Ru
11:51 / 23 İyul 2020

“İlk öncə”dən qurtarmaq

4693

XEYBƏR GÖYYALLI



Bu barədə dolayısı ilə xeyli əvvəl yazmışam. Ona görə dolayısı ilə deyirəm ki, 2007-ci ildə “Mədəniyyət” qəzetində işləyəndə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədovla mövcud dil problemləri ilə əlaqədar apardığım müsahibənin ilk sualı elə haqqında danışacağım bu dil qüsuru ilə bağlı olmuşdur. “Mədəniyyət” qəzetinin 23 noyabr 2007-ci il tarixli sayında “Dilimiz özümüzdən mübarizdir” sərlövhəli müsahibə janrlı həmin yazıda ilk sual belə idi: “İsmayıl müəllim, söhbətimizə son vaxtlar ekran-efirdə daha çox işlədilən “ilk öncə” söz birləşməsinə münasibətinizlə başlamaq istərdim...” Müsahibimin də fikirləşmədən ilk cümləsi belə olmuşdur: “Mənasız, çalarsız söz yığınıdır. Söz mənasına uyğun işlədilməlidir”.

Bu gün mediada gün ərzində, bəlkə də, ən çox işlədilən ifadələrdən (mənasız və məntiqsiz) biri hələ də “ilk öncə”dir. Bu söz yığınını telekanallardan eşitməkdən, elektron və çap mediasında oxumaqdan bezmişik.

Elə bir gün yoxdur ki, bu dil qüsuru ilə rastlaşmayaq. Telekanallarda aparıcılar və onların müsahibləri sanki “ilk öncə” ifadəsini işlətmədən keçinə bilmirlər. Hətta adamda belə bir assosiasiya yaranır ki, bu ifadəni işlətməklə bir çoxları özlərini hazırlıqlı, savadlı, intellektual bir şəxs kimi nümayiş etdirdiklərini güman edirlər. Əksinə, bu bir-birini mənasızcasına təkrarlayan sözləri işlətmək dili dürüst bilməməkdən xəbər verir. Televiziya kanallarında danışanların əksəri nitqinə “ilk öncə” ifadəsi ilə başlayır. Ən çox təəssüf doğuran hal odur ki, bu bir-birini təkrarlayan , sünicəsinə yaradılmış söz birləşməsini jurnalistlər və dilçilər belə işlədirlər.

“İlk öncə” ifadəsi dilimizdə çox işlədildiyindən sünicəsinə bir ümumişləklik statusu qazanıb. Əslində, “ilk” və “ön(cə)” sözləri sinonimdir. “İlk” və “ön(cə)” sözləri birinci, qabaqkı, əvvəlinci mənalarını ifadə edir. Eyni məna ifadə edən iki sözün yanaşı işlədilməsinə ehtiyac varmı? Əksinə, bu məqamda sinonimlərin yanaşı işlədilməsi məna, məntiq və üslub baxımından səhvdir, özü də lap kobud səhv. Dil (dilçilik elmi) məntiq üzərində qurulub. Dil məntiqsiz nə varsa, gec-tez kənara atır. Ancaq o da var ki, hər hansı bir səhv (dil qüsuru) kortəbii olaraq geniş yayıldıqda ictimailəşir və sonda “qəlibləşib” leksikona daxil olur. Necə ki, bu gün “ilk öncə” heç bir məntiq olmadan leksikonumuza daxil olub, “İLK ÖNCƏ” demək və yazmaq səhvdir.
Səhvdən imtina isə heç vaxt gec deyil!


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər