Ru
11:12 / 25 Aprel 2019

“İnsanın yaşamaq, azadlıq haqqı yoxdur, bunlar uydurmadır” – Vüsal Məmmədov

13033
 

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun Bakupost.az-a müsahibəsi.

 

- Vüsal bəy, gəlin söhbətimizə belə başlayaq. Siz İslamdan nə istəyirsiniz?

- İslamdan onu istəyirəm ki, insana insan kimi yanaşsın, insanı qorxutmasın, əbədi əzabla təhdid eləməsin. İnsan dinə inana da bilər, inanmaya da. Bunların hər ikisi normaldır. Amma inanmayana "mən səni əbədi olaraq diri-diri yandıracam” demək dəhşətdir. Bu, artıq vicdan məsələsidir. Tutaq ki, mən inanıram, dünyada isə milyardlarla inanmayan insan var və İslam dini onları diri-diri yandırmaqla hədələyir. Bu məsələyə vicdanlı insanın münasibəti necə olmalıdır? Dindarlarda heyrət elədiyim bir çox məsələlər var. Onlar deyir ki, biz cənnətdən baxanda inanmayan insanlar cəhənnəmdə yanacaq. Mən dəhşətə gəlirəm. Əgər mən sənin gözünün qarşısında yanıramsa, sən necə sakit baxa bilirsən? Bu, insanlıq deyil axı. Din bunları o qədər bədheybət eləyib ki, onlar bizim cəhənnəmdə yandığımıza baxıb zövq alacaqlarını bildirirlər. Hansı bir ideologiya insanı bu qədər vəhşiləşdirə bilər, qorxulu eləyə bilər ki, başqasının əbədi olaraq yanmasını fikirləşsin və bunu sakit qəbul edə bilsin. Dindarlar bizə deyir ki, din gözəllikdir, məhəbbətdir. Heç kim demir ki, din bizi əbədi yandıracağı ilə hədələyir. 

 

- Sizə görə, İslam dini ümumilikdə lazımsız dindir, yoxsa bunun hər hansı bir yaxşı tərəfi də var?

- Təkcə İslam yox, bütün dinlər tarixən lazım olublar. Hüquq, vətəndaş anlayışı olmayanda dinlər lazım idilər. Biz 6-cı əsrdə camaata deyə bilməzdik ki, gəlin yığışıb qanun yazaq və o qanunlara görə yaşayaq. Bu, ağılasığmaz idi. Din hüququn rüşeymini gətirdi. Bu mənada lazım idi. Amma qanunlar qəbul olunandan, bu qədər inkişafdan sonra dinə heç bir ehtiyac qalmayıb. 


-  Yəni deyirsiniz ki, bu gün səmavi kitablara, dinlərə heç bir ehtiyac yoxdur?

- Qətiyyən ehtiyac yoxdur. Əgər 6-cı əsr təfəkkürlü insanlar varsa, bəli, onlar üçün dinə ehtiyac var. O adamlar ki, onlar bəşəriyyətin maariflənmə, aydınlanma yolundan xəbərsizdirlər. Amma normal maariflənmiş insanın nə özünü, nə də başqasını idarə etməsi üçün dinə gərək var.


- Aydınlanma sözünü işlətdiniz. Bəs, bu günün insanı necə aydınlanmalıdır?

- Baxın, aydınlanma deyəndə biz Avropada renessansdan başlayan bir prosesi nəzərdə tuturuq. Renessans aydınlanma yox, oyanma idi. Bəs, oyanan kim idi? Oyananlar xristianlıq dinin gətirdiyi yuxuya qərq olmuş Roma və Afina mədəniyyəti idi. O vaxta qədər insan haqlarından söhbət gedə bilməzdi. Təbiətdə heç bir canlının haqqı anlayışı yoxdur. Biz bu gün qəbul edirik ki, insanın fundamental haqları var. Yəni yaşamaq, azadlıq, özünü ifadə haqları var. Təbiətdə belə şey yoxdur. Bunu biz fikirləşmişik, biz uydurmuşuq ki, belə haqlarımız var. Din nə qədər uydurmadırsa, insan haqları da o qədər uydurmadır. 30 min il öncəyə getsək, homosapiens onda var idi və öz qayda-qanunları da müəyyən olunmuşdu. O zaman kiməsə deyə bilərdiz ki, çöldə yaşayan hansısa insanın əmlakının toxunulmaz haqqı var? Əvvəl dini uydurduq və bizi müəyyən qədər apardı, sonra gördük ki, din öz missiyasını itirib və biz ikinci mərhələ kimi daha mükəmməl olan insan haqlarını uydurduq. 


