15:27 / 08 Oktyabr 2021

İran Azərbaycanla əlaqələri kəssə... - İqtisadi çöküş - Vüqar Bayramovun ŞƏRHİ

25119
“Azərbaycan bütün qonşularla dostluq münasibətlərini davam etdirməkdə maraqlıdır. Eyni zamanda, regionda sülhü, əməkdaşlığı dəstəkləyən ölkədir. Türkiyə ilə Azərbaycan arasında siyasi əməkdaşlığın və iqtisadi əlaqələrin güclənməsi müşahidə olunur. Türkiyə Azərbaycanın xarici sərhəd dövriyyəsi və ikinci ən böyük tərəfdaşıdır. Türkiyə ilə strateji əməkdaşlığımız, eləcə də qardaşlıq münasibətlərimiz artan dinamika ilə inkişaf edir. Bu hansısa bir ölkəni nə narahat etməlidir, nə də bu heç bir ölkəyə əsas vermir ki, beynəlxalq hüquqa zidd olan və ya qonşuluq prinsiplərinə uyğun olmayan bəyanatlarla çıxış etsin”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov İranın son günlər Azərbaycana qarşı səsləndirdiyi qərəzli, böhtan xarakterli fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, İrana qarşı sanksiyalar olduğuna görə, qonşu ölkələrlə münasibətə xüsusi diqqət yetirməlidir. Əks təqdirdə ciddi sıxıntılarla üzləşə bilər:


“ABŞ və bir sıra aparıcı ölkələr artıq o sanksiyaları tətbiq ediblər. İran uzun müddətdir ki, sanksiyarla yaşayan ölkədir. Bu da onun iqtisadiyyatında özünü göstərir. İran-Azərbaycan arasında ticarət dövriyyəsi də Türkiyə və tərəfdaşlarımızla müqayisədə kifayət qədər kiçikdir. O baxımdan Cənubi Qafqazın yeni reallıqları fonunda İran üçün də ən optimal və səmərəli yollardan biridir, qonşularla, xüsusən Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olmalıdır”.


V. Bayramovun sözlərinə görə, Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsini üç dəfə artıraraq 15 milyard dollara çatdırmağı hədəfləyib:

“Bu ondan xəbər verir ki, Azərbaycan-Türkiyə siyasi və iqtisadi münasibətləri növbəti illərdə artan dinamika ilə inkişaf edəcək. Ona görə də Azərbaycan əməkdaşlığa bir nümunədir, modeldir. Qonşu ölkələr də bu nümunədən, modeldən düzgün istifadə etmələri daha məqsədəuyğun olar. Nəinki bu münasibətləri qısqanclıqla qarşılamaq... İrana qarşı sanksiyalar qüvvədədir və qarşıdakı dövrdə də inkişaf etmiş ölkələr tərəfindən sanksiyaların qüvvədə qalacağı gözlənilir”.

Fəridə Söhrabqızı
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər