İnhisar, yoxsa inkişaf: Yeni gətirilən taksilər bizi hara aparacaq?

  • 13 Avq 2020 14:39
  • 5024 Baxış
İnhisar, yoxsa inkişaf:  Yeni gətirilən taksilər bizi hara aparacaq?


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti paytaxta altı nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd “London taksi”si gətirib.

Dünən yeni taksilərin təqdimatı da oldu. Bir çoxları yeni, daha müasir avadanlıqlarla təchiz edilmiş taksilərin gətirilməsinə sevinsə də, bəzi iqtisadçı-ekspertlər bundan narahatdırlar.

"BakuPost" xəbər verir ki, bu cür mütəxəssislərdən biri də Samir Əliyevdir.



İqtisadçının fikrincə, dövlətin aktiv şəkildə biznesə girişməsi müsbət tendensiya deyil:
"Bu dəfə də dövlət xətti ilə vergi ödəyicilərin pulu hesabına alınan mal və xidmətlərin qiyməti ictimaiyyətdən gizlədildi. Bu taksilərin neçəyə alınması barədə məlumat verilmədi. Təəssüf ki, taksini istehsal edən şirkətin saytında da bu barədə məlumatı əldə etmək mümkün deyil. İnternetdə bir az axtarış verib onların təxmini qiymətini tapa bildim. Məlum oldu ki, bu modellərin qiyməti 57099 funt sterlinq (təxminən 127 min manat) edir. Maşının konfiqurasiyasından asılı olaraq, bu qiymət dəyişə bilər, ancaq qiyməti təxminən bu həddə hesab etmək olar. Deməli, bu taksilərə ümumilikdə 12-13 milyon manat civarında pul ödənilib.



Belə baxanda narahatçılıq heç də təkcə dövlət xətti ilə alınan 12-13 milyon manatlıq taksidə deyil. Problem dövlətin hələ də aktiv şəkildə biznesə girişməsindədir. Taksi xidməti azsaylı sahələrdəndir ki, kifayət qədər rəqabət var. Yanacağın bahalaşmasına rəğmən, bu sahədə qiymətlər nəinki bahalaşmadı, hətta yaranmış rəqabət nəticəsində ucuzlaşmağa başladı. Dövlət bu sahədə rəqabəti qorumaq əvəzinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində ''Bakı Taksi Xidməti'' MMC yaradıb və öz resurslarından istifadə etməklə özəl sektoru haqsız rəqabətlə üz-üzə qoyur. Bununla da onların inkişafına mane olur. Biz dövlətin büdcə yükünü azaltmaq məqsədilə öz mülkiyyətində olan şirkətləri (kommunal, nəqliyyat və s.) özəlləşdirmək və ya uzunmüddətli idarəyə verməyi gözlədiyimiz halda, dövlət Azərbaycan İnvestisiya Holdinqi yaradıb öz mövqeyini daha da gücləndirmək siyasəti yürüdür".



İqtisadçı-ekspert Qubad İbadoğlu da bu yolla taksi xidmətləri bazarının inhisara alınacağından narahatdır:



"Ötən il jurnalistlərə müsahiblərimin birində inhisarçılıqdan bəhs edərkən "bəs ölkədə elə bir sahə varmı monopoliya olmasın" sualına taksi xidmətləri bazarını misal göstərmişdim. Çünki, ötən il taksi xidmətlərinin qiymətləri məhz rəqabətli bazar şəraitinə görə uculaşmışdı. Amma son zamanlar baş verənlər göstərir ki, bu sahədəki xidmətlərdə inhisarçılıq meylləri yaranır. Məlumat üçün qeyd edim ki, ötən il ərzində sərnişindaşıma fəaliyyəti xidmətindən istifadə edənlərin sayı 60-70 milyon nəfərə çatıb. Hər xidmətdən istifadə üçün orta hesabla 5 manat xərclənərsə, bu təxminən ölkədə 300-350 milyon manatlıq taksi xirmətləri dövriyyəsi deməkdir.
Bildiyiniz kimi pandemiyaya görə, metronun fəaliyyətinin müvəqqəti dayandırıldığı dövrdə ictimai nəqliyyatdakı problemləri həll edən bilməyən Bakı Nəqliyyat Agentliyinin yarıtmaz işi daha çox taksi sürücülərinin işinə yarayır. Hazırda Bakıda on minlərlə şəxs bu xidməti göstərərək ailəsinə çörək pulu qazanır.

Əldə etdiyimiz məlumatlara görə, yaxın zamanlarda Bakıda taksi xidməti göstərən avtomobillərlə bağlı yeni standartlar qəbul olunacaq. Onlardan biri də istehsal ili köhnə olan avtomobillərə taksi xidməti göstərmək üçün qoyulan qadağa olacaq. Bu isə o deməkdir ki, istismar müddəti çox olan avtomobillər bu xidmətdən kənarlaşdırılaraq, sahibləri də bazardan çıxarılacaq".



X