Ru
16:31 / 29 Noyabr 2021

Fırıldaqçılığın mükafat forması: "Zəfər Zirvəsi" qalmaqal yaratdı

21050

Ötən gün Bakıda "Mirtalıblı Group"un təşkilatçılığı ilə "Zəfər Zirvəsi" adlı mükafatlandırma mərasimi keçirilib. Tədbirdə bir çox tanınmış simalar Xalq artisti Brilliant Dadaşova, xeyriyyəçi Hacı Nuran, aparıcı Jalə Həsənli, müğənni Ayaz Babayev, stilist Anar Ağakişiyev, bloqerlər Apruza Aliyeva, Mehin Oqtaylı kimi yerli məşhurlarla yanaşı, türkiyəli müğənni Petek Dinçöz də iştirak edib.


Gecədə bəzi blogerlərin mükafat alması isə sosial şəbəkələrdə narazılıqla qarşılanıb.

Bəziləri bununla razılaşmayıb, ““Zəfər Zirvəsi” mükafatı hər kəsə verilə bilməz”, “onlar buna layiq deyillər” kimi şərhlər yazılıb, postlar paylaşılıb.



Məsələ ilə bağlı millət vəkili Aqil Abbas Bakupost.az -a bildirib ki, heç kəs özündən mükafat təsis edə bilməz. Bu yalnız dövlətə məxsusdur:

“Qanunda belə bir şey yoxdur. İlin axırı olduğu üçün təşkilatlar, qurumlar bir mükafat təsis edib, kimə gəldi paylayıblar. Mükafatı dövlət verir. Yoxsa hər təşkilat bir mükafat təsis etsə, bunun axırı necə olcaq? Hökumət bununla bağlı tədbirlər görməlidir. Heç kəs mükafat təsis edə bilməz. Belə bir məsələ Milli Məclisdə də qaldırılmalıdır”.

Millət vəkili Fazil Mustafa isə bunları qeyd edib:

“Bu məsələ ilə bağlı həmin təşkilatların nizamnaməsinə baxmaq lazımdır. Məsələn, partiyaların, təşkilatların, qeyri-hökumət təşkilatlarının nizamnaməsində mükafat vermək, təltif etmək kimi hüquqları olur. Əgər belə bir hüquq varsa, başqa vətəndaşların maraq və mənafeyinə ziyan vurmurlarsa, edə bilərlər. Əgər bizdə 10-15 fəxri professor adını almaq mümkündürsə, qondarma formada belə mükafatların verilməsi adi qarşılanmalıdır. Mən bunu müsbət qəbul etmirəm. Çünki bunların çoxu satmaq üçün bir vasitədir. Məsələn, tanınmış adama, vəzifəli bir şəxsə deyirlər ki, sizi peşənizdə ilin ən yaxşı şəxsi elan edəcəyik və bunun qiyməti 1000 manatdır, pulu ver, sizə mükafat verək. Bunlar Azərbaycanda çoxdur. Hamısı fırıldağın bir formasıdır. Hüquqi məsələ kimi qabağını almaq mümkün deyil. Ona görə də buna sırf mənəvi məsələ kimi baxılmalıdır.

Düzdür, mənəvi cəhətdən də doğru deyil. Xocalı faciəsi, 20 Yanvar, Qarabağ mövzusunda və ya müəyyən nəzarət adı ilə qeyri-hökumət təşkilatlarının o qədər mənasız, özlərinin reklamları var ki... Buna hüquqi cəhətdən bir söz deyə bilməzsən. Amma mənəvi cəhətdən sui-istifadə variantlarından biridir. Zəfər günü, Xocalı faciəsi, 20 Yanvarla bağlı məsələlərdən sui-istifadə etmək çirkin əməldir, yaxşı qarşılanmır”.

Ağ Partiyanın sədri Tural Abbaslı vurğulayıb ki, Vətən Müharibəsindən sonra fürsətçilər üçün geniş məkan açılıb:


“Cəmiyyətdə bu məsələnin hüquqi və siyasi baxımdan məlumatlılığı aşağı səviyyədədir. Çox zaman insanların informasiya azlığından sui-istifadə edirlər. Bununla bağlı ciddi tənzimləmələr olmalıdır. Qeyri-hökumət təşkilatlarının hansısa mükafatlandırma, təltif etməsində bir problem yoxdur. Amma Vətən müharibəsi, Zəfər günü ilə bağlı önəmli məsələlərə həssas yanaşmaq lazımdır. Çünki müzəffər ordumuzun “Zəfər ordeni” artıq var. Mövcud olan ordenlərin adına uyğun başqa birinin təsis olunması ilə bağlı bir qadağalar tətbiq olunmalıdır. Bunlar qanunda olan boşluqdan əmələ gəlir. Biz hüquqi baxımndan kimisə ittiham edə bilmərik. Sadəcə mənəvi baxımdan deyə bilərik ki, bu düz deyil, insanların hissiyyatından sui-istifadədir. Əgər bu istiqamətdə boşluq varsa, deməli bu boşluğu doldurmaq lazımdır. Düşünürəm ki, post müharibə dövründə qanunda kifayət qədər boşluqlar var ki, bunlar qazilərə, şəhid ailələrinə, veteranlara münasibət və sairədir. Bunları da parlament doldurmalıdır. Təəssüf ki, bunların heç biri ilə bağlı iş görülmür. Əgər media bu məsələni görürsə, dövlət orqanları da müşahidə edib görə bilər. Bu qanunla tənzimlənməyənə qədər davam edəcək”.

Baku Post

Şərhlər
  • Abdullayev Şahin Əvəzağa

    Hörmətli Aqil Fazil Tural vaxt var idi Cənab Ramizin cild cild kitabları məcburi idarələrəsatırdilar Onda heçsəsiniz çıxmırdı Susurdunuz Mənbəyi mənşəyi bilinməyən hadisələr Azərbaycanda çox olur Yaxşısı budur bir azdan tətil olacaq Deputatlar bel lom götürüb getsin QARABAĞA işləməyə Bakıda qalmağınız çiy fayda

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər