12:51 / 14 Oktyabr 2021

İran qərəzli mövqeyini kənara qoyacaq - Millət vəkili

1717

“Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” adlı nüfuzlu media qurumuna müsahibəsində bir çox vacib məqamlara toxunub. Torpaqlarımız erməni işğalından azad olunduqdan sonra yenidənqurma və bərpa işləri, regional, qlobal məsələlər, Avropa İttifaqı və Azərbaycan münasibətləri, Əfqanıstanda mövcud vəziyyət, o cümlədən İranla bağlı son hadisələrdən danışılıb”.


Bunu Bakupost.az -a millət vəkili Cavid Osmanov müsahibəni şərh edərkən bildirib.


“Prezident elan edib ki, işğaldan azad olunmuş ərazilərin yenidənqurma və bərpa işlərində yalnız Azərbaycana dost olan ölkələr iştirak edəcək. Bunu əməli-praktiki fəaliyyətdə artıq görürük. Bu ərazilərdə bizə mənəvi və siyasi dəstək verən qardaş ölkə Türkiyə, ikinci isə İtaliya şirkətləri iştirak edir. Bu da 44 günlük Vətən müharibəsində dostumuzun və düşmənimizin aydın şəkildə tanımağımızdan irəli gəlir.

İtaliya Azərbaycanla çox yaxın dostluq münasibətində olan bir ölkədir. İki ölkə arasında strateji tərəfdaşlıq haqqında sazişlər, böyük enerji layihələri həyata keçirilir. Bu baxımdan bir çox sahələrdə əməkdaşlıq etdiyimiz, dar günümüzdə əsl dost kimi davranan İtaliya şirkətləri yenidənqurma və bərpa işlərində yaxından iştirak edirlər.

Həmçinin, Avropa İttifaqı və Azərbaycan arasında olan münasibətlər də yüksək səviyyədədir. Cənab Prezident də xüsusi vurğuladı ki, Şarl Mişelin Azərbaycana səfəri zamanı yeni reallığa uyğun, yeni hədəflərin müəyyənləşməsi, yeni əməkdaşlıq platformalarının tapılması, qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində çox vacib addımlar atılır”.


Millət vəkili əlavə edib ki, digər vacib məqamlardan biri də Qarabağ zəfərimizdən sonra, bəzi dairələrin Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi, böhtan xarakterli bəyənatlar səsləndirməsidir:

“Son zamanlar İran rəsmiləri Azərbaycana qarşı çox qərəzli mövqedən çıxış edirlər. Bunların mövqeyi başadüşülən deyil. Təəssüf ki, İranın indiki hakimiyyəti fərqli bir mövqe nümayiş etdirdi. İranın bu addımı Azərbaycan ictimaiyyəti tərəfindən çox ciddi və haqlı narazılıqla qarşılandı. Çünki Azərbaycan bütün ölkələrlə, xüsusilə də region ölkələri ilə dostluq, qarşılıqlı əməkdaşlıq, mehriban qonşuluq münasibətləri qurmağa çalışır. İranın burada fərqli maraqları var. Azərbaycanın qələbəsini həzm edə bilmir.

Torpaqlarımız ermənilərin işğalında olduğu zaman İranla Ermənistan burada qeyri-qanuni işlər görüb. Hətta dağıdılmış evlərin sökülməsi, talan edilməsində İran şirkətlərinin ermənilərlə birlikdə yaxından iştirakı var. Bununla bağlı İranda müəyyən bazarlar da açıldı. Sökülən materialların bu bazarlarda satışı da həyata keçirilirdi”.


Millət vəkili qeyd edib ki, ekologiyamıza ciddi ziyan vurulub, Qarabağdakı ağaclar kəsilərək İrana daşınılıb:

“Torpaqlarımızı işğaldan azad etdikdən sonra, qeyri-qanuni Azərbaycan ərazilərinə daxil olmaqla ermənilərə naməlum məhsullar da daşınılıb. Bütün bunlara görə, Azərbaycan hüquqi addımlar atdı. Həm İrana xəbərdarlıq olundu, həm də nota verildi. Amma İran bunlardan nəticə çıxarmayaraq Ermənistana yüklər daşınmaqda davam etdi.

Postların qurulmasından sonra İran əzələ nümayiş etdirməyə başladı. Hərbi təlimlərə, əyalət mollalarının qərəzli hücumlarına başlanıldı, daha sonra bu hücumlar rəsmi şəxslər tərəfindən həyata keçirildi. Əlbəttə ki, bunların hamısı əsassız iddialardır. Azərbaycan bunları qəbul etmir, əksinə rədd edir.

Əgər onlar əzələ nümayiş etdirməklə, əsassız iddialarla nəyəsə malik olacaqlarını düşünürlərsə, yanılırlar. Azərbaycan müstəqil siyasət yürüdür. Azərbaycanın gücünü, qüdrətini 44 günlük Vətən müharibəsində bütün dünya gördü. İran öz maraqlarından irəli gələrək Azərbaycanın tarixi qələbəsini həzm edə bilmir. Amma bu heç nəyi dəyişməyəcək. Azərbaycan bundan sonra da müstəqil siyasət yürüdəcək. Burada itirən yalnız İran özüdür.

Düşünürəm ki, İran bu günə kimi sərgilədiyi qərəzli mövqeyini kənara qoyacaq. Azərbaycandan üzr istəyərək, iki ölkə arasında əlaqələrinin yenidən qurulmasına nail olmağa çalışacaq”.

Fəridə Söhrabqızı
Baku Post

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər