Ru
13:12 / 24 May 2019

“İstəsəm, 3 ilə Hadı Rəcəbli olaram” - Kəramət Böyükçöl

13763

 

"Atam insanlardan üz çevirib, heyvanlara, itlərə üz tutub" 
 

Sosial şəbəkələrdəki fikirləri ilə qalmaqal yaradan yazıçı, jurnalist Kəramət Böyükçölün Bakupost.az-a müsahibəsi.


- Kəramət, İmişlidə doğulmusan, uşaqlıqdan təsərrüfatla məşğul olmusan, mal-qoyun otarmısan. İndi isə az qala hər statusun sosial şəbəkədə gündəm olur. Bu yolu necə keçmisən?

 

- Mal-qoyunu yaxşı otardığıma görə yazı yazmağı da yaxşı bacardım. Orada olan məsələləri beş barmağım kimi bilməsəydim, buradakı məsələləri də üç barmağım kimi bilməzdim. Əsas məsələ ordan başlayır: təbiətdən. Yaxşı roman, hekayə, esse yazdığıma görə o mal-qoyuna, mindiyim ata, eşşəyə minnətdaram. O həyatdan o tərəfə həyat yoxdur. Dünyanın ən gözəl başlanğıcı oradır. 


- Tanınmış bir şairin oğlu olmaq necə hissdir?


- Tanınmış şairin oğlu olmaq yaxşıdır. Amma onun kölgəsində qalmaq pisdir. Atam ölkədə məndən də çox tanınan, sevilən şairdir, amma mən yaradıcılıqda atamın kölgəsində qalmadım. Oğul kimi isə həmişə onun kölgəsində olduğumla fəxr edirəm. 


- Deyirlər ki, sənin yazdığın bütün romanları Qəşəm Nəcəfzadə yazıb.


- Elə mənim də dünyaya gəlməyimin səbəbkarı Qəşəm Nəcəfzadə olub. Məni yaradan adam təbii ki, mənim yaratdıqlarımın da yaradanıdır. 


- Təsəvvür et ki, atan deyil, Qəşəm Nəcəfzadəni necə şair hesab edirsən?


- Təəssüf ki, atam çox yaxşı şairdir. Sadəcə, atamdır deyə onun yaradıcılığı haqqında ürək dolusu danışa bilmirəm. Mən daha çox atamı tənqidə köklənmişəm. 

Bir şeyi də deyim. Atam artıq insanlardan üz çevirib, heyvanlara, itlərə üz tutub, itlərin it olduğunu unutmamasından, atların at olduğunu unutmamasından yazır. Mənim yazdıqlarım bunların yanında hələ uşaqdır.


- Bu yaxında "Evim olsaydı, boşanmazdım” başlıqlı bir yazın çap olunmuşdu. 


-Orda cəmiyyətin problemlərini göstərməyə çalışmışdım. Söhbət təkcə məndən getmirdi. Sosial məsələləri gündəmə gətirmək istədim, o da alınmadı. 

 

- Kəramət, bir gün Cəmil Həsənli ilə şəkil paylaşırsan, bir gün Siyavuş Novruzovla. Axı sən hansı cəbhənin əsgərisən?


- Onların heç biri mənə düşmən deyil. Mən bu cəmiyyətin bir nümayəndəsiyəm və istədiyim adamla görüşüb dərdləşə bilərəm. 


- Ümumiyyətlə, sən bu cəmiyyətdən nə istəyirsən? 


- Əslində, mən bu cəmiyyətdən heç nə istəmirəm, heç nə ummuram. Çünki cəmiyyətin mənə verə biləcəyi heç nə yoxdur. Ağıl, savad, istedad, vicdan, ədalət... Xalq hakimiyyətdən də ədalətsizdir. Hakimiyyətin ədaləti olmasa da, heç olmasa mərhəməti var, üzr istəyirsən, əfv diləyirsən, səni bağışlayır. Amma cəmiyyət hansısa bir fikrinə görə səni linç eləyir. 

 

Cəmiyyəti də qınamıram. Cəmiyyət qəfəsə salınmış heyvan kimi bir şeydir. Əsəbi və hirslidir. Çünki bu cəmiyyət sözlə, fikirlə, ideya ilə idarə olunmur. Belə cəmiyyət də qisasını fikir, söz adamından alır. Məsələn, bir siyasətçinin nəyinə lazımdır, cəmiyyəti marifləndirsin? Siyasətçilər əksinə, xalqın başına sığal çəkir ki, bir az da nadan olsun, çünki kütləni idarə etmək asandır. 

 

Hərdən fikirləşirəm ki, bu cəmiyyətin savadsızlığından istifadə edə bilməyən yeganə zümrə yazıçılar, şairlərdir. Cəmiyyətin var-dövləti, maşını, pulu bayağı müğənnilərə, məmurlara qalır, söyüşü yazıçılara. Allah bilir, Cəlil Məmmədquluzadənin dövründə nə qədər Kəmaləddin Heydərov, nə qədər Hadı Rəcəbli olub... Onlar yaşayıblar, kef çəkiblər və bu gün yadımızda da deyillər. Cəlil nadanların qorxusundan evindən çölə çıxa bilmirdi, çünki cəmiyyətin ağrısını çəkirdi. