Ru
13:35 / 17 Oktyabr 2020

Gəncə qətliamı - Artıq hər yer Qarabağdır

3237

Xanəmir Telmanoğlu

Qarabağımızda müharibə başlayan gündən içərimi fərəh hissi nə qədər bürüsə də, bir tərəfdən də yazıya sarılmaq istəyirəm. Ancaq bir şey yazmıram. Elə biləsən yazmağa pis baxıram. Yazı yazmağıma nəyinsə mane olduğunun gözəl fərqindəyəm. Hər gün ordumuzdan aldığımız ruhumuzun qovğası olan Qarabağ uğrunda zəfər xəbərləri ağlımı başımdan alır, ruhumu yerindən oynadır. Az qalıram bağıram ki, Allah, bu nə möcüzədir, bu nə gözəllikdir, bu nə xoşbəxtlikdir, bizə vermisən, özümüzü bir millət, dövlət olaraq qarşında isbat edək, şansımızı bir daha qaçırmayaq.

Gecənin bir aləmi, öz şirin yuxusunda uyuyan körpələrə raketlə saldırmaq, onlarla birgə ata-analarını öldürmək hansı kitabın məhsuludur. Tərtərə, Gəncəyə, Ağdama, Ağcabədiyə, Bərdəyə, Mingəçevir və digər şəhərlərimizə düşmənin namərd saldırısı onu göstərdi ki, Azərbaycanın hər qarışı, hər bölgəsi, hər bir ərazisi Qarabağdır. Öldürülən, qətl edilən, terrora məruz qalan hər insanımız qarabağlıdır. Artıq hər şey məlumdur. Dünya bu iyrəncliyə susur və səsini çıxarmır. Demək, sona kimi, son qarış torpağımızı alana kimi savaşacağıq.

Gecənin gec saatlarında atılan mərmilər, raket zərbələrindən saysız-hesabsız evlərin xarabalıqları altında neçə-neçə insanlarımız can verdi. Hələ o yavrularımızı, “Azərbaycan”, “Qarabağ”, deyib əlindəki üç rəngli bayrağımızı başından yuxarı qaldıran məsum körpələrimizin sağa-sola səpələnmiş bədən hissələrini, üz-gözünü, qan içində əbədi olaraq yumduqları gözlərini, uçuq daş - divarlar arasında qalmış oyuncaqlarını demirəm.

Gecənin zülmətindən İblis xislətini mənimsəyərək, dinc əhalinin yaşayış məskənlərini ağır raket zərbələriylə yerlə bir etməyin xislətini yəqin ki, bundan sonra da unutmayacağıq. Necə ki, 20 Yanvarı, Xocalı soyqırımını və digər yerlərdə düşmənin törətdiyi ağır cinayətləri unutmamışıq. Ürəyimizin başında ağır bir kurşun kimi ilişib qalmış o zülmlər, haqsızlıqlar zəif olduğumuz üçün deyil, dünyanın şeytan mahiyyətli güclərinin tərəfkeşliyi sayəsində baş vermişdi. İndi, elə bu gün, bu saat o mənfur, xain düşmən ordusu Qarabağ meydanında dara çəkilir, leş-leşin üzərinə qalanır. Göyləri dörd dolanan, dağlarımızın başından süzən quzğunlar düşmənin döyüş meydanında qalmış leşlərinin üzərində bayram eləyir.

Azərbaycan xalqının və dövlətinin bu saatdan sonra geriyə yolu da yoxdur. Ya millət kimi yox olacağıq, ya da savaşıb bütövlüyümüzü hər mənada bərpa edib, qalib bir xalq olaraq bugünkü tarixə şərəfimizi həkk edəcəyik.

Kimsə düşünməsin ki, haqsız yerə terror qurbanına çevrilmiş insanlarımızın qanı yerdə qalacaq. İgid əsgərlərimizin savaş meydanında düşmənin, kafir ordusunun külünü göyə sovurur. Onların əsrlərdir qurduqları xəyallarını yox eləyir. Təbii ki, bu zəfər salnaməsini yazarkən qanını torpağımıza axıdan, ruhunu Haqqa təslim edən, canını vətən torpağı uğrunda fəda edən igidlərimizin şəhadət şərbətini içmələri də, üzərimizdəki 30 illik ləkəni təmizləyir, şərəfimizə şərəf qatır, cəsarətimizə cəsarət gətirir. Dədə-baba torpaqlarını mənfurlardan təmizləyərkən şəhadətə yürüyən bu ərlərimiz, qəhrəmanlarımız sözsüz ki, geridə ağır və sonsuz hüzn qoyub gedirlər. O hüznlər bizi biz edir, bizi bir araya gətirir, bizi bizə yenidən tanıdır, bizi bizsiz qoymur. Can, qan, ruh parçamız olan bu şəhadət şərbətini içənlərimiz tarix boyunca Vətən Torpağının üzərinə çökmüş ağırlığı öz müqəddəs missiyasıyla götürüb atır. Daha bundan sonra bizlərin zərrə qədər haqqı yoxdur ki, o canını torpağımızın azadlığı, düşməndən təmizlənməyi uğrunda qurban verən övladlarımızı unudaq, onların ən müqəddəs əmanətlərinə xəyanət edək.

Yəqin ki, tezliklə geridə böyük və şanlı bir tarix qoyacağıq. Artıq doğma Qarabağ torpağı qoynunu öz vəfalı övladlarının üzünə açır.
Səni yenidən qanla, qanla, qanla alırıq, ey müqəddəs torpaq. Bizə bundan sonra yalnız uğur gətir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər