Ru
10:27 / 26 Fevral 2021

Fənər “Ümid işığı” oldu, Xocalıdan sağ qurtuldu - 6 yaşlı Teymurun yaşadıqları - VİDEO

1562
Azərbaycan Televiziyası Xocalı soyqırımına həsr olunmuş bədii-sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Bakupost"a verilən məlumatına görə, televiziyanın Kinoproqramlar və dublyaj baş redaksiyasının istehsalı olan film “Ümid işığı” adlanır. Real faktlar əsasında çəkilən filmin 26 fevralda - Xocalı soyqırımı günü nümayiş olunması nəzərdə tutulur.

“Ümid işığı” Xocalı soyqırımı zamanı Teymur adlı körpənin yaşadıqlarından bəhs edir.

Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücum edəndə Teymurun 6 yaşı olur. Şaxtalı bir qış gecəsində anasının şirin laylası altında mışıl-mışıl yatan Teymur qəflətən ah-nalə səsinə oyanır, gözlərini açanda günahsız insanların necə qətlə yetirildiyini, ona qucaq açan yaxınlarının ayaqyalın, başıaçıq qarın üzərinə necə “səpələndiyini” görür.

Sağ qalan insanların helikopterlə təxliyəsi zamanı anası Teymuru Xocalıda unudur. Əlindəki fənər onun ümid işığına çevrilir. Məhz fənər sayəsində 6 yaşlı uşağı xilas etmək mümkün olur.

Teymur yaşadıqlarını belə xatırlayır: “Üç gün idi xilas olmağa çalışan ailəm, qohumlarım və digər xocalılılarla birlikdə şaxtalı, qarlı havada yol gəlirdik. Atam ağır yaralanmışdı. Anamın qucağında körpə uşaq var idi. Onlar hara getsə, arxalarınca qaçırdım. Gücüm ancaq evdən götürdüyüm fənərlə gecələr getdiyimiz yolu işıqlandırmağa çatırdı.

Biz vertolyota çatanda dedilər ki, birinci yaralılar və qucağında körpə uşaq olanlar xilas ediləcək. Vertolyot ətrafında qarışıqlıq yaranmışdı, hamı xilas olmağa çalışırdı. Vertolyot havaya qalxanda mənim də içəridə olduğumu güman ediblər, ancaq həmin vaxt mən yaddan çıxıb yerdə qalmışdım.

Nə edəcəyimi bilmirdim, son ümidim əlimdəki fənəri vertolyota tərəf tuşlamaq oldu. İşığı görən pilotlar yenidən yerə enib məni də götürdülər. Həmin fənəri bu günə qədər saxlayıram. Bu fənər həyatımın ümid işığıdır”.

Qisas hissi ilə böyüyən Teymurun Vətən Müharibəsi başlayanda cəbhəyə yollanması, xocalılıların və yaxınlarının qisasını almaq üçün ağır döyüşlərə atılması filmdə obrazlı şəkildə canlandırılır.

Zaqatalanın Muğanlı, Kəpənəkçi kəndlərində lentə alınan filmin ssenari müəllifi Afaq Əhmədova, quruluşçu rejissoru Natiq Novruzov, quruluşçu operatoru Cavid Əliyev, operatoru Kamran Soduyev, prodüseri Fatimə Əzimovadır.

Film fevralın 26-sı saat 21:30-da AzTV-də yayımlanacaq.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər