Həbs olunan Rasim Məmmədovu kimlər və niyə tərifləyib - İlginc məqamlar

“Baku Steel Company”nin sabiq rəhbərinin qanunsuzluqlarının ört-basdır edilməsi üçün müxtəlif planlar varmış...

“Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sabiq sədri, hazırda həbsdə olan Rasim Məmmədovun saysız-hesabsız qanunsuzluqları cinayət işi çərçivəsində araşdırılmaqdadır. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 3-də rəsmi məlumat yayıb.

DTX qeyd edir ki, Rasim Məmmədovun ölkədə metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına və dövlətin mənafelərinə zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı daxil olmuş məlumatlar araşdırılıb. Açıqlamaya görə, onun satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon manatı mənimsəməsinə, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsinə əsaslı şübhələr yaranıb: “Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”. Bu açıqlamaya hələlik Rasim Məmmədov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

55 milyon manatlıq mənimsəmədə ittiham edilən Rasim Məmmədovun metallurgiya sahəsində çalışmış iş adamlarına qat-qat artıq məbləğdə ziyan vurduğu da gizli deyil. İstintaqın gedişində Rasim Məmmədova qarşı irəli sürülmüş ittihamın vurulmuş ziyanla bağlı hissədə dəyişəcəyi, artacağı ehtimalı böyükdür. İllərlə onun iş adamlarına qarşı qanunsuz addımları haqda Azərbaycan mətbuatında müxtəlif səpkili yazılar dərc olunub. Ramiz Mehdiyevin orbitində olan bir çoxları kimi Rasim Məmmədov da belə hallarda törətdiyi qanunsuzluqların ictimailəşməsinin qarşısını almaq üçün məhkəmələrə iddialar göndərib. Administrativ üsullarla mətbuata və qanunsuzluqlara etiraz edən iş adamlarına qarşı qərarlar verilməsinə nail olub. “Yeni Müsavat” qəzetinə qarşı da Rasim Məmmədovun saysız-hesabsız iddiaları olub. Qəzetin ayrı-ayrı əməkdaşları məhkəmələrə çəkilib. Belə iddialar mətbuatın və iş adamlarının susdurulmasına hesablanıb. 2 il əvvəl Rasim Məmmədovun ətrafında halqa daralarkən Ramiz Mehdiyevin ətrafında olan vəzifə daşıyıcıları, deputatlar ona dəstək üçün səfərbər olunublarmış. Mümkün həbsdən qurtulmaq üçün müxtəlif addımlar atılıb. Məsələn, o günlərdə Ramiz Mehdiyevin əlindən “Xalq yazıçısı” adını alıb parlamentdə oturan Elmira Axundova Rasim Məmmədovun adını yazdığı kitabların yuxarı başına keçirib. Sosial mediada, mətbuatda bu məqam xüsusi olaraq qabardılıb.


Bu, o zaman baş verib ki, hüquq-mühafizə orqanları Rasim Məmmədovun rəhbərlik etdiyi “Baku Steel Company” MMC-də araşdırma aparırdı, böyük cinayətlərin üstünün açılacağına şübhə qalmırdı. Kitab müəllifi Rasim Məmmədovu elə təqdim edirdi ki, guya o, təpədən-dırnağa qədər iqtidara xidmət edir. Faktiki isə Rasim Məmmədovun reyderliyi, metallurgiya sahəsindəki fəaliyyəti göz qabağındadır. Sadəcə, Rasim Məmmədovu xilas etmək lazım idi və bu işə böyük şövqlə girişmişdilər. Halbuki o günlərdə Rasim Məmmədovun, onun şefinin və ətrafındakıların “kitabı bağlanmışdı”. Yaxın zamanlarda həmin kitabın yığışdırılacağı da məntiqli görünür.

Rasim Məmmədov həbs ediləndən sonra Azərbaycan məhkəmələrində mətbuata və ayrı-ayrı iş adamlarına qarşı iddiaları, şikayətləri qalıb. Bu iddiaların, şikayətlərin tezliklə geri çevriləcəyi, təmin edilməyəcəyi də indidən bəllidir./Musavat.com