Ru
11:52 / 08 Sentyabr 2021

Gənclərlə qlobal müzakirə

5143

Məzahir Əfəndiyev,

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı


Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilərək istər gənclərin mədəni-sosial həyatının təşkili, istərsə də onların elmi, vətənpərvərlik biliklərinin müasir çağırışların tələblərinə uyğunlaşdırılması istiqamətində kifayət qədər böyük işlər görülmüşdür. Xüsusilə də Azərbaycan gənclərinin qlobal-siyasi debatlarda iştirakçılığı, habelə yeni platformalarda özlərinin aktiv rolu Azərbaycan gəncliyinin böyük potensialının varlığını bu gün də təsdiq edir.


44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi zamanı müzəffər Azərbaycan Ordusu, yeni və vətənpərvər Azərbaycan gəncliyi Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin qorunmasını, davamlı inkişaf etdirilməsini, dünyada xalqların, sülhün və əmin-amanlığın, yüksək insani dəyərlərin inkişafında fəal təbliğatçı olduqlarını bir daha bütün dünyaya nümayiş etdirdi.

Dayanıqlı İnkişaf Məqsədlərinin 17 Gənc Səfirinin iştirakı ilə 07 sentyabr 2021-ci il tarixində BMT Baş katibinin Gənclər üzrə xüsusi nümayəndəsi xanım Jayathma Vickramanayake ilə onlayn görüş baş tutmuş və bu görüşdə “2030 Gündəliyin”də mövcud olan çağırışların müzakirəsində Azərbaycan gənclərinin iştirakçılığı əsas hədəf olaraq müzakirə olunub. Görüşdə Milli Məclisin üzvü olaraq Azərbaycan Parlamentinin gənclər siyasətinin ölkədə icrasına və gənclərə olan dəstəyindən, Gənc Səfirlərin DİM-lərə nail olunmasında həyata keçirilən işlərdən və bundan sonra da bu “Gündəliyin” reallaşmasında Parlamentin həvəsli olduğunu diqqətə çatdırdım.

BMT Baş katibinin Gənclər üzrə xüsusi nümayəndəsi xanım Jayathma Vickramanayake də öz növbəsində BMT Baş katibi Antonio Quttereşin salamları ilə yanaşı, Azərbaycan gənclərinin universal qərarların icrasındakı fəallığını xüsusi vurğulayaraq yüksək qiymətləndirdi. Görüşdə eyni zamanda, BMT İnkişaf Proqramının ölkəmizdəki rezident əlaqələndiricisi Alessandro Frakasetti çıxış edərək Azərbaycan gəncliyinin potensialı və qlobal çağırışların yerli səviyyədə icrasının uğurlarından bəhs etdi, xüsusi olaraq bu sahədə Azərbaycan hökuməti, Gənclər və İdman Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlığın formalaşdığını bildirdi.



Gənc Səfirlər bu görüşün əhəmiyyəti ilə yanaşı olaraq, təmsil etdikləri məqsədlərin kontekstində gələcək əməkdaşlıq imkanları, regional və qlobal səviyyədə BMT Baş katibinin Gənclər üzrə xüsusi nümayəndəliyinin gördüyü işlərə cəlb olunmaları barədə təkliflər də səsləndirdilər. BMT-nin DİM üzrə Gənc Liderləri, İqlim Dəyişikliyi üzrə xüsusi Məsləhət qrupu və digər mühüm layihələrə cəlb olunmaq barəsində ətraflı müzakirələr aparıldı.

DİM üzrə Gənc Səfirlər layihəsinin koordinatoru Zərifə Zülfüqarova sosial innovasiyaların BMT tərəfindən icra strategiyaları və bunun 2030 Gündəliyinin uğurlu icrasında rolu barədə məqamları qeyd edib. Nəticə olaraq, görüş qarşılıqlı fikri mübadiləsi və gələcək əməkdaşlıqların qurulması üçün mühüm bir platformaya çevrilib.
Həmçinin görüş zamanı DİM2 üzrə Gənc Səfir Bəyimxanım Məmmədova, DİM15 üzrə Gənc Səfir Gülsarə Qasımova, DİM1 üzrə Gənc Səfir Şərqiyyə Həsənova, DİM7 üzrə Gənc Səfir Ləman Cəlilova Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması və məqsədlərə nail olmaq üçün BMT tərəfindən hazırlanan yol xəritələrinin gənclər tərəfindən hansı formada icra olunmasına dair suallar səsləndiriblər.

Onu da qeyd edək ki, 2014-cü ilin 26 mart tarixində Bakı şəhərində keçirilmiş ''Gənclər Siyasəti üzrə Qlobal Forum''da ilk dəfə olaraq dövlət gənclər siyasətini icra edən və ya nəzərdən keçirən 150-dən çox üzv ölkədən 700-dən çox nazir, mütəxəssis və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ölkəmizdə gənclər arasında könüllülük hərakatı geniş vüsət alaraq artıq təşkilatlanmış bir orduya çevirilib. Bu işin arxasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri və gənclərə olan məhəbbəti dayanır.
Azərbaycan gənclərinin qlobal çağırışlarda, habelə qlobal gündəliyin icrasında iştirakçılığı bundan sonra da ikitərəfli və çoxtərəfli əməkdaşlıqla davam etdirilməli və Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər sahəsinin inkişafı üçün yaradılmış bütün infrastrukturdan maksimum istifadə etməklə formalaşmaqda olan yeni nəsildən ali dəyərlərin qorunmasında və inkişaf etdirilməsində istifadə olunmalıdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər