Gəncənin qaz təminatı bərpa edildi


"Azəriqaz" İstehsalat Birliyinin qərargahına gecə saatlarında daxil olan məlumata görə oktyabrın 17-də saat 00:50-də düşmən tərəfindən Gəncə şəhərinə atılan raketlərin törətdiyi dağıntılar səbəbindən həmin saatlarda təhlükəsizlik tədbiri olaraq şəhərin bütünlüklə qaz təminatı dayandırılıb.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, saat 07:35-də Gəncə şəhərində 150 abonent istisna olmaqla qaz təchizatı bərpa olunub: "Hadisə baş verən M.Hacıyev və M.Axundzadə küçələrində 9 abonentin ünvanı isə artıq yoxdur".

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01:00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, onlarla şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.