- Hər bir insanın ruhunun qidalandığı bir yer var. Sizin ruhunuz hardan qidalanır? 

- Mən ruhun olduğuna inanmıram. İnsan fizioloji qanunlar əsasında işləyən biomexanizmdir. Bu mexanizmin mənəvi ehtiyacları da var. Mənim mənəvi qidalanmağım üçün dinə, Allaha, ölümə inanmağıma ehtiyac yoxdur. İnsan öz həyatını elə qurmalıdır ki, mənəvi qidalanacağı yerlər olsun. Məsələn, mən övladımla, ailəmlə, dostlarımla münasibətdə olmağı sevirəm və bu məni mənəvi cəhətdən kifayət qədər təmin eləyir. 


- Deyirsiz ki, ruhun varlığına inanmırsınız. Amma alimlərin araşdırmasına görə, insan öldükdə çəkisi müəyyən qədər azalır. Buna bir elmi izah verə bilərsinizmi?

- İnsan ölən anda həqiqətən də çəkisi bir neçə qıram azala bilər. Adicə idman zalına girib-çıxandan sonra yarım kilo azalırsan. Bədən enerji sərf edir, su buxarlanır. Ölüm bədən üçün enerji aparan bir prosesdir.


- O enerjinin adı nədir?

- Bildiyimiz coullar və kalorilərdir. Burada mistik bir şey yoxdur, itirilən fiziki enerjidir. 


- Fizika-riyaziyyat təmayüllü məktəb oxumusunuz, fiziki qanunlardan xəbərdarsınız. Bir kütlə götürək və onun ətraf aləmlə heç bir təması olmadığı halda çəkisinin azaldığını düşünək. Bu, hansı fiziki qanuna sığır? 

- İnsan öləndə son nəfəs verir və ciyərlərindən hava kütləsi xaric olur. O havanın çəkisi varmı? Var. Və ya, həmin anda tərləmə nəticəsində su buxarlanar və çəki azalar. O çəkinin ruh olması mümkün deyil. Ruhun çəkisi varsa, deməli, fiziki obyektdir. Fiziki obyektdirsə, deməli, fiziki qanunlara tabe olmalıdır. Ölüm anında yüngülləşmənin səbəbi fizioloji məsələdir. 


- Belə bir sual verim, nə vaxtsa, hardasa olubmu, öz-özünüzə demisiniz ki, bəlkə mən düz eləmirəm? 

- Dindən uzaqlaşdığım yeni dövrlərdə tez-tez olurdu. İçimdə qorxu, şübhə yaranırdı. Düşünürdüm ki, bəlkə mən özümü əbədi əzaba düçar eləyirəm? Sonra başa düşdüm ki, mən səhvəmsə belə, buna görə məni kimsə əbədi yandıracaqsa, burada günahkar mən deyiləm, məni yandırandır. İnsanı düşüncəsinə görə yandırmazlar. Mən dinə inanmıramsa və buna görə Allah məni yandıracaqsa, deməli, o, zalımdır. İçimdən qorxunun silinmədiyi vaxtlarda belə arqumentlərlə özümü sakitləşdirirdim. O vaxtlar 30 yaşım var idi. Artıq on il keçib və mən püxtələşmişəm. Əmin oldum ki, din yalandır. Mən bilirəm ki, doğulmamışdan qabaq materiya idim, sonra insan oldum, yenə materiya olacam.


- Bayaq homosapiensdən danışdınız və dediniz ki, o vaxtın insan haqlarından danışmaq gülüncdür. İndi də dediniz ki, düşüncəsinə görə adamı yandırmazlar. Həqiqətən də bizə qəribə gəlir ki, düşüncəsinə görə kimisə yandırsınlar. Homosapiensin insan haqları da, düşüncəsinə görə adamı yandırmaq da müxtəlif dövrlərdə çox qəribə olub. Bəlkə biz elə bir dövrə gedəcəyik ki, orda düşüncəsinə görə adamı yandırmazlar düşüncəsi yenə qəribə olacaq. Yəni necə yəni yandırmazlar? Yandırarlar, vəssəlam. 

- Mən bu gün 21-ci əsrin insanı kimi düşünürəm və dinə də belə yanaşıram. Amma 7-ci əsrdə ağa öz qulunu istədiyi vaxt yandıra bilərdi və bu da normal qarşılanırdı. Əgər mən səhv edirəm, onda belə çıxır ki, mənim əsas günahım 21-ci əsrdə doğulmağımdır. Bu da absurd məsələdir. 


- 10-15 il bundan qabaq müsəlman idiniz, axı birdən-birə sizə nə oldu?

- Mən dini tənqid edəndə dindar dostların xoşuna gəlmir. Onlar elə bilir ki, din onlara məxsusdur. Mən də əvvəllər onlar kimiydim. İnsanı silkələyən bir hadisə olmalıdır ki, ayılıb baxasan və doğrunu, yanlışı dərk edəsən. Mənim şəxsi həyatımda elə bir sarsıntı olmuşdu. Dindən doğan bir bədbəxtçilik idi. 


- Bir az açıq danışa bilərsiniz?

- Belə deyim ki, din üzündən bir ailəyə bədbəxtçilik gəlmişdi. Şübhələrim ordan başladı. O ipin ucundan tutub gəldim və ateist oldum. 


- Həyat yoldaşınız da ateistdir?

- Həyat yoldaşım praktik olaraq ateistdir, aktiv deyil. Ateizmi təbliğ eləmir. Dinin dediyi heç nəyə inanmır. Hətta mən hərdən zarafatla deyəndə ki, İslam gül kimi dindir, vaxtında çıxmasaydım, indi dörd arvad ala bilərdim, bu zaman yoldaşım çox pis reaksiya verir. Mən görürəm ki, bəzən qadınlar daha çox dindardırlar. Qadının dindar olmasını başa düşmürəm. Axı İslam kişiyə dörd arvad və limitsiz cariyyə almaq imkanı verir. O cariyyələr hüquqsuz qadınlar olur, istədiyin kimi davrana bilirsən. İslam ancaq kişilər üçün nəzərdə tutulub. Hətta cənnətdə kişilərə hurilər vəd edilir, qadınlara heç nə. Belə olan halda mənə çatmır ki, qadın niyə dindar olur? Axı bu qadın hansısa bir ölkədə cariyyə ola bilərdi və əşya kimi istifadə olunardı. İslam ev maklerləri kimidir, sanki makler evi tərifləyir, amma evin böyük qüsuru olur. İslam da belədir, kosmetik gözəllikləri göstərir, amma onun kökündəki pislikləri göstərmirlər. Kişiyə dörd arvad almağına icazə verən din ailə modelinə zidd deyilmi? Müsəlman olub quranın qanunlarına tabe olmamaq şansın yoxdur. Təəssüf ki, İslamın gözəl tərəflərini göstərənlər bu məsələləri açıb danışmırlar.


- İslamın gözəl tərəflərinin olduğunu təsdiq edirsiniz?

- On faiz. Etiraf edim ki, onlar da ümumbəşər dəyərlər deyil. Müsəlman icmasının daxilində mehribanlaşma, yardımlaşma, sülh kimi yaxşı şeylər var. Ancaq qonşusu ac ola-ola rahat yatan insanlar var və onlar müsəlman olmayan insana yardım etməyi özünə borc bilməyən insanlardır. 


- Vüsal bəy, bir övladınız var, Allah saxlasın. Övladınızı necə tərbiyə dirsiniz? Məsələn, evdə oturmusunuz və birdən azan səsi gəlir. O zaman qızınıza nə deyirsiniz? 

- Çox sağol, allah səninkiləri də saxlasın. Qızım hələ balacadır, may ayında 3 yaşı olacaq. Hələ ki, elə suallar vermir. Evimizdə dinə aid heç bir atribut yoxdur. Evdə dindən söhbət də etmirik. Amma bu yaxında şəhərdə iki hicablı, qara paltarlı qadın çıxdı qarşımıza, yanlarında azyaşlı bir qız uşağı da var idi, o da qara hicab bağlamışdı. Qızım soruşdu ki, bu nədir? Niyə belə geyiniblər. Mən bilmədim ki, nə cavab verim. Dedim ki, onlar oyun oynayır. Qızım da qaçdı onların yanına, maraqla baxdı onlara. Amma bu hadisə məni silkələdi. Çünki yaxın illərdə mən qızımın ciddi sualları ilə üzləşəcəm. Hazırda bu məsələ mənim üçün aktual məsələdir. Bilmirəm ki, qızıma nə deyəcəm, necə izah edəcəm. 


- Bir dəfə internetdən izlədim ki, şair Aqşin Yenisey ateizmdən danışır. Söhbətin qızğın yerində qayıtdı ki, Allah haqqı, Allah yoxdur. Bir az əvvəl mən dedim ki, allah balanızı saxlasın, siz də qarşılığında bildirdiniz ki, çox sağ, Allah sənin də övladlarını saxlasın. Yoxdusa, necə saxlasın?

- Məncə, bu frazeoloji ifadələrdir. Allaha inanan insanlar da çox vaxt bu sözləri mexaniki deyirlər. Bir ara bu sözlərdən dilimi təmizləmək istəyirdim. Məsələn, mən kiməsə deyəndə ki, allah səndən razı olsun, onun xoşuna gəlirsə, niyə də deməyim?


- Vüsal bəy, elə bir çətin gün, çıxılmaz vəziyyət yaşamısınızmı ki, əlinizi qaldırasınız göyə, deyəsiniz, İlahi kömək ol. Səmadan, ulduzlardan, günəşdən kömək istəmisinizmi? Qeyri-adi bir gücə sığınmısınızmı?

- Məndə bu keçid əsaslı şəkildə olub. Dəqiq bilirəm ki, insana yalnız insan kömək edə bilər. Əgər ateizmi bir cümlə ilə demək istəsəm, belə deyərəm ki, insanın insandan başqa heç kimi yoxdur. İnsan yalnız insandan kömək istəyə bilər. Samuray fəlsəfəsinə görə insan bir dəfə ölümü hiss etməlidir. Mən bu mərhələni keçmişəm. Ölümlə barışmışam. Doğuluş nə qədər gözəldirsə, ölüm də o qədər gözəldir və ya əksinə. Mən doğmalarımın da bir gün öləcəyi ilə barışmışam. Bundan sonra nə olur olsun, durub Allahı köməyə çağıran deyiləm. Çünki bilirəm ki, yoxdur. 


- Samuraydan danışdınız, mən bir dəfə filmdə baxdım ki, samuray yerdə bardaş qurdu, gözlərini yumdu, əllərini burnunun ucunda bir-birinə yapışdırıb dua etdi və qəfildən durub divarla yeridi. Bilim adamları bildirir ki, o adamı divarda yeridən onun inamıdır. Siz nəyə inanırsınız? Bəlkə elə özünüzü ateist olmağa inandırmısınız? Ümumiyyətlə, inam nədir?

- İnamın gücü var, bununla razıyam. Amma inamın gücü fizikanın qanunlarına qalib gələ bilməz. İnamın gücü subyektiv, fiziki qanunlar isə obyektivdir. Bir kitabda oxumuşdum ki, insan özünü uçmağa inandırsa, uçacaq. Amma insanı uçmağa qoymayan da fiziki qanunlardır. İnam xəstə insanı da sağalda bilər. Nəticədə möcüzə görünə bilər. Amma bütün bunlar subyektivdir. Vacib deyil ki, biz qeyri-adi gücə inanaq. Fövqəltəbii qüvvələr mənə çatmır. 20 il Allaha inanmışam, amma heç nə dəyişməyib. 


- Deyirsiniz ki, ölümü qəbul eləmişəm. Eyni zamanda, qeyd etdiniz ki, bir çox məsələləri qəbul edirsiniz, razılaşırsınız. Sanki hər şeyi qəbul edib bioloji, mexaniki yaşayırsınız. Bu həm də mənəvi qidalardan uzaqlaşmaq demək deyilmi? Sizə elə gəlmir ki, getdikcə robotlaşırsınız?

- Baxın, robot və insanın fərqinə gələk. Robot insanın elədiyi hər şeyi təkrarlaya bilər, yalnız hislər keçirə bilməz. İnsanın şüuru var, robot da şüurlu proses ortaya qoya bilir. Yaxın gələcəkdə yəqin ki, robotlar da düşünə biləcək. Fərqi yoxdur ki, insan hissləri nə vaxt keçirir. Şeir yazanda da, onu oxuyanda da yarana bilər. Biz düşünürük ki, bizim hissimiz varsa, biz robot deyilik. Özü özünü çoxaldırsa, deməli, canlıdır, bunu hisslərlə edirsə, o zaman insandır. Siz şeirlərinizi yazanda hansı hissləri keçirirsinizsə, o anda qanınızın hormonları hansı vəziyyətdədirsə, üç gün sonra siz şeir yazmadığınız halda o hormonlar sizin qanınıza vurulsa, o zaman siz şeir yazarkən keçirdiyiniz hissləri keçirəcəksiniz. Bu, bir biokimya hadisəsidir. İstənilən hissi kimyəvi yollarla yaşatmaq olar. 


Elşad Barat

BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər