Ru
16:10 / 24 Sentyabr 2020

İkili agent olduğu üçün güllələnən rəqqasə - Cəsədi oğurlanan sirli qadının həyat HEKAYƏSİ - FOTOLAR

4088

7 Avqust 1876-cı ildə Niderlandda dünyaya göz açan 20-ci əsrin ən sirli qadınlarından biri - Mata Hari …

Ona bir çox ad verildi, amma heç kim bu ecazkar qadının həqiqətdə kim olduğunu öyrənə bilmədi. Matanın həyat hekayəsi bu gün də tədqiqatçıların düşüncələrini məşğul etməyə davam edən yüzlərlə əfsanədən ibarətdir.

Marqareta Hertruda Zelle yəni, Mata Hari Hollandiyanın Liuvarden şəhərində anadan olub. Üç qardaşın tək bacısı olan Mata Hari zəngin ailədə böyüyüb. Atası papaq dükanına sahib olub və neft sənayesinə uğurlu investisiyalar qoyub.



Marqareta bahalı məktəblərdə oxuyub. Mata 15 yaşında olan zaman anasını itirib. Anası vəfat etdikdən sonra isə demək olar ki, ailələri tamamilə dağılıb.

Sağlığında atası Marqaretanı xaç atası ilə yaşamaq üçün yaxınlıqdakı bir şəhərə göndərib. Həmin şəhərdə Marqareta uşaq bağçasında müəllim olmaq üçün təhsil almağa başlayıb. Lakin məktəb müdiri ona qarşı əxlaqsız davranışlar etdiyi üçün xaç atası Marqaretanın təhsilini yarımçıq dayandırıb. Mata 17 yaşında öz əmisinin yanına köçüb. 19 yaşında olarkən 39 yaşlı zabit Rudolf Мaklid ilə evlənib.



Marqaretanın bu nikahdan 2 övladı dünyaya gəlib -oğlu Norman və qızı Non. Amma ailədə baş verən dəhşətli hadisə bu nikahın dağılmasına səbəb olub. Naməlum şəraitdə balaca Norman zəhərlənib və tələf olub. Sonradan qızı da 21 yaşında ikən vəfat edib. Bu evlilikdən ona qalan yalnız böyük bir xəyal qırıqlığı olub.



Marqaretanın ərini tərk etməsinə səbəb, onun məşuqəsinin olduğunu öyrənməsi olub. Bundan sonra o, başqa bir Hollandiyalı zabitlə münasibət qurur. Bu müddətdə İndoneziya ənənələri və rəqsləri haqqında incəlikləri öyrənir və qısa müddətdən sonra yerli bir rəqs qrupuna qatılır. Beləliklə də səhnədə ona Mata Hari adı qoyurlar. Daha sonra isə Mata pulsuz-parasız Parisə gedir. 'Lady MacLeod' adı altında çıxış etdiyi bir sirkdə işə düzəlir. Şöhrətpərəst olan Mata Hari sirli və maraqlı görünmək üçün özü haqqında bir çox yalanlar uydurur. Yalnız o, təkcə Parisdə deyil, digər Avropa paytaxtlarında da çox sürətlə məşhurlaşır.



Matanın müxtəlif ölkələrdən olan yüksək rütbəli hərbçilər, siyasətçilər və digər nüfuzlu insanlarla münasibətləri yaranır. Beləliklə də o, xeyli varlanır və Parisdə, Haaqada evlər alır.

Birinci Dünya müharibəsinin başlaması isə onun həyatında çox şeyi dəyişir. Mata Harinin əvvəllər sənət adamı olduğuna inanılırdısa, müharibə başlayanda bir çox insan onu təhlükəli bir qadın kimi görməyə başlayır.



Mata Hollandiya vətəndaşı idi. Avropanı da çox gəzməsi səbəbindən xeyli bilgilərə sahib idi. Beləliklə də o, bu kimi keyfiyyətlərinə görə Fransa və Almaniyanın gizli xidmətlərinin diqqətini çəkir.

Mata 1916-cı ildə Rusiya kapitanı Maslovla tanış olur. O, Maslova qısa müddət sonra aşiq olur. Maslov xüsüsusi alayın rus kapitanı idi və Şampani uğrunda gedən döyüşdə iştirak edirdi.

Müharibə ərəfəsində Mata Hari ikili agent olur. O, fransızlara almanlar, almanlara isə fransızlar barədə məlumatlar ötürür. Əlbəttə ki, onun ikili agentliyi uzun müddət davam etmir.

İkili agent olduğu zamanda Mata, hətta Alman şahzadəsi Wilhemi aldatmağı və ondan lazımlı məlumatları almağı da planlayır. Bu məqsədlə 1916-cı ilin sonunda şahzadə ilə görüşmək üçün Madridə gedir. Ancaq bu zaman artıq fransızlar bilirlər ki, Mata Hari ikili agentdir.

“H-21” Mata Harinin alman kəşfiyyatında işlədiyi müddət ərzində onun kodadı olub. Bəzi məlumatlara görə, 1916-ci ildə Mata Hari Elzas və Flandriyaya alman komandanlığının hücum hazırlaması barədə şayiə yayıb. Bunun sayəsində Almaniya düşməni yayındırmağı bacarıb və Fransanın Verden şəhərində qırğınlar təşkil edə bilib.

1917-ci ildə Mata bir oteldə həbs olunub. O, bir çox əsgərin ölümündə və Almaniyaya casusluqda günahlandırılıb. Mata Hari müstəntiqlərə həmişə Fransaya sadiq olduğuna and içib. Hətta,- “Fahişə olduğumu qəbul edirəm. Casus, heç vaxt! "Mən həmişə sevgi və zövq üçün yaşadım", – deyə müstəntiqləri inandırmağa çalışıb.



1917-ci ilin fevral ayında edama məhkum edilən Mata Hari 12 əsgər tərəfindən güllələnərək öldürülüb. 41 yaşında həyatını itirən Mata Harinin cəsədinə sahib çıxa biləcək qohum-əqrəbası isə tapılmayıb. Ona görə, kəşfiyyatçının cəsədindən tibbi məqsədlər üçün istifadə edilib.



Bu gənc və gözəl qadının həyat hekayəsi bir çox rejissor üçün də ilham mənbəyi olub. Onun həyatı haqqında bir çox film və serial çəkilib./Musavat.com


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər