Ru
09:49 / 07 Sentyabr 2021

Günəşli havanın bol olduğu yer

5744

Tofiq Hüseyn


Başqalarını deyə bilmərəm, mən Girdiman çayını keçəndən sonra Kürdəmir ərazisinin başlandığını düşünmüşəm. Girdiman çayı sanki bu torpağın ətri, havası ilə adamı qarşılayır. Amma başqa səbəb də var: Girdimanı keçəndən sonra Bakı-Tbilisi magistralının hər iki tərəfinə düzülmüş, tam müasir üslubda, dünya standartları ilə səsləşən otellər, restoranlar, mehmanxanalar, yanacaqdoldurma məntəqələri ilə qarşılaşırsan. İnanmaq çətindir, respublikanın Kürdəmir boyda ərazidə elə bir rayonu olsun, orada bu qədər otelə, mehmanxanaya rast gələsən. Buradaca qeyd-şərtsiz deməliyik ki, təkcə bu fakt rayon əhalisinin qonaqpərvərliyinə dəlalət edən ən tutarlı göstəricilərdən biridir.


Rayon mərkəzi Kürdəmir şəhəri şimala-cənuba, şərqə-qərbə uzanan yollar ayrıcında yerləşir. Kürdəmiri Bakı ilə Gəncə, yaxud Bakı ilə Şamaxı, Bakı ilə Füzuli istiqamətində yerləşən mərkəz də hesab etmək olar. Belə yerlərdə müsafirlər bir azca nəfəs almaq, hətta gecələmək fikrinə düşürlər. Uzun illər bu öhdəliyi dost-tanış, qohum-əqrəba evləri, mənzilləri icra etsə də, sonralar otel, mehmanxana xidməti yaratmaq zərurəti meydana gəlib. Dəniz səviyyəsindən aşağıda qərar tutduğu üçün burada havaların hərarəti respublikanın orta göstəricisindən bir qədər yuxarı olduğundan Kürdəmir ən çox “isti yer” kimi tanınır. Bəzən ünvanına lətifələr qoşulur, yazılar da olur ki, “isti yer”, çətin yaşayış yeri kimi qələmə alınır. Bunlar öz yerində, biz, Kürdəmirin və əhalisinin son dərəcə gözəl xüsusiyyətləri, burada illər boyu yaranmış qonaqpərvərlik, insanpərvərlik, işgüzarlıq ənənəsi barədə danışmaq niyyətində deyilik. Təbiətin bu “isti yerə” bəxş etdiyi nemətlər barədə qısa xatırlama aparmaq yerinə düşər.

Yetmişinci illərdə maraqla baxdığımız “Görüş yerini dəyişmək olmaz” filminin baş qəhrəmanı, məşhur müğənni və aktyor Vladimir Vısotski dialoqlarının birində son dərəcə hörmətlə “Kürdəmir” şərabının adını çəkir. Filmdəki hadisələr rus inqilabından bəhs edirsə, deməli, bu şərabın tarixi keçən əsrin əvvəllərinə gedib çıxır.

Tanınmış şərabçı, professor Vüqar Mikayılovun “Kürdəmir” şərabı barədə bəzi məlumatları maraq doğurur:

“Ağdam” şərabı təkcə Rusiyaya ixrac edilirdi. Başqa ölkələrə ixrac edilən şərabımız, əsasən, kaqor tipli şərab idi. O da “Kürdəmir” şərabı idi. Kürdəmirdə istehsal olunan bu şərab “Şirvanşahı” sortundan hazırlanırdı. Tərkibini 23 faiz şəkər, 16 faiz spirt təşkil edirdi. Şərabdan dəymiş gavalı qoxusu gəlirdi. Desert şərabı sayılan Kürdəmir şərabları Brejnevin, Vatikanın sevimli içkisi idi. Sovetlər dövründə bu şərab ilk dəfə İtaliyaya ixrac edilirdi.

Ardınca daha maraqlı faktlar səslənir. Aydın olur ki, rus çarı Fransada olarkən “Beni Karlo” adlı üzüm sortunun öz bölgələrində də əkilməsi və ondan şərab hazırlanmasına dair göstəriş verir. O dövrün tanınmış şərab mütəxəssisi Dolqanov Rusiyanın cənubunda və Qafqazda dünyanın ən tanınmış şərab markalarından olan “Beni Karlo” dadında və keyfiyyətində üzüm sortunu axtarır. Azərbaycanın da bölgələrini gəzir, ancaq həmin sortu tapa bilmir. Kürdəmirdə dəmiryolu stansiyasında bir qadından üzüm alıb vaqona əyləşir. Bir gilə ağzına atan kimi qışqırır ki, “tapdım, Beni Karlo”. Vaqondan düşüb qadının arxasınca qaçır. Qadın bunu görüb qorxur, o da qaçmağa başlayır. Nəhayət, Dolqanov qadına çatır və üzümü haradan aldığını soruşur. Beləcə “Kürdəmir” şərabı ərsəyə gəlir. Şərab “Şirvanşah” üzüm sortundan hazırlanır. Bu sort yalnız Kürdəmirdə yetişir.

“Kürdəmir” şərabının 1927-ci ildən istehsal edildiyi deyilir. Əslində bu rəqəm xeyli mübahisəlidir. Kürdəmir rayon qəzetinin redaktoru yerli qəzetdə Kürdəmir şərab zavodunun 2000-ci ildə 100 illik yubileyinin qeyd olunduğuna məqalə həsr etmişdi. Rus çarı “Beni Karlo” üzüm sortu ilə maraqlanırsa, Vladimir Vısotski rus inqilabından bəhs edən filmdə “Kürdəmir” şərabının adını çəkirsə, deməli, zavodun tarixi əsrin əvvəllərinə təsadüf edir.

“Şirvanşah” üzüm sortu məhz Kürdəmir ərazisində yetişir. Sortun bərpası, artırılması, davamlı istifadəsi məqsədilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri rayona elmi ekspedisiya təşkil ediblər.

Ekspedisiya üzvləri rayonun Mürtülü, Yenikənd, Dəyirmanlı kəndlərinin və Karrar qəsəbəsinin köhnə üzüm bağlarına, fermer, ailə-kəndli və ev təsərrüfatlarına baxış keçiriblər. Alimlər “Yenikənd” kiçik ailə-fermer təsərrüfatının sahibi Sahib Qasımovun həyətyanı sahəsində “Şirvanşahı” tənəklərinə rast gəliblər. Ev sahibinin sözlərinə görə bu tənəklərin yaşı 200 ildən çoxdur. Üzüm sortunun tənəklərindən çubuq tədarükü zamanı əkin materialı kimi istifadə edilməsi nəzərdə tutulub.

Günəşli havaları bol olan Kürdəmir torpağında yetişən “Şirvanşahı” sortu respublikada şərabçılıq üzrə milli brendlərin istehsalında və ixrac potensialının artırılmasında mühüm rol oynaya bilər. Uzun illər Kürdəmir rayonunda aqrar sahəyə rəhbərlik etmiş, ərazidə savadlı mütəxəssis kimi tanınan Əşrəf Şükürov deyir:

- Femerlər son illərdə “Şirvanşahı” sortunun əkininə maraq göstərirlər. Artıq bir neçə ünvanda plantasiyalar salınır. Yaxın illərdə emal müəssisələrinin açılması nəzərdə tutulur.

“Kürdəmir yemişi”, “Kürdəmir narı” - respublikada az adam tapılar, bu adların da hörmətlə çəkildiyinə şahidlik etməsin. Günəşin qaynar şüalarından əmələ gələn bar-bəhər insana ağız dadı, şirinlik, ləzzət bəxş edir. Təbiət Kürdəmirdən məhz bu əvəzsiz nemətini − istisini və hərarətini əsirgəməmişdir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər