Ru
10:10 / 05 Dekabr 2020

Gəncədə evi dağılmış veteranlardan narazılıq: "Süpürgəçi kömək edir, amma AFFA yox"

1800
Vətən müharibəsi zamanı erməni terrorçuların Gəncəyə atdığı raketlər nəticəsində gəncəli veteran futbolçular Emin Mustafayev, Sahil Abdullayev və Samir Allahverdiyev də zərər gördü. Düşmən zərbəsindən sonra evləri yerlə-yeksan olan bu insanlara AFFA-dan da yardım ediləcəyi bildirilmişdi. Hadisədən bir neçə gün sonra sözügedən veteranlarla əlaqə saxlayıb köməklik göstəriləcəyi bildirilsə də, bu elə söz olaraq qaldı.

Hər 3 veteranla əlaqə saxlayanda məlum oldu ki, sabiq futbolçular bugünədək Elxan Məmmədovun rəhbərlik etdiyi qurumdanm heç bir yardım görməyib. AFFA tərəfindən laqeydliklə üzləşən sabiq futbolçular Sport7.az-a açıqlamalarında narazılıqlarını bildirdilər.

Emin Mustafayev: "Birinci hadisədən sonra Gəncə şəhərində başqa yerə köçdük. Amma oraya da raket düşdü. Nə axtaran, nə də maraqlanan var. Söhbət idmandan, futboldan gedir. İlk partlayışdan sonra AFFA-dan zəng vurdular. Durumumuzu soruşdular. Elxan Məmmədovun bizi nəzarətdə saxlayacağını bildirdilər. Ondan sonra nə AFFA-dan, nə də futbol veteranlarından xəbər çıxdı. "Kəpəz”in icraçı direktoru İlqar Nadiri sağ olsun, bizi dəvət etdi klubun bazasına, dəstəklərini göstərdilər. Saytınız vasitəsilə bir daha onlara təşəkkürümü bildirirəm. Amma Gəncənin Veteranlar Şurasıdı nədi, ordan, nə də AFFA-dan maraqlanan oldu. Bilirsiz də, müharibə zamanı Ermənistandan olan bir qapıçı öldü. AFFA yəqin ki, ona yardım edir, ailəsinə başsağlığı verir deyə başları qarışıb. Ona görə də onları başa düşürəm. Açığı, deyə bilmərəm niyə veteranlara laqeyd yanaşırlar. Gəncədə Veteranlar Şurasının adı var, özü yoxdu. İşsizliklə bağlı heç yerə müraciət etməmişəm. 2000-ci ildə karyeramı bitirdim. 2005-ci ildə ümumiyyətlə idmandan ayrıldım. Futbola qayıtmaq fikrində deyiləm. Futbolumuzdakı iyrənclikləri, quldurluqları, talançılıqları görəndən sonra açığı, bunlarla yan-yana getmək, hansısa məqsədə yardım etmək fikrindən uzaqlaşmışam”.



Sahil Abdullayev: "AFFA-nın adı gələndə Gəncə futbol veteranlarının bədəni uçunmağa başlayır. Vəziyyət çox pisdi. Moskvaya gedib-gəlirdim. Yollar bağlandı, 3 ildi gedə bilmirəm. Raket düşən vaxt, mən evdə olmasaydım, uşaqlar, ailəm hamısı öləcəkdi. Birtəhər çıxardıq. Fikir, dərd... Vəziyyət acınacaqlıdı. Həmin hadisədən 1 ay sonra AFFA-dan kimsə gəlmişdi, heç adını da bilmirəm. Səhv etmirəmsə veteranlardan biri idi. Gəldi, AFFA-nın bizimlə maraqlanacağını dedi. Artıq 1 ay keçib, bunlar gəliblər ki, "sizinlə maraqlanacağıq”. Dedilər ki, "Elxan müəllimin nəzərindəsiz”. Başa düşmürəm, biz elə ancaq nəzərdəyik. Heç nə etmirlər. UEFA-dan veteran futbolçulara ildə 250 min dollar pul ayrılır. Bəs o pullar hara gedir? Baxın futbolçunun evinə raket düşüb. AFFA o boyda qurumdu, 3 ədəd geyim dəsti verə bilmirsə, bəs o pullar hara gedir? Yalandan Bakıda turnir keçirirlər, onlara pul ayrılır. Bizə "kommunal”ın işçiləri pul yığıb verir ki, "futbol oynamısız, sizə azarkeşlik etmişik”. Süpürgəçi gəlib kömək edir, amma AFFA yox. AFFA nümayəndəsi Müzəffər Qasımov Gəncədədi. Amma maraqlanmır, heç yanımıza da gəlmədi. Gəlməsin, heç mənə lazım deyil. Gəncədə veteran var, Firuz Qulami, yəqin ki, tanıyırsız. Hansı sabiq futbolçunun problemi olursa, maraqlanır. Elə bil ki, Veteranlar Şurasının rəhbəri odu. Heç Müzəffər müəllimin burada rəhbər olduğu bilinmir. Hətta Avropadan da zəng vurdular. Cenevrədən bizimlə maraqlandıqlarını söylədilər. AFFA isə burdan-bura heç nə etmir. Yalandan zəng vurub guya maraqlanırlar. Yekə kişisiz, biz uşağıq ki, dolayırsız? Bəs nə vaxt irəli duracaqsız? Xaricdən məşqçi gətirib 1 milyon pul verirlər. Amma veteranlara kiçik yardım etmək istəmirlər. Çox sağ olsun, prezidentimiz kömək etdi. Pul ayırdı, kirayəyə çıxardı. Yəni prezidentin başı qarışıqdı, yenə maraqlanır. Ancaq AFFA rəhbərliyi... Elxan Məmmədov oturub orda, heç bilmir ki, top neçə qramdı. Baş katib topun çəkisini bilmirsə, necə o vəzifədə otura bilər? Futboldan xəbəri yoxdu. Onun ətrafındakı veteran futbolçuları isə vallah, süpürüb çölə atmaq lazımdı. Ancaq özləri ilə maraqlanırlar. Yəni, Elxan Məmmədova deyə bilmirsiz ki, yardım etsin? Böyük oğlum əsgərlikdən gəldi, ayağı qırılmışdı, əməliyyat olundu. İkinci oğlum da hərbi xidmətdədi. Tovuzda, Şuşada, Hadrutda Azərbaycan bayrağını asdı. Bunların övladları isə heç yerə getməyib. Qiymətləndirsinlər də. Ailəm böyükdü. Veteran futbolçu olmağı bir kənara qoyduq. Bəs insanlıq harada qaldı? "Kəpəz” Birinci Divizionda çıxış edir. Bilirik ki, maddi durumu zəifdi. Buna baxmayaraq, çağırdılar, idman geyimi, çanta, idman ayaqqabısı verdilər. Çox sağ olsunlar, nəzarətdə saxlayırlar. AFFA-nın imkanı isə daha böyük şeylərə çatır. Amma heç nə etmirlər. Müzəffər müəllimin 85 yaşı var. O mənimlə necə maraqlanacaq? Amma öz işi ilə bağlı problem yarananda, 17 yaşı olur, qaça-qaça gedib həll edir. Həyatımı futbola həsr etmişəm, "Kəpəz”də, "Şəmkir”də "Dinamo”da, Polis Akademiyasının komandasında, 1988/89-cu illərdə Moskvada oynamışam. İnsanı qiymətləndirərlər. Deyirəm gəlin reportaj hazırlayın, gəlmirlər. Hamı AFFA-dan qorxur, nədisə anlamıram. Jurnalist azaddı, heç kim heç nə deyə bilməz. Mən də gördüm ki, AFFA-nın gəncəli veteranlarla arası yoxdu. Çünki hər şeyi düzgün danışırlar, heç kimə yaltaqlanmırlar. Ona görə də bizi bəyənmirlər. Bakıdan gəldilər. Din xadimləri, ölkənin hər yerindən baş çəkdilər. Ancaq AFFA-dan heç kim gəlib maraqlanmadı. Əslində, heç mənə lazım deyil. Gətirin hərəniz o raket düşən yerə bir qərənfil qoyun. İnsanlıq edin. Etmirsizsə deməli, damarlarınızda azərbaycanlı qanı axmır”.

Samir Allahverdiyev: "Hadisədən iki gün sonra bizə zəng vurub, dedilər ki, "sizinlə əlaqə saxlayacağıq”. Ancaq sonradan maraqlanan olmadı. Cəmi 3 veteran futbolçuyuq. Bu gün 3 futbolçunun yanında ola bilmirlərsə, bəs onlar nə vaxt yardım edəcəklər, anlamıram. AFFA-dan heç bir kömək görmədik. Camaat evlə təmin olunub, hamı kirayədə qalır. Ancaq nə Müzəffər Qasımov, nə veteranlar, nə də AFFA maraqlanıb. Yalnız "Kəpəz”in rəhbərliyi bizə qayğı göstərib. Müraciət etdik, qayğı göstərmələrini istədik. Dedilər "əlaqə saxlayacağıq”, daha sonra heç bir xəbər çıxmadı. Camaatın vəziyyəti çox pisdi, dolanışıq ürəkaçan deyil. İş də yoxdu. İndi pandemiya dövrüdü. Sağ olsun, prezident qayğı göstərir. Amma AFFA-dan maraqlanan olmadı”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər