Ru
16:56 / 23 Noyabr 2021

Gəlin alanda evə qulluqçu, robot almırsınız, ay analar... - Müğənni

3149
“Çox vaxt analar elə fikirləşir ki, gəlin sanki qul, kölədir. Bu reallıqdır, bunu analar boyunlarına almalıdırlar...”

Bakupost.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a müğənni Xuraman Şuşalı deyib. Son zamanlar artan boşanma sayından danışan sənətçi ailəni dağıdan bir neçə faktor olduğunu bildirib:

“Hər mövzuda müğənniləri günahlandırmaq lazım deyil, müğənni həmişə olub. İndi nə oldu ki, müğənnilər birdən-birə gənclərin tərbiyəsini pozdu? Elə şey olarmı?!

Bu boşanmaların konkret səbəbini demək çətindir. Səbəblər çoxdur. İndi sosial şəbəkələr də artıb, orada çox vaxt itirirlər. Elə öz həyat yoldaşımdan misal çəkəcəyəm, evə gələndə o “Facebook”da, mən də “İnstagram”dayam. Bəzən ikimiz də evdə oluruq, amma bir-birimizin üzünü az görürük. Bu reallıqdır. Mən “İnstagram”da öz işlərimə vaxt ayırıram, təkcə kiminsə həyatına baxıb çıxmıram. Öz reklamlarımızı yerləşdirir, mahnılarımızı paylaşır, PR-mızla məşğul oluruq. Bir də “Tiktok” var, mən də hesab açmışam, amma girmirəm. Orada kimə baxırsan. Görürsən pis hərəkət edib, çəkib paylaşır. Başa düşmək olmur ki, bu nədir, camaata nə olub. Hamı da ulduzlaşma gedir, əsl ulduzlar qalıb bir kənarda. Ailə həyatı elədir ki, gərək ona zaman ayırasan, qayğı göstərəsən”.

Müğənni gənc ailələrin boşanmasında bəzən ailə müdaxiləsinin də rolu olduğunu qeyd edib:

“Bizdə belə bir hal yaşanır - çox vaxt analar elə fikirləşir ki, gəlin sanki onların qulu, köləsidir, bu reallıqdır, bunu analar boyunlarına almalıdırlar. Analarda bir qısqanclıq olur, mən çox xınalara gedəndə görürəm. Qayınanaların heç də hamısı gəlininə öz balası kimi baxmır. Sanki gəlin gəlibsə, qul olmaldır. Gəlin alanda evə qulluqçu yaxud nəsil artırmaq üçün robot almırsınız, ay analar. Öz evlərində qızlar əzizlənirlər sonra gedib qayınananın yanına düşürlər, baş çıxara bilmirlər. Gərək böyük də əsl böyük ola. O, gəlinin əyər-əksiyini gərək örtə ki, ailə möhkəmlənsin. Bəzi qayınanalar var ki, orda-burda gəlinini gözdən salırlar. Bütün bunların mənim qayınanama aidiyyatı yoxdur, amma belələri doğrudan da var.

Oğlanların çayxanalarda keçirdiyi boş vaxtlar da boşanmalara səbəb kimi göstərilə bilər. Gedib saatlarla çay evlərində, dostlarla otururlar. Yaxud öz ailəsini heç yerə aparmayıb, kənarda başqa xanımla gəzməyə gedirlər, xəyanət edirlər. Bütün bunlar ailələrin dağılmasına səbəb ola bilər. Bundan başqa indiki gənclər stresslə, depressiya ilə böyüyürlər, hər şey gərginləşib”.

X.Şuşalı aktual məsələyə çevrilən boşanmalara əksər hallarda səbəbin maddiyat və pis vərdişlər olduğunu bildirib:

“Krizis də boşanmalara gətirib çıxara bilən amillərdəndir. İşsizlik, kreditlərin çox olmağı gənc ailələrə təsirsiz ötüşmür. Banklar faizi çərxi-fələkdə insana təqdim edirlər. İnsan çətinliyə düşür, borca girir, elə bilir ki, tezliklə ödəyib qutaracaq, amma faizlər bitmək bilmir. Maddi problemlər istər-istəməz ailəyə söz-söhbət salır. Problemlərin kökündə dayanan bunlardır. Cavan uşaqlardırlar, gəzmək, harasa getmək, yemək istəyirlər, uzağı da bir qədər az görürlər .

Bundan əlavə son vaxtlar gənclərdə narkotikə meyillilik artıb. Hara baxırsan, “patı”, “şüşə”, “kola”... Allah iraq eləsin, bu şeylər çox artıb, Allah heç kəsin balasına qismət eləməsin. Bu bəla da ailəni dağıdır, həm özünü məhv edir, həm də ailəsini. Cəmiyyət məhvə sürüklənir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər