Ru
14:51 / 09 Sentyabr 2019

Göygöldəki qan donduran qətlin təfərrüatı - “YOX” dediyi üçün başı kəsilib” - FOTO

10193

Göygöl rayonunda sentyabrın 8-də baş vermiş qətlin təfərrüatı məlum olub.


Xatırladaq ki, rayonun Üçtəpə kəndində 35 yaşllı Cəlili Günay Yusif qızı yaşadığı evdə boğazı kəsilərək öldürülüb. Qətli törədən Orxan adlı şəxs bir il əvvəl Günay Cəlili ilə Beynəlxalq Bankın Gəncə filialında işləyib. Oğlan Mühafizə Polisinin əməkdaşı kimi filialın mühafizəsini təmin edib.

Hazırda hadisənin dəqiq baş vermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.

BakuPost.az xəbər verir ki, missiya.az qətlin təfərrüatına aydınlıq gətirmək üçün mərhumun xalası oğlu Ramil Qurbanovla əlaqə saxlayıb. Ramil Qurbanov açıqlamasında bildirib ki, Günay Cəlilini öldürən Orxan adlı şəxs onunla ailə qurmaq istəyib: “Qətlin törədilməsinin bir səbəbi var. Cinayəti törədən Orxan hər dəfə Günayı təhdid edirmiş. İsrar edirmiş ki, onunla ailə qursun. Qadın isə xarakterinə, ailədə aldığı tərbiyəyə və övladlarına görə həmin şəxsin təklifinə müsbət cavab verməyib. Günay Cəlilinin 2 övladı var. Biri 8-ci sinifdə, digəri 9-cu sinifdə oxuyur. Qadın uşaqlarına görə oğlanın təklifini dəfələrlə rədd edib. Oğlan yenə əl çəkmirdi. Həmin şəxs özünü manyak kimi aparırdı. Günaya deyirdi ki, "Ya mənim olacaqsan, ya da heç kəsin!" Qətlin törədilməsində başqa heç bir səbəb yoxdur. Yalnız Günayın "yox" deməsidir. Hamı Günayı yaxşı tanıyırdı. Onun neçə namuslu, ismətli xanım olduğunu hamı bilir. İş yerində abır-həyası ilə seçilirdi. Yalnız övladlarının gələcəyini təmin etməyi düşünürdü. Orxan onun həyatını məhv etdi”.



Ramil Qurbanov bildirib ki, Günay Cəlili gecə saat 04:00 radələrində qətlə yetirilib: “Orxan arxa pəncərədən evə daxil olub. Qətl törədilərkən Günayın yanında qızı Leyla və bibisi qızı Hüseynova Gülşən olub. Qızı Leyla səs-küyə oyanıb gəlib. Hadisə zamanı Günayın atası isə evdə olmayıb".


Mərhumun yaxınının sözlərinə görə, Orxan mütəmadi olaraq Günayın ailəsini təhdid edib: “Son bir ayda həmiş şəxs Günay xanımın evinin ətrafında gəzirmiş. Həmin şəxs qızın atasına mesaj yazırmış ki, “Vaxtınıza az qalıb, sizin hamınızı öldürəcəm”. Hazırda mərhumun telefonu müstəntiqdədir. Bir dəfə mənə də gizli nömrədən zəng etmişdi”.


Günayın atasının Orxanın bütün qohumları ilə danışdığını deyən Ramil Qurbanov bildirib ki, bütün söhbətlərə, xəbərdarlıqlara baxmayaraq, oğlan qızdan əl çəkməyib və nəticədə onu qətlə yetirib: “Orxan subaydır. Qızın atası Orxanın bütün qohum-əqrəbəsi ilə görüşüb. Bir dəfə polisə dilindən izahat verib ki, mən Günay Cəliliyə 100 metrdən artıq yaxınlaşmayacam. Amma sonda buna məhəl qoymadı”.




Mərhumun qohumu Orxanın Günayı narahat etməsi ilə bağlı aylar öncə hüquq-mühafizə orqanlarına müraciət edilib: "Buna baxmayaraq, Orxan heç bir qadağaya məhəl qoymurdu. Hətta qıza 100 metrdən artıq yaxınlaşmama qadağasını belə yerinə yetirmirdi. Elə belə hərəkətlərinə görə bankdan qovulub. Bizim əlaqədar orqanlardan yeganə istəyimiz odur ki, məsələ obyektiv araşdırılsın, Günayın iki yetim qalmış balasının gələcəyini nəzərə alaraq, hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılmasına imkan verilməsin və qatil öz layiqli cəzasını alsın. Atasız qalmış uşaqlar, uzun müddətdir ki, Orxanın yaratdığı qorxu içində yaşayırdılar. İndi onlar analarından da məhrum oldular. Bu çox dəhşətli faciədir. İnsanlar, sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, yalanı, şər-böhtanı yaymaqdan çəkinsinlər. Günayın bir manyak məhv etdi. Heç olmasa onun balalarının heysiyyatına toxunmayaq”.

Şərhlər
  • Sema

    ????

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər