Ru
15:46 / 26 Aprel 2019

– Onlara hansı cəza verilməlidir? Hamını zibilə salanlar...

3357
 

Tullantıları zibil qutusuna atsaq dünya dağılmaz. Əksinə dünya natəmizliklə dağılır. 


Ölkəmiz dünyanın mədəniyyət mərkəzlərindən biri olsa da, hazırda  Avropa xalqlarında olan ictimai düşüncə bizim cəmiyyətimiz üçün hələ ki tam olaraq formalaşmayıb. 


Elə buna görə də az qala hər dəqiqə eyni mənzərə ilə rastlaşırıq: avtomobillərin şüşələri endirilir, pəncərədən çölə siqaret kötüyü, kağız, plastik içki qabları və  digər tullantılar küçəyə atılır... Utanmaq yerinə, bunu normal hal kimi təqdim edənlər də var. Sanki bu belə də olmalıdır. Təhsilli, dünyagörüşlü, bəzən hətta vəzifə sahibləri bu qüsurlu davranışı edəndə adam məəttəl qalır. Süpürgəçilər var deyə, ictimai yerləri zibilləmək görəsən, hansı əsassız "kübarlığın” təzahürüdür?


 "Niyə ekologiyanı korlayırsan"  


 

sualına cavablar isə demək olar ki, eynidir: "Neynəməliyik? Cibimizə qoymalıyıq? Atmalıyıq də!!!" 


Əslində, atmalıdılar, di gəl ki, zibil qutularına!

 



Ətrafa zibilatmağın ən təhlükəlisi bunun nəqliyyatın hərəkətdə olduğu zaman edilməsidir. İdarə etdiyiniz maşının sürətini, atdığınız tullantının çəkisini nəzərə alın ki, küləyin sürəti və axını "zibil”inizi sizdən arxada gələn nəqliyyat vasitələrinə çırpıb, ziyan vurmasın. Bunu təxmin etməyənlər də var. Bəla isə, əksəriyyətinin bu xoşagəlməz reallığı bilməsidir. Bəhs etdiyimiz səbəblərə görə avtomobil qəzaları da qeydə alınıb.

 

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, bununla bağlı qanunvricilikdə cərimə nəzərdə tutulsa da, demək olar ki, heç bir irəliləyiş qeydə alınmır: "Yol hərəkəti haqqında qanunda cərimələr nəzərdə tutulur. Çox təəssüflər olsun ki, bayıra zibil atanları tam olaraq aşkarlamaq, cərimələmək çətindir. O insanları aşkarlayıb inzibati qaydada qərar çıxartmaq lazımdır ki, həmin yeri 3 gün özü süpürsün və bununla da inanıram ki, bunlar maşından heç bir tullantı atmayacaq. Hərdən elə olur ki, sürücü də sərnişin də analoji davranışları sərgiləyirlər”.


 

Ekspertin sözlərinə görə, yeganə çıxış yolu yüksək cərimədir: "Cərimə varsa problem həll olacaq”. 

 

 

Problemin həllini maarifləndirmədə görənlər də var. 


Ətrafı zibilləmək asandır, lakin ekologiyaya vurulan ziyanla barışmaq çətindir. Ekoloq Telman Hüseynov  xoş olmayan tendensiya ilə bağlı həyəcan təbili çalır: 

 

"Təbiətə atılan tullantılar çürümə müddətindən asılı olmayaraq, epidemiyaların yayılmasına şərit yaradır. Ətraf mühit çirklənir, çürümə nəticəsində ətrafında yığışan qurd-quş, siçovul, it-pişik. Əsasən sahibsiz, quduz itlər orada qidalanır, bu da onların insanlara hücum faktlarının səbəblərindəndir. İlk növbədə camaatı öyrətmək lazımdır ki, zibili yeşiyə atın, kənara yox! Uşaqlıqdan hamımızı öyrədirlər. 

 

Amma bu davranışlarla  maariflənmiş adamlara oxşamırıq. Bizə cərimə lazımdır. Təbiəti qoru, təbiətdən istifadə et və rahat yaşa”. 


Qeyd edək ki, magistral yolları zibilləyən sürücülər İnzibati Xətalar Məcəlləsinə əsasən 40 manat, sərnişinlər isə 30 manat cərimə edilir.

 

Ayna Məmmədova

BakuPost
– Onlara hansı cəza verilməlidir? Hamını zibilə salanlar...
– Onlara hansı cəza verilməlidir? Hamını zibilə salanlar...
– Onlara hansı cəza verilməlidir? Hamını zibilə salanlar...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər