23:27 / 08 Oktyabr 2021

Evdə atıla-atıla yeriyirəm ki, ayaq izlərini əzməyim - Atasından Kəramətə

6001

Məlum olduğu kimi, tanınmış yazar Kəramət Böyükçöl Bakı Şəhər Narkoloji Dispanserinə yerləşdirilib. Atası Qəşəm Nəcəfzadənin verdiyi məlumata görə, o, spirtli içkiyə qurşandığına görə dispanserə aparılıb.


Bakupost.az xəbər verir ki, məlum hadisədən sonra atası K.Böyükçölə şeir həsr edib. Həmin şeiri təqdim edirik:


Yuxulardan oyanmaq...


Kəramət Böyükçölə

Anana demişəm,
Pişik çırmaqlayan dizindən danışmasın.
Əmiziyini xatırlatmasın,
Qolundakı xalını yadıma salmasın...

Doğum evində demişdim ki,
Körpəmiz dəyişik düşər.
Demişdi, qolunda qara xalı var, qorxma...

Bəs böyüyəndə,
Sən kimlə dəyişik düşdün, oğlum?

İndi deyirəm o xalı
Yaddaşımdan pozsun.
Bütün xatirələrini
Birdəfəlik büküb
Palazın alta qoysun.
Mənə
Bir dənə xatirəni göstərməsin.

İşə bax,
Göbəyin quruyub düşəndə
İlk kitabımın arasına qoymuşammış...
Bu axşam anan göstərdi mənə.
Süd dişini hələ də saxlayırammış,
Yapışıb kitabın son vərəqinə.

Evdə atıla-atıla yeriyirəm ki,
Ayaq izlərini əzməyim.
Şirin yuxulardan oyanıram ki,
Ləzzətlə səni gözləyim.

Evimiz elə böyükdü ki,
Anan məni axtarır evdə.
Oyuncağı olmayan uşaqlara bənzəyirik,
Yuxuya gedirik, hərəmiz bir küncdə.

Gəlib indi görsən, ağlarsan
Səpmişik evə sənin uşaqlıq şəkillərini,
Şəkillərlə oynaya-oynaya
Yuxu bizi aparıb...
Göbəyin və süd dişin ananın əllərində
Balaca süd şüşəsi yırğalanır sinəmdə...

Evdə atıla-atıla yeriyirəm ki, ayaq izlərini əzməyim - Atasından Kəramətə
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • t.ədalət

    Bütün balaları Allah qorusun!

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər