Ru
11:15 / 08 Noyabr 2021

Həmidə Ömərovadan Zəfər günü ilə bağlı duyğusal açıqlama: “Qardaşı şəhid olan əsgər mənə dedi ki…”

13241
“Şuşada qardaşı şəhid olan bir əsgər mənə ömrünün axırına kimi orada xidmət edəcəyini dedi”

“Azərbaycanın qəhrəman əsgər və zabitləri, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına başda Şuşa şəhəri olmaqla, işğal altında olan torpaqlarımız 30 ildən sonra bizə qaytarıldı. İllər keçdikcə daha dərindən Qələbənin tarixi əhəmiyyətini, nə qədər əziz olmasını, ölkəmiz üçün hər baxımdan çox önəmli olmasını dərk edəcəyik. 44 günlük Vətən müharibəsinin hər günü tariximizin ən yaddaqalan, silinməz qəhrəmanlıq səhifələridir”.

Bu sözləri Bakupost.az -a Xalq artisti Həmidə Ömərova Zəfər günü ilə bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, Xarıbülbül festifalında olarkən Şuşanın möcüzəsinin, möhtəşəmliyinin əyani şahidi olub:

“Mən ilk dəfə Şuşada Xarıbülbül festivalında oldum. Düzdür vaxtıilə “Üzeyir Hacıbəyov: Uzun ömrün akkordları” filmində çəkilmişəm. Orada hadisələrin çoxu Qarabağda, Şuşada cərəyan edib. Amma mən özüm Üzeyir bəyin həyat yoldaşı Məleykə xanımı oynasam da Üzeyir Hacıbəyovla bağlı çəkilişlərim Sankt Peterburqda, İçərişəhərdə, Dağüstü Parkda, Üzeyirin Ev Muzeyində çəkilib. Mən Şuşada olmamışdım. İlk dəfə Xarıbülbül festivalıda azad Şuşaya qədəm qoydum. Çox sevinirəm ki, azad Şuşanın havasını oddum, hər qarışını gəzdim. Şuşanın hər qarışını igidlərəmiz necə böyük qəhrəmanlıq, şücaət göstərərək azad etdiyini görmək olurdu. Ən duyğulandıran məqam isə uçuq-sökük binaların hər birinin üzərində şəhidlərimizin, qəhrəman oğullarımızın adlarını, hətta ünvanlarını da görmək idi. İlk dəfə Şuşada olsam da, yenidən oranı görmək üçün darıxıram.


Oradan qayıdandan sonra Firəngiz Mütəllibova ilə danışdıq. Firəngiz xanım da şuşalıdır. Şuşada olarkən onların evini axtarırdıq, tapdıq. Firəngiz xanım çox kövrəldi. Çünki evdən əsər-əlamət qalmamışdı. Dağılmış evlərin içərisində ağaclar, kol-kos bitmişdi. Şuşada bizə yol göstərən əsgərlə söhbətləşdik. O bildirdi ki, 19 yaşı var və Şuşada xidmət edir. Daha sonra qardaşının Şuşada şəhid olduğunu və ömrünün sonuna kimi Şuşada xidmət edəcəyini bildirdi. Baxın belə igidlərimiz var.

Mən bu vaxta qədər kinolarla, festivallarla, işimlə bağlı çox ölkələrdə olmuşam. Heç bir səfər mənə bu qədər böyük təəssürat, sinə dolu məğrurluq, heyranlıq, qürur hissi bəxş eləməmişdi. Cıdır düzündə festival boyu səslənən hər bir mahnı bəlkə də efirlərdə o cür səslənməyib. Ancaq həmin gün azad Şuşada hər bir müğənni tamam fərqli, yəni qürur hissi, böyük sevinclə oxuyurdu”.

Xalq artisti bildirib ki, Şuşayla bağlı dünyanı fəth edən edən filmlər çəkilməlidir:

“Bizim bir gözümüz ağlayır, bir gözümüz gülürdü. Ağlayırdı ona görə ki, şəhidlərimiz, qazilərimiz öz qanı, canı bahasına, düşmənlə əlbəyaxa döyüşdə necə vuruşduqları film lenti kimi insanın gözünün qarşısında canlanırdı, sevinirdik ona görə ki, 30 ildən sonra düşmən işğalında olan torpaqlarımıza qovuşmuşduq. Bu hissləri sözlərlə ifadə etmək çox çətindir.


Polşada doğulan yəhudi mənşəli rejissor Roman Polaniskiyə həmişə deyirdilər ki, sən necə yəhudisən ki, necə millətini sevən oğulsan ki, ancaq kriminal dramlar çəkirsən. İkinci Dünya Müharibəsində millətinizi qırıblar, faşizm məngənəsində qalmısız, yəni belə böyük faciəni yaşamısız, amma siz bunun üçün bir şey etməmisiz. Roman Polaniski bir cavab verdi və “Pianoçu” filmini çəkdi. Həmin o “Pianoçu” filmində, bir pianoçunun timsalında xalqının faciəsini, müharibədə keçirdiyi dəhşətləri göstərdi. Müharibə haqqında 5-6 gözəl film varsa, “Pianoçu” onların ən başında durur.


Mən bir kino sənətçisi kimi arzulayıram ki, Azərbaycanda 44 günlük Vətən müharibəsinin heç olmasa bir epizodunu, yəni Şuşanın alınmasını göstərən elə nəhəng, möhtəşım film çəkilsin ki, biz xalqımızın qüdrətini, cəsurluğunu, əsgər və zabitlərimizin əzmini, şücaətini, qüdrətini bütün dünyaya göstərək. Çünki kinonun emossional təsir gücü daha çoxdur. Ən azı Vətən müharibəsindən bəhs edən 4-5 bədii film çəkilməlidir. Bunun özü bir təbliğat vasitəsidir. Biz dünyaya gücümüzü göstərdik amma dünya tamaşaçısına, dünya kinosevərlərinə çatdırmaq lazımdır. Dünya kinosevərləri böyük bir bir ordudur. Həmin kinosevərlər ordusuna çatdıran bədii ekran əsərlərimiz olmalıdır ki, tarixi həqiqətiləri olduğu kimi, mükəmməl peşəkarlıq səviyyəsində çatdıra bilsin. Bunun üçün bizim mütəxəssislərimizi, tarixçilərimizi, ən yaxşı dramaturqlarımızı, sənətkarlarımızı, Azərbaycan xalqının mentalitetini yaxşı bilən, Azərbaycan oğullarının psixologiyasını doğru çatdıra bilən psixoloqlar, azərbaycanlı aktyorlar cəlb olunmalıdır. Bir sözlə istəyirəm ki, şəhidlərimizin qanı-canı bahasına bizə bəxş olunan bu Qələbəni, Azərbaycan oğullarınn rəşadətini bədii sənət yolu ilə də bütün dünyaya çatdıraq”.

Fəridə Ağazadə
Baku Post
Şərhlər
  • Niyaməddin

    Həmidə xanıma təşəkkür edirik!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər