Ru
17:45 / 29 Sentyabr 2020

Ermənistan Azərbaycana niyə hücum etdi? - “Hürriyyət” qəzetinin ŞƏRHİ

8774

Türkiyənin “Hürriyyət” qəzeti

Azərbaycan Ermənistanın növbəti hücumuna məruz qalıb. Biz də bu hücumu ürəyimizin dərinliyində hiss edirik. Çünki o, eyni zamanda bizə hücumdur. Çünki biz “Bir millət, iki dövlət”ik!


Məlumdur ki, Ermənistan bu hücumu Rusiyanın xəbəri olmadan həyata keçirə bilməz. Lakin Rusiya bir tərəfdən Ermənistanı qızışdırdığı halda, digər yandan münaqişənin hərbi yolla həllinin olmadığını deyir. Kremlin Putinin Ermənistanın baş naziri Paşinyanla telefon danışığından sonrakı açıqlamasında bölgədə hərbi qarşıdurmanın qızışmasından narahatlıq ifadə olunur. Azərbaycanın işğal altındakı kəndlərinin bir qismini azad etdikdən sonra verilmiş bu açıqlama əslində, “timsahın göz yaşları”ndan başqa bir deyil.

Bununla yanaşı, Ermənistanın təcavüzünün arxasında Fransanın əlini də görmək lazımdır. Lakin Yunanıstanı təhrik etməklə nəticə qazana bilməyən Putinin növbəti dəfə Ermənistan kartını işə saldığı aydındır. Bir sözlə, Ermənistan, Yunanıstan və yunan Kiprinin bir hissəsi Makronun, bir hissəsi isə Putinin əlində alət olmaqdan o tərəfə keçə bilmir.

Makronun Yunanıstan və yunan Kiprini qızışdırmaqla nəyə nail olub? Bu işdən heç Yunanıstan və yunan Kirpi də heç nə qazanmayıb. Sonda Makron Ərdoğana zəng etməyə, geri çəkilməyə məcbur olub.

İndi isə oxşar oyunu Ermənistan vasitəsilə oynamağa çalışırlar. Amma söhbət Ermənistandan gedirsə, burda əsas fiqur Putindir. Liviyada çətin vəziyyətə düşmüş Vladimir Putin indi ortaya Ermənisan kartını atıb. Amma o da görür ki, hikkəsi ağlından çox olan Paşinyan təkcə özünü yox, Rusiyanı da biabır edəcək.

Baş verənlər bir daha göstərir ki, bölgənin ən böyük iki ölkəsi – Türkiyə və Rusiyasız burada status-kvo mümkün deyil. Türkiyə regionda Rusiya amilini nəzərə almadan heç bir addım atmır. Ankara Moskvanı qorxutmağa yox, onunla əməkdaşlığa üstünlük verir. Amma özümüzə qarşı eyni münasibəti görmürük. Putinin bunu anlaması lazımdır. Xüsusilə də Fransanın barmağını regiona soxmasının qarşısının alınması baxımından.

Türkiyəyə mesaj

Bu hücumu ancaq Azərbaycana hücum saymaq mənzərini tam görə bilməməkdir. Bu işin bir ucunda da Türkiyə var. Ankara indiyədək Ermənistana isti münasibət göstərirdi. Bir vaxtlar iki ölkənin futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü belə, təşkil olunmuşdu. Lakin Ermənistan qürurlu dövlət olmağı deyil, başqa ölkələrin əlində oyuncaq olmağı seçdi. Nəticədə başı daşa çox möhkəm dəydi. İndi nə Azərbaycan əvvəlki Azərbaycandır, nə də Türkiyə əvvəlki Türkiyədir! İndi heç regiondakı güc balansı da əvvəlki deyil!

Azərbaycanın strategiyası dəyişdi

Azərbaycanın Ermənistanın hücumunu dəf edərək, işğal atındakı kəndlərini azad etməyə başlaması göstərir ki, indi meydanda hərbi qüdrətilə əhəmiyyətli gücə çevrilmiş Azərbaycan var. Azərbaycandan gələn məlumatlar artıq müdafiə xəttinin ön cəbhədə olduğunu göstərir. Bundan sonra Azərbaycanı izləmək lazımdır.

Dünən Ermənistan Azərbaycanın mülki yaşayış məntəqələrinə hücum etməklə, daha bir cinayətə imza atıb. O, bununla bir dövlətə yaraşmayan, talançı qəbilə anlayışı ilə fəaliyyət göstərdiyini ortaya qoyur. Təbii ki, cavabını da alır. Göründüyü kimi, Azərbaycanın Türkiyənin də köməyilə hərbi imkanlarını çox artırıb. Bu, Azərbaycan üçün dönüş nöqtəsi ola bilər!

Amerikada seçki

Ermənistanın hücumunu dövr baxımından da təhlil etmək lazımdır. Niyə məhz indi? Bu suala cavab axtarırıqsa, ABŞ-da keçiriləcək seçki də diqqətdən kənarda qalmamalıdır. Erməni diasporu Amerikadakı seçkinin fonunda yaranacaq şəraiti də gözdən keçirmək istəyir. Seçkiqabağı dövrdə yəhudi icmasına böyük güzəştlər edən Trampdan ermənilərin səsini qazanmaq məqsədilə onlara da güzəşt etməsini gözləyirlər. Odur ki, qarşıdakı dövrdə sərt reaksiyalar ola bilər. Bunlar nəzərə alınmayacaq risklər deyil. Amma bu reaksiyalar “mövzü vətəndirsə, gerisi təfərrüatdır” həqiqətini aşa bilməz.

Naxçıvana hücum

Ermənistan bir müddət əvvəl Türkiyə ilə Azərbaycan arasında enerji və nəqliyyat sahəsində strateji əhəmiyyətə malik Tovuz rayonuna hücum etmişdi. Bakı-Tbilisi-Qars dəmir yolu, Türkiyəyə təbii qaz nəqlini təmin edən TANAP boru kəməri, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri məhz Tovuz ərazisindən keçir.

O zaman hücum dəf edilmişdi. Amma həmin hücum Azərbaycanla yanaşı, Türkiyəyə də mesaj idi. İndi isə Naxçıvana hücum ehtimalı müzakirə olunur. Ümid edirəm ki, ermənilər belə axmaqlıq eləməzlər. Çünki bu halda onlar qarşılarında tək Azərbaycan Ordusunu yox, Türkiyə əsgərini də görəcəklər. Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvana ediləcək hər hansı hücum konkret Türkiyəyə mesaj sayılacaq.

Azərbaycan düzgün oynayır

Aralıq dənizinin şərqindəki əzələ nümayişinin Qafqaza daşınmasına cəhdlər var. Rusiya bu mübarizəni özünü ən güclü saydığı bölgədə aparmaq istəyir. Bu, bir güc savaşıdır. Bu vəziyyətdə Azərbaycanın müharibə elən etməsi yerində atılmış addımdır. Demək, artıq Azərbaycan bu mübarizəni müdafiədə deyil, ön cəbhədə aparacaq. Sonda Ermənistan Dağlıq Qarabağa bağlı danışıqlara getmək məcburiyyətində qalacaq. Odur ki, sülh danışıqlarının tez başlaması, atəşkəs elan olunması faydalı olmazdı. Sülh danışıqları yalnız Azərbaycanın bir müddət irəliləməsindən sonra başlaya bilər. Beləcə, danışıqlar masası da ön cəbhədə qoyulacaq...

Ərdoğan amili

Türkiyə Cümhuriyyətinin başında hansı hökumət olursa olsun, söhbət Azərbaycandan gedirsə, ondan fərqli hərəkət gözləmək mümkün deyil. Lakin Ərdoğan, Tramp və Putinlə birlikdə dünyanın 3 liderindən biridir. O, həqiqətən güclü, qətiyyətli liderdir. Xüsusilə Türk dünyası mövzüsunda, zərərçəkmiş müsəlmanlar məsələsində. Bu mənada, Ərdoğanın Azərbaycan prezidenti Əliyəvə zəng etməsi, ona açıq dəstək verməsi vacid idi.

İndi, problemin həlli üçün Ərdoğanla Putinin görüşü gözlənilir. Amma bunadək cəbhədə lazım olan işlər görülməli, lazım olan sözlər söylənilməlidir. Azərbaycan əsgəri irəliləməlidir. Sülh danışıqlarına yalnız bundan sonra başlanılmalıdır./WorldMedia.Az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər