İcra başçısının xanım müavini Elinanın intiharına görə dindirildi

551
Aprelin 4-də 162 saylı məktəbdə 14 yaşlı Elina Hacıyevanın məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar etməsi həm cəmiyyəti, həm də təhsil sistemini silkələmiş oldu. Hadisənin araşdırılması prosesində məlum oldu ki, yeniyetmə qız məktəbdə ona olan təzyiqlər, məktəb direktorunun və rəhbərliyinin özbaşınalığı üzündən intihara əl atıb və faciəvi şəkildə dünyasını dəyişib.

Ötən həftəsonu mətbuat konfransı keçirən təhsil naziri Ceyhun Bayramov deyib ki, Elina Hacıyevanın ölümü ilə bağlı direktor və direktor müavininin əmək müqavilələrinə xitam verilib, məktəb psixoloqu işdən kənarlaşdırılıb. Həmçinin sinif rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi qərara alınıb.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin direktoru Sevin Abbasovanın həbs olunması, tərbiyə işləri üzrə direktorun müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva və məktəbin psixoloqu Könül Ağayeva barəsində isə ciddi cəza tədbirləri görülməsi ilə bağlı çağırışlar edilir. Baş Prokurorluq bununla bağlı bildirib ki, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başladılıb, şagirdin təhsil aldığı məktəb və sinif rəhbərliyi, habelə digər şahidlər dindirilib.

Qeyd etdiyimiz kimi, hadisənin gedişatında bir çox tükürpədici məqamlar ortaya çıxmaqdadır. Mətbuatda yayılan informasiyalardan belə məlum olur ki, yeniyetmə qız intihar edəndən sonra iki saat yerdə qalıb. Yalnız iki saatdan sonra təcili yardıma müraciət olunub. Bu müddət ərzində Elina sorğu-suala tutulub. Unikal.org saytının yazdığı məlumata görə, şagirdi sorğu-sual edən Səbayel Rayon İcra Hakimiyyətinin müavini  Xalidə Bayramova ifadə vermək üçün Bakı Şəhər Prokurorluğuna çağırılıb, Eina Hacıyevanın intiharı ilə bağlı ifadəsi alınıb. Xəbəri Səbayel Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

"Məktəb direktorlarının böyük əksəriyyətinin arxasında duran deputatlar və məmurlar var. Həmin məktəb direktorları daha çox özbaşınalıq edir və məktəbdə ayrı-seçkilik mühiti yaradırlar. Məlum oldu ki, 162 saylı məktəbin direktorunun arxasında  Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova dururmuş”. Bu sözləri təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə öz səhifəsində qeyd edib. Ekspert bu və buna bənzər hadisələrin qarşısının alınması üçün müəyyən qabaqlayıcı tədbirlər görülməli, bütün məktəb direktorlarının bioqrafiyaları araşdırılmasının vacibliyini vurğulayıb.

Mərhum məktəbli qız üçün 162 saylı məktəbin önündə iki aksiya keçirilib. Aprelin 12-də keçirilən ilk aksiya zamanı Elinanı ananlar məktəbin qarşısına toplaşaraq gül dəstələri qoyub, şamlar yandırıblar. Aprelin 13-də "Məktəbdə zorakılığa son” adlı aksiya keçirilib. 

Elinanın intiharı təkcə ölkəni, cəmiyyəti deyil, həm də məşhurları da ayağa qaldırıb. Hadisə ilə bağlı məlumat yayılandan az sonra ən məşhur sənətçilər sosial şəbəkə, mətbuat vasitəsi ilə cəmiyyətə, ölkə rəhbərinə müraciət ünvanlayıb, yeniyetmə qızın ölümündə günahı olan hər kəsin cəzalandırılmasını istəyib. Onların arasında xalq artistləri, əməkdar artistlər də var. Son olaraq isə əməkdar artist Lalə Məmmədova Elina üçün bunları yazıb: "Yerin cənnətdir, Elina. Ancaq mən heç kəsə belə ”Məktəb illəri" arzulamamışdım. Hərdən düşünürəm ki, Elinanın ölümündə mənim də günahım var. Hər birimiz övladlarımıza "məktəb ikinci evindir” deyirik. Onlar günün yarıdan çoxunu məktəbdə keçirir. Müəllimlik ali peşədir. Əgər sənətinizi sevmirsinizsə, başqa iş tapın özünüzə. Mən də anayam, övladım qarşısında borcum, məsuliyyətim var...

Elinanın anasının çox ağır yükü var, ömrünün sonunadək daşıyacaq. Analar onun nələr çəkdiyini anlayır. Bu, bizə dərs olmalıdır. Boşansaq belə, övladlarımızı diqqətsiz qoymamalıyıq. Çox həssas yaş dövrü keçirlər. Bu 11 il ərzində formalaşırlar. Orta məktəb müəllimlərinin məsuliyyəti böyükdür. Onlar anlamalıdır ki, hər bir uşaq individualdır. Hər fərdə ayrı yanaşmalıdılar. On üç yaşlı və beş yaşlı körpə qızım var. Nəyisə ötürərəm deyə, vicdan əzabı məni izləyir. Azərbaycanın 10 milyoncu vətəndaşı dünyaya gəldi, amma biz Elinanı itirdik. Günahı olan hər kəs cəzalanacaq".

Xatırladaq ki, prezident İlham Əliyev məktəbli qızın intihar hadisəsini nəzarətə götürüb və Elinanın ölümündə günahkar olanların cəzalandırılacağı gözlənilir.

Musavat.com

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər