Fahişə ilə seks işçisi arasında qalan Taleh Yüzbəyov - VİDEO

486

Sevda Sultanova 

Taleh Yüzbəyovun bugünlərdə emosional müzakirələrə səbəb olan "Zəhər tuluğu 3: Kin” vayn-filminin milli kinomuz üçün mühüm cəhətləri var.

Birincisi, ola bilsin ki, Taleh özü də fərqinə varmadan çağdaş kinomuza yeni, maraqlı personaj konsepsiyası gətirir. Talehin Adil obrazı sinik, depressivdir, onu daxili qəzəb idarə edir. Problemlərə münasibətində sarkastik-sinik ifadə tərzini seçməsi içində yığılıb qalmış kin-küdurətdən qaynaqlanır. Yəni onun fikirlərinin əksəri həqiqət olsa da, təhqiramiz tondan istifadəsi həyatının müxtəlif mərhələlərində aldığı psixoloji (misalçün uşaqlıqda bullinqə məruz qalması) zədələrin sublimasiyası kimi ortaya çıxır. Bununla da Taleh obrazının davranışına bəraət verir.

Adilin bəşəri zəminə söykənməyən ekzistensial ovqatla cəmiyyətin ümumi qaydalarını pozması onun üçün normallıq, ətraf üçün qəbulolunmazdır. Bir neçə epizodda mühüm problemlər haqda etiraz monoloqları (selektiv aborta, şirkət nümayəndələrinin hicablı qadına ayrı seçkiliyə qarşı) isə manifest kimi səslənir. Və didaktik ritorikası belə toplumun didaktikasına etirazdır.

Sarkastik yanaşması, klişelərə nihilizmi ilə Adil, hardasa Trierin "İdotlar” filmindəki, içlərindəki idiotu üzə çıxarmağa çalışan, özlərini əqli əngəlliyi olan insan kimi aparan provokativ personajlarını da xatırladır.
 
 

 
Janr etibarilə əhvalat tragik və qara komediyanın elementlərini ehtiva edir. Bu, digər komediyalardan aşırı emosionallıq nümayiş etdirməməsi, güldürmək üçün dəridən qabıqdan çıxmaması, klişe geqlərdən istifadə etməməsi, fizioloji-seksual yumorun yoxluğu ilə seçilir. Taleh kinomuz üçün yeni problemlər seçir, ifasında qrimasaya yol vermir, təmkinli və vurucu oynayır.

Müzakirə doğurmuş səhnəyə gəlincə. Öncə deyim ki, bir film izləyəndə personajı onu ifa edən aktyordan və bu əhvalatı quran rejissordan ayırmaq lazımdır. Bu bəsit həqiqəti anlamaq üçün Andre Bazen olmağa ehtiyac yoxdur. Taleh Adil deyil, o, sadəcə bu obrazın ifaçısıdır. Adil obrazı Rənanı (Zülfiyyə Qurbanova) təhqir edirsə, rejissor Taleh Yüzbəyov fahişəni Adildən və ümumiyyətlə, filmdəki digər personajlardan yüksəyə qoyur. Və bununla Rənaya – özünün dediyi səbəblərdən bədənini satan qadına ehtiramını bildirir. Onun hazırkı həyatına gətirən təməl səbəbləri gözardı eləmir. Ki, Rəna üçün fahişəlik könüllü seçim deyil, burda mental-iqtisadi şərtlər rol oynayır.

Talehin linçləmə prosesi ən çox "mən də olsam pis yola düşərdim” fikrinin ətrafında dönür. Adil obrazının təyinatı, psixo-emosional durumu, sinizmi məhz bu intonasiyanı və fikri söyləməyi diktə edir. Üstəlik "mən də olsam pis yola düşərdim” fikri Adilin yozumunda əxlaqi, mənəvi dəyərləndirmə daşımır. Aktyor obrazının təyinatına uyğun olaraq onu etinasız tonda deyir və məqsəd Rənadan keçmişin qisasını almaqdır. Çünki erkən gəncliyində Rəna onun özəl smslərini ictimailəşdirib. Yəni burda fikrin özü yox, onun deyildiyi kontekst əsasdır.

Ayrıca yuxarıda dediyim kimi Adilin davranışının bəraəti var. Yəni daha aydın desəm, filmdə, tamaşada hər bir aktyor öz obrazının davranışını əsaslandırmalıdır. Adilin qisas alması onun natamamlıq kompleksinin nəticəsidir.

Final səhnəsində o, Rənanın səmimiyyəti, mənəvi gücü qarşısında pörtür, əliyalın qalır və miskinliyini anlayır. Və həmin epizodda kişilər daha çox tənqid olunur.

Bir də ki, film bədii şərtilikdir. Orda müxtəlif xarakterdə personajlar, onların təyinatı, hədəfləri, niyyətləri, münasibətləri və s. konflikt, dramaturgiya yaradır. Ona görə Adil heç bir halda "Rəna, rahat ol, fahişə pis yol yox, peşədir. Bütün Avropada bu peşə sayılır. Sən isə seks işçisisən” deyə bilməz. Əgər desəydi, bu, idbar və saxta alınar, dramaturji nizamı pozardı. (Üstəlik, sorğu keçirilsə, yəqin məlum olar ki, xalqın əksərinin təsəvvüründə fahişəlik pis yoldur). Adilin "Bu, pis yol yox, peşədir” və ya xalqın əksini düşünməsi üçün isə başqa əhvalat, başqa vəziyyət, başqa təyinatlı personajlar lazımdır. Örnəyi, bir seks işçisinin haqları uğurunda mübarizəsini nəql edən filmin çəkilməsi kimi. Burda isə rejissor fahişəliyin peşə olması təbliğatını üzərinə götürmür, onun belə bir öhdəliyi yoxdur. O, qəhrəmanının davranışından yola çıxır və sonda onun revanşına qarşı Rənanın sərt həqiqətlərini qoyur.

Nəhayət, yaradıcı fərdin azad düşüncəsini linçləmək, "sən elə yox belə deməliydin” hökmü qəbulolunmazdır.
 
Kulis.az

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər