Ru
15:03 / 04 Sentyabr 2019

İranda Azərbaycan manatı sevgisi: bunun səbəbi nədir və hər-hansı riski varmı? - İqtisadçılar

6542

İranda Azərbaycan manatına maraq getdikcə artır. Cənubi Azərbaycana gedib-gələnlərin sözlərinə görə, manat orada azad dövriyyədədir və ən populyar pul saxlama valyutasıdır. Bunun səbəbi nədir? Bizim iki ölkəni təmin edəcək qədər pul kütləmiz varmı? Bu, bizim ölkədə inflyasiyanın qarşısını alan faktordurmu? Hər hansı siyasi qərar (məsələn, İran sərhədi bağlayır) hansı risklər yarada bilər?
Bununla bağlı jurnalist Xədicə İsmayılın sosial şəbəkələrdə acıdığı müzakirələrə iqtisadçılar fərqli mövqe nümayiş etdiriblər.
BakuPost iqtisadçıların bəzilərinin fikirlərini təqdim edir:

“İranda manat dolların əkiz qardaşıdır”




İqtisadçı-ekspert Samir Əliyev: İranda manatın populyarlığı onun dollar olan sabit məzənnəsindən qaynaqlanır. İranda dollar tapılmır və bahadır. Manatın məzənnəsi isə dollar qarşısında daşlaşmış həddədir, yəni 1.70 AZN. Bu dəyişməzlik 2 ildən çoxdur ki, davam edir. Halbuki manat avroya, funta, rubla, lirəyə münasibətdə dəyişir. Gah bahalaşır, gah ucuzlaşır. Yəni İranda manat dolların əkiz qardaşıdır.

İran rialı dollara qarşı necə ucuzlaşırsa manata qarşı da eyni trayektoriya ilə hərəkət edir. Manata sevgi bununla bağlıdır.

Pul kütləmiz hazırda devalvasiyadan əvvəlki dövrdən də azdır. Mərkəzi Bankdan çap olunmuş köhnə pullar durur hələ. Məsələ pul kütləsinin həcmində deyil. Manat sərbəst dönərli valyuta deyil. Neftin qiymətinə bağlıdır.

İran faktoru məzənnəyə ciddi təsir edə bilməz. Təsir etsə belə qarşısı alına bilənddir. Inflyasiyanın qarşısını belə ala bilər ki, İranda dollar bahalaşdıqca manat da bahalaşır və deməli ordan idxal olunan mallar ucuzlaşır (nəzəri olaraq).

İran sərhədi bağlasa manata ciddi təsir edə bilməyəcək. Amma idxal olunan bəzi məhsulların (məsələn, kartof) qiymətinin artımına (infyasiya təzyiqi) rəvac verə bilər.

“Risk faktoru var”



Qubad İbadoğlu:
Manat İranda ikinci valyuta vahidi statusunda çıxış edə bilməz. Sadəcə manatın İranda pul dövriyyəsinə daxil olması 2 səbəbdən mümkündür.

Birincisi, bu ilin 6 aylıq göstəricisinə görə, xaricə səfər edənlərin 40 faizi və ya 1 milyon nəfəri İrana gedib, onlar manatın İrana daşıyıcıları ola bilər, çünki, alış-veriş və tibb xərclərini ödəmək üçün bu valyutanı yerli valyutaya çevirmək mümkündür. Onun İranda alıcıları isə İrandan Azərbaycana turist kimi gələnlər və ticarət edənlərdir.

Azərbaycanla sıx bağlı olan zəngin iranlılar üçün manat həmçinin Bakıda əmlak almaq üçün, eləcə də banklarda yığım vasitəsi də ola bilər. Onlar manatla qısa müddətli depozit edib, faiz gəlirlərindən və manatın sabitliyindən bəhrələnə bilərlər. Bütün bunlar manatın sabitliyində müsbət rol oynayan, eləcə də inflyasiyanı azaldan monetar faktorlar hesab olunur. Amma bu faktorların təsiri o qədər də böyük deyil, çünki dövriyyəsi azdır. Lakin İranda gedən proseslər bu dövriyyəni artımını şərtləndirir.

Odur ki, bunu da risk faktoru kimi də qeydə almaq olar.


“Başqa valyutalar ora daxil ola bilmədiyindən...”




İlham Əzizov: Ümumiyyətlə, Azərbaycanda dövriyyədə olan manat kütləsi iqtisadi inkişafı təmin edəcək qədər deyil. Bu adi deyimlə yox iqtisadi düsturla sübut olunur. Ya dövriyyəyə manat buraxılmalı, ya da qeyri nəğd hesablaşma sistemi inkişaf etməlidir.

Qaldı, İranda manatın yığım kapitalına çevrilməsinə, başqa valyutalar ora daxil ola bilmədiyindən manat İran rialına nisbətdə sabit olduğundan təbii prosesdir, çünki ticarət əlaqəsi inkişafdadır.

Ölkədə inflyasiyanın sürətlənməməsinin ən əsas elemenrlərindən biri, az əmək haqqı və manat kütləsinin azlığıdır. Amma başqa faktorlar da var.

“İrana bu qədər manat lazım deyil”



Manatın heç belə funksiyası yoxdur ki, iki ölkəni təmin etsin. Ümumiyyətlə, azad dövriyyədə olan valyuta deyil. Əlbəttə, əgər olsaydı, İran vətəndaşların marağı manat dəyərini artırardı. Amma ümumən manatın nə belə funksiyası var, nə də Azərbaycanın bunda marağı.


Məsələ ondadır ki, İranda hər bir valyutaya maraq yüksəkdir. Dollar və avro almaq çətinliyi onlar məcbur edir ki, digər valyutalardan istifadə etsinlər. Qonşular arasında nisbətən ən sabit valyuta da manatdır (bu da bizim iqtisadiyyatın strukturuna görə). Ona görə manata maraq nisbətən daha yüksəkdir. Yenə də nisbətən.




İnsanların təsəvvürü bir məsələdir, amma reallıq başqadır. Yəni manat orada saxlama vasitəsinə çevrilmək üçün, manatın riala qarşı məzənnəsi birbaşa müəyyən olunmalıdır. İndi bu kross-kurs vasitəsilə müəyyən olunur (dollar üstündən). Birbaşa müəyyən olunmaq üçün isə İran ən azı ölkələr arasında ticarət dövriyyəsi həcmində manat kütləsini almalıdır. Bu isə mümkün deyil (illik ən azı 450 milyon dollarlıq ticarət üstünə göstərilən xidmətlərin həcmini də əlavə etmək olar). Heç İrana bu qədər manat lazım da deyil. Sabah neftin qiyməti düşdü, ya da Elman Rüstəmov səhər-səhər özünü pus hiss etdi, və manat düşdü. Bu həddindən artıq yüksək risklidir.


İnflyasiyaya gəldikdə isə, bu daha çətin məsələdir. Klassik olaraq inflyasiya pul kanalların dolması deməkdir. Yəni ölkədə dövriyyədə olan pul kütləsi tələbatı üstələməlidir. Onun nəticəsini biz İstehlakçı qiymətlər indeksi üzrə müəyyən edirik (yəni əldə etdiyimiz məhsulların qiymətində). Əldə etdiyimiz məhsulların böyük hissəsi idxaldan ya birbaşa, ya dolayı ilə bağlıdır. Dünya bazarında hər hansı xammal qiymətinin artımı birbaşa qiymət artımına gətirəcək və nəticə etibarilə İndeks də artacaq. Bu isə inflyasiya olacaq.
İrana, ya da Gürcüstana pul axını olsa belə (reallıqda çox da böyük deyil), bu tənzimlənən pul axınıdır. Yəni Mərkəzi Bank dövriyyəni problemsiz tənzimləyə bilər, və inflyasiyaya heç bir təsir göstərilməyəcək (yəni hətta İran ilə ticarət dövriyyəmiz heç bir aylıq valyuta mübadilə bazarın dövriyyəsini etmir).


Hazırladı: Gülay
Bakı Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər