Ru
18:16 / 18 Avqust 2020

İcra Hakimiyyəti sakinlərin suyunu kəsib - Göl yaradıb, balıq saxlayırlar - VİDEO

5808
Daha bir rayonda – Masallının bir neçə kəndində su problemi yaranıb. Sakinlərdən “BakuPost”a verilən məlumata görə, rayona rəhbərlik edən şəxslərin Tatyançay üzərində balıq gölü yaratması Tatyan, Köhnə Alvadı və daha bir neçə kəndin susuz qalmasına səbəb olub.

Sakinlər iddia edir ki, çay üzərində yaradılmış balıq gölü İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Nazim Muradova məxsusdur.


İcra Hakimiyyətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, problemin həlli ilə bağlı heç bir tədbir görülməyib. Bu səbəbdən də əhali hesab edir ki, göl təkcə N.Muradovun adı ilə bağlı olsa da, o, Masallı rayon icra başçısı Şahin Məmmədovla şərikdir.

Sakinlər bildirir ki, xüsusilə yay aylarında su ilə bağlı böyük problem yaşayırlar:

“Su əsas yayda lazım olur, onda da vermirlər. Qışda isə əksinə, su lazım olmur, açıb buraxırlar. Onda da kəndi su basır. Ötən qış da suyu nizamlamadıqlarına görə evləri su basıdı, iki ev uçdu. FHN iki ev tikəsi oldu. Yay qurtarır. Bütün təssərüfatımız, əkin-biçinimiz məhv olub. Susuzluqdan qırılırıq. Səsimizi isə heç kim eşitmir. Elə bil camaatdan qisas alırlar”.

Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət edilib. Şikayəti araşdıran ETSN-nin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin mütəxəssisi Mirkamil Həsənzadə bildirib ki, həmin su hövzəsi Viləşçay ambarına məxsus bəndlərdən biridir:

“Kənd sakinlərinin şikayəti ilə bağlı araşdırmalara başlamışıq. Bu gün həmin bənddə olacağıq və arayış tərtib edəcəyik”.

Nazirlik rəsmisi bəndin balıq gölü kimi istifadə edilməsindən xəbərsiz olduğunu deyib. O, həmçinin İcra Hakimiyyətində kurator olan Nazim Muradovun rəsmi olaraq bəndə heç bir aidiyyəti olmadığını söyləyib.

Sakinlər isə iddia edirlər ki, N.Muradov Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyevin xalası oğludur. O, yaxın qohumluq əlaqələrindən istifadə edərək, bəndi balıq gölünə çevirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər