Ru
15:55 / 06 Oktyabr 2021

Fermer Əlabbas müəllimin dedikləri

6209
Tofiq Hüseyn

O, yaxşı müsahibdir. Geniş dünyagörüşü var. Kənd mühitində böyüsə də, intellekti yüksəkdir. Savadlı adamdır, Azərbaycan Dövlət Universtitetinin (BDU) coğrafiya fakültəsini bitirib. Diplomla kifayətlənməyib. Daima axtarışdadır. Dünyada baş verən hadisələri, xüsusilə elmi yenilik və kəşfləri diqqətlə izləyir. Doğulduğu Saatlı rayonunun Mustafabəyli kənd məktəbində coğrafiya müəllimi, dərs hissə müdiri işləyib. Rayonda bir sıra məsul vəzifələrdə çalışıb.1996-cı ildə ailə-fermer təsərrüfatı yaratdıqdan sonra bütün vəzifələrə və müəllimlik fəaliyyətinə son verib.

“Ali təhsilli müəllim-fermer” - heç şübhəsiz ki, çoxunun indi o qədər də baş qoşmadığı bu formulanın özü yazı-pozu adamı üçün maraqlıdır. Bu maraq sayəsində Əlabbas Şəmmədovla bir çay stolu arxasında söhbətimiz baş tutdu.

“Müəvəffəqiyyət, nailiyyət, məhsuldarlığın artımı, problemlər” və sair - bu sayaq ənənəvi sual-cavab olmadı aramızda. Bütün bunlara rəğmən Əlabbasın dilə gətirdiyi mətləblər xeyli maraqlı göründü:

- Deyirlər, arzudan arzu doğur, yəni insan bir arzusuna nail olursa, ondan yaranan digər arzusunun ardınca gedir. Amma çox vaxt həyatın diqtəsi arzularla ölçülmür. İnsan məcburiyyət qarşısında qalıb özünə çıxış yolu axtarırsa, bunun arzuya bir elə dəxili olmur. Mən nə vaxtsa fermer təsərrüfatı yaratmağı nəinki arzulamış, heç təsəvvürümə gətirməmişdim. Kənddə yaşayıb kiçik təsərrüfat yaratmasan, gözün onun-bunun qapısında olacaq. Birinə yumurta, digərinə süd-qatıq, başqa birinə toyuq-cücə, çolpa üçün ağız açacaqsan. Müəllim işləyəndə özümə babat təsərrüfat düzəltmişdim. Həyətdə bir neçə baş qoyun-quzu saxlayırdım. Hər səhər davarları qapıdan buraxır, çobana təhvil verirdim. Bəzən çoban gec gələndə narazılıq yaranırdı. Heyvan qonşulardan kiminsə əkinini korlayır, ya təzə əkilən ağaca zədə yetirirdi. “Əlabbas müəllimin qoyunları həyətimizi kor qoydu” giley-güzarı qulağımıza çatırdı. Bu elə bir vaxt idi ki, ölkədə azad sahibkarlıq fəaliyyətinə meydan açılmağa başlamışdı. Heydər Əliyev bazar iqtisadiyyatına keçidlə əlaqədar sahibkarlığın inkişafına mane olmamaq barədə göstərişlər verir, adamlarda özünə inam, ruh yüksəkliyi yaradırdı. Günlərin birində oturub Ulu Öndərin adına məktub yazdım. Yadımdadır, məktubda kənddə yaşadığımı, coğrafiya müəllimi olub Azərbaycanın hər bir bölgəsi, bu bölgənin torpağı, relyefi barədə məlumatlı olduğumu, öhdəmə kiçik bir torpaq sahəsi verilsə, təsərrüfat yaradıb nəyəsə nail ola biləcəyimi yazdım. Dəqiq xatırlayıram, cəmisi üç gün keçdi, dedilər, səni rayonda axtarırlar. İcra hakimiyyətinə getdim. Başçı dərhal qəbul elədi. “Prezıdentə məktub yazıbsan, dedi, təcili göstəriş gəlib, neçə hektar istəsən, sənə torpaq verəcəyik,200-300 hektar, nə qədər istəsən”...
Dedim lazım deyil, gücüm çatmaz, 50 hektar bəsimdir.

100 hektar dedilər, axırda 80 hektara razılaşdım. Arazın qırağında dövlət fondundan 83 hektar torpaq götürdüm. Ərazi çətin olsa da özüm seçmişdim. Ailəmlə birlikdə əziyyətə qatlaşıb torpağı ərsəyə gətirmək, əkinə yararlı hala salmaq-gələcək işimizdə bizə çox lazımlı idi. Hazırın naziri olmamaq, əzabına qatlaşdığının qədrini bilmək, onu göz bəbəyi kimi qoruyub qeydinə qalmaq-təsərrüfatdakı işlərin əsas stimulu hesab olunmalı idi.

Belə də etdik. Səhərləri sahədə açdıq. Sahə də nə sahə. Ərazi başdan-başa tikan, kol-kos, alaqdan ibarət idi. Çətinliklə də olsa, düz bir ilimizi torpağı yararlı hala gətirməyə sərf elədik. Torpaqla bağlı çox şey bilirdim, ancaq həmin günlərdə dərk elədim ki, torpağın da dili var, sadəcə olaraq onu dinləməyi, ona qulaq asmağı bacarmalısan. Qabaqlar söz var idi: “Torpaq deyir öldür məni, dirildim səni”. Öldürmək yox, onu əzizləmək, onu doğma hesab eləmək lazımdır. Yer kürəsində bütün insanların-şəhərdə, kənddə yaşamağından asılı olmayaraq, hamısının kənd təsərrüfatına ehtiyacı var.

Plan tərtib elədim. Ərazinin bir hissəsində pambıq, digərində taxıl, başqa hissəsində yem bitkiləri əkini aparmaq qərarına gəldim. Sahənin bir hissəsində qoyun-quzu saxlamaq üçün tikililər düzəltdim. Qonşuların danlaq-dansağına ehtiyac qalmadı. Əslində, mənim fermerlik niyyətimə də elə bir növ qonum-qonşunun narazılığı səbəb olmuşdu.

Bütün elmi kəşflər özünü təcrübədə doğrultmalıdır. Nəzəriyyə real həyatda sınaqdan çıxmırsa, onun bir qəpiklik qiyməti olmur. Mən, torpaqdan elmi əsaslarla istifadə etməyə çalışdım. ”Aqrotexniki qaydalar” çox vaxt gəlişi gözəl söz kimi işlədilir. Amma əslində, bu sözün dərin mənası var. Torpağa hansı vaxt hansı gübrə, hansı miqdarda verilməli, hansı vaxt hansı qaydada suvarılmalı-bütün bunların hamısı aqrotexniki biliklərə əsaslanmalıdır. Yüz cür şərt var, toxumu seçməkdən başlamış hazır məhsulu yığana kimi...Bunların hamısına bir qayda olaraq əməl etməlisən. İndi bu qaydaları sadalamaq fikrində deyiləm. Qaydalar yerli şərait nəzərə alınmaqla tətbiq olunmalıdır. Məsələn,Rusiyanın qaratorpağını bizim torpaqla müqayisə etmək olmaz.

Torpaqla bağlı bir əhvalatı da danışmaq yerinə düşər. Əkin ərəfəsində qonşu sahələrdən birində bostan əkildiyini gördüm. Şumladı, baraza çəkdi, yuva düzəldib toxum atdı. Bir dəfə təsadüfən dedim qonşuya baş çəkim, görüm nə işlə məşğuldur? Gözümə inanmadım, bostançı təzəcə qulaqlanan toxumun dibinə qabla sliter (boy maddəsi) tökür, suvarmasız-filansız guya xeyir iş görür. Torpağı zaya çıxardacağını, əziyyətinin hədər gedəcəyini dedim. Amma artıq gec idi. Məhsul vaxtı dediklərim həqiqət oldu. Tağlar üstündəki yemiş-qarpızlar yanıb qovruldu. Bostandan heç nə ələ gəlmədi. Bəlkə inanmayacaqsınız, fermer həmin ərazini indinin özündə də hala gətirə bilmir. Torpaq zəhərlənib.

...Çay stolu arxasında söhbətimiz beləcə uzanır. Əlabbas hazırda ən böyük problem olan su qıtlığından danışır. Bu problemin hansı yolla həlli barədə Əlabbasın fikri məndən ötrü maraqlı idi. ”Məsələnin həlli ancaq qışda mümkündür, dedi. Yayda Yer üzündəki su məndələrindən buxarlanma (buxarlanmanın həcmini də deyir, elmi mübahisə yarada biləcəyindən ehtiyat edib rəqəm göstərmirəm) gedir, qışda bir o qədər də su- yağış, qar halında Yerə düşür. Bir çox ölkələrdə olduğu kimi biz də dəryaçalar yaradıb qışdakı yağıntılardan su ehtiyatı əldə etməliyik.

Yuxarıda dediyimiz kimi Əlabbas rəhbərlik etdiyi “Elçin-Ş” ailə-fermer təsərrüfatının əldə etdiyi göstəricilər barədə ətraflı danışmaq istəmir. Amma biz, sözarası öyrənirik ki, fermer təsərrüfatı 2008-ci ildən toxumçuluq üzrə ixtsaslaşıb. Respublika Kənd Təsərrüfatı Nazirliyindən lisenziyası var. Buradan müxtəlif təsərrüfatlara tələbat olduğu halda toxum satılır. Ailə-fermer təsərrüfatı mövsümlə əlaqədar işə cəlb olunan adamlara normal əmək haqqı ödəyir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər