub rayonlarında bu faktlara daha çox rast gəlinir. Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu o deməkdir ki, bu regionlardan olan qızların erkən yaşlarda təhsilalma hüququ əlindən alınır. DİM tərəfindən aparılan təhlillər zamanı məlum olub ki, 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.94 faizini oğlanlar, 46.06 faizini qızlar təşkil edib. 11-ci siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin isə 54.30 faizi oğlan, 45.70 faizi qızlardır”.

M.Abbaszadənın dediyinə görə, qızların 9 illik buraxılış imtahanından sonra təhsillərini yarımçıq qoymasının əsas səbəbini erkən nigahdır:

“Təssüflə qeyd etmək istəyirəm ki, hələ də bəzi valideynlər hesab edirlər ki, qız övladları təhsil almaqdansa erkən yaşda ailə qursa yaxşıdır. Bu məqsədlə də onları məktəbdən, təhsildən uzaqlaşdırıb ailə qurdururlar”.

Azərbaycan qanunvericiliyində nikah yaşı 18 yaş müəyyən edilib. ​ Konstitusiyada qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.​ Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, 18 yaşı bitməmiş şəxslərin nikaha məcbur edilməsi halları üçünsə 3000 manatdan 4000 manatadək məbləğdə cərimə və ya dörd ilədək azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, əvvəllər erkən nigah hallarına Cənun və Şimal bölgələrində rast gəlinirdisə, artıq bu gün Azərbaycanın bütün bölgələrində qızların erkən yaşda ailə qurması halları geniş yayılıb. Təssüflər olsun ki, nikah yaşına çatmayan qızların ailə qurması qanunla qadağan ediləsinə baxmayaraq, erkən nigahların sayı hər il artır. Qızların erkən yaşda ərə verilməsinin bayiskarı isə valideynlərdir:



“Qız övladı 15, 16 yaşa çatan bəzi valideynlər onu oxutmaq əvəzinə ərə verməyi üstün tutur. Ancaq düşünmürlər ki, bu azyaşlı qız hələ tam kamilləşməyib, həyatı dərk etmir, dünyagörüşü tam formalaşmayıb”. ​ B.Muradovanın sözlərinə görə, erkən nigahların qarşısını almaq üçün maarifləndirmə işləri davam etdirilməli, həm qızların həm də valideynlərin erkən nikaha münasibətinin dəyişməsinə nail olunmalıdır: “Maarifləndirmə işləri təhsil müəssisələrində aparılmalıdır. 5-6-cı sinifdən etibarən qız uşaqlarına təhsil almağın, hər hansı bir peşəyə yiyələnməyin vacibliyi təbliğ olunmalıdır. Onlara izah edilməlidir ki, cəmiyyətdə müəyyən mövqe tutmaq üçün qadının təhsilli olması vacib şərtlərdəndir. Təhsil müəssisəsinin rəhbəri, müəllimlər də qızların təhsildən yayınması faktarına qarşı biganə olmamalıdırlar. Şagirdlərin dərsdən yayınması hallarına qarşı öz mövqeylərini nümayiş etdirməli, valideynlərlə söhbətlər aparmalı və mümkün qədər məktəblini məktəbə qaytarmağa çalışmalıdırlar”.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, qızların təhsilindən söz düşmüşkən Hacı Zeynalabdin Tağıyevin bir sözünü xatırlamamaq mümkün deyil:



“Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə". Azərbaycanlı milyonçu, mesenat, ən böyük xeyriyyəçi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev inanırdı ki, təhsilli qız, təhsilli ana olacaq və övladlarına daha geniş imkanlar yaradacaq və onları gələcək həyata daha yaxşı hazırlaya biləcək.​ Bu və bu kimi məsələlər uzun illərdən bəri gündəmdə olmaqla, daim düşündürücü xarakter daşıyıb, müxtəlif izahlarla, yanaşmalarla müşayiət olunub. Dünya Bankının qızların təhsildən kənarda qalmasının ağır fəsadlarını təqdim edən hesabatında da qeyd olunurdu ki, bütün dünyada 6 yaşdan 17 yaşa qədər 130 milyondan çox qız tam orta təhsil ala bilmir. Sənəddə göstərilirdi ki, təhsilin mümkünlüyü qız uşaqlarının sağlamlığına müsbət təsir göstərir. Hesablamalara əsasən, dünya üzrə orta hesabla qızların 89 faizi ibtidai, 77 faizi orta məktəbi bitirir. Əgər bütün dünya üzrə qızların tam orta təhsil alması problemi həll olunarsa, 18 yaşa qədər bağlanan nikahların sayı, eləcə də hədd-buluğa çatmayanlar arasında uşaq doğumu riskləri əhəmiyyətli dərəcədə azalacaq. Digər tərəfdən, bu səbəbdən də doğum səviyyəsi, eləcə də Yer kürəsinin əhalisi azalacaq. Qadınlar üçün tam orta təhsilin mümkünlüyü onların öz sağlamlıqları barədə məlumatlı olmalarına, psixoloji durumlarına müsbət təsir edə, uşaqlar arasında ölüm səviyyəsini 5 yaşa qədər azalda bilər.

Ekspertin sözlərinə görə, dünyada olduğu kimi, Azərbaycanda da qızların təhsildən yayınma hallarına heç də az​ rast gəlinmir.

Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır. Qızların təhsildən yayınması əsasən regionlar, xüsusən də ölkəmizin cənub və şimal bölgəsi üçün daha xarakterikdir. Bir də ki, qızların təhsildən yayınması yox, yayındırılması desək, daha düzgün olardı. İnanmaq olmur ki, hansısa qız öz istəyi ilə təhsildən ayrılsın:

“ Təhsillə az-çox maraqlananlar yəqin bilməmiş deyillər ki, bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə müxtəlif inzibati cəzalar nəzərdə tutulur. Bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə hətta cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir. Ümumiyyətlə götürdükdə isə təkcə qızların deyil, habelə oğlanların da təhsildən yayınma halları təhsilimizin ən ciddi problemlərindən bir olaraq qalmaqdadır. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır. Ən başlıcası isə məktəblərdə nizam-intizam möhkəmləndirilməlidir”.

N.İsrafilov bildirib ki, bu təkcə sırf təhsil məsələsi olmayıb bir sıra mədəni və mənəvi aspektlərə sıx bağlı bir məsələdir. İcbari təhsilə cəlb olunmanın Nümunəvi əsasnaməyə görə, yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biri, həmcinin bir neçə dövlət qurumunun funksional işi hesab etməklə, Nazirliyin bununla bağlı hər hansı təsir mexanizminə malik olmamasını, problemin çözülməsində ictimaiyyətin, medianın roluna ümid bəslənməsini də başa düşmək o qədər də çətin deyil. Çünki şagirdlərin məktəbdən yayınması bir çox sosial, regional, mental, səbəblərlə izah olunur ki, bu da ümumilikdə və bütövlükdə öz kompleks həllini tapmalıdır. Bu məsələdə ictimai qınağın rolu da böyük ola bilər. Hər halda bu kimi taleyüklü məsələnin çözülməsində kimlərin nə dərəcədə məsuliyyət daşımasından asılı olmayaraq təhsildə dövlət siyasətinin həyata keçirilməsinə məsul olan ali icraedici dövlət qurumu kimi Təhsil Nazirliyi əsas yükü öz üzərinə götürməli, əlaqədar qurumlarla birlikdə rayonlar üzrə məktəblərdə mütəmadi olaraq monitorinqlər keçirməli, xüsusilə də, daha çox şagirdləri təhsildən yayınan rayonlara diqqət ayrılmalıdır. İlk növbədə icbari təhsildən yayınmanın metodologiyasını araşdırmalı, əlaqədar qürumların vəzifələri və məsuliyyəti barədə hökumət qarşısında konkret təkliflərlə çıxış etməlidir. Bir halda ki, ali təhsilin hamı üçün əlçatan olmasını hədəfləmişik, deməli hər bir yeniyetmə və gəncimizin xüsusilə də qızlarımızın tam orta təhsilini başa vurmasının, heç olmasa ümumi icbari təhsildən kənar qalmamasının da qayğısına qalmalıyıq”.

Millət vəkili Zahid Oruc hesab edir ki, qızların təhsildən uzaqlaşdırılması yolverilməz haldır:



“Qızları təhsildən uzaqlaşdırmaq yox, əksinə onların yüksək səviyyədə təhsil almasına nail olmaq lazımdır. Çünki qız uşaqları gələcəyin analarıdır. Uşağın tərbiyyəsində, elmə yiyələnməsində qadın çox önəmli rol oynadığı üçün onların savadlı, ali təhsilli olması vacibdir. Əgər biz cəmiyyət üçün layiqli vətəndaş yetişdirmək istəyiriksə, gələcəyin anası olan qızların təhsilli olmasına çalışmalıyıq”.

Qızların çox erkən yaşlarda ailə qurması onların psixologiyasına da mənfi təsir göstərir. ​

Həkim-psixoloq Aybəniz Rüstəmli deyir ki, 14-15 yaşlı qız zahirən böyük görünə bilər. Ancaq o daxilən hələ böyüməyib, tam formalaşmayıb. Bu səbəbdən də erkən yaşda ailə qurmaq qızların psixologiyasına mənfi təsir göstərir:



“Zaman keçdikcə, qayğılar artır, problemlər, çətinlik yaranır. Həyatı tam dərk etməyən, ailənin nə olduğunu tam anlamayan bu qızcığazlar üzləşdikləri vəziyyətlər qarşısında psixoloji sarsıntı keçirir, depressiyaya düşürlər. Daim gərgin olurlar. Ən kiçik bir problem belə onlar üçün böyük görünür və onun öhdəsindən gələ bilmirlər. Qızlar erkən yaşlarda bioloji cəhətdən ana ola bilirlər. Ancaq analıq hissinin, analığın nə olduğunu tam dərk edə bilmirlər. Bu səbəbdən də çox zaman erkən ailə quran qızlarda övlalarına qarşı laqeyidlik, biganəlik müşahidə olunur. Bəzən elə olur ki, illər keçir və 15 yaşında ailə quran qız 20 yaşına çatanda həyat yoldaşının ona uyğun bir insan olmaması qənaətinə gəlir. Həyat yoldaşını, ailəni qəbul etmir, problemlər, münaqişələr yaranır. Uzun müddət vadam edən narazıçılıq, söz-söhbət sonda ailənin dağılması ilə nəticələnir. Erkən nikahların sonradan çox sayda fəsadları çıxır.​ Bu səbəbdən də valideynlər bu fəsadları öncədən nəzərə alıb qızları erkən nigaha məcbur etməməlidirlər”.

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.

Sevinc
BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər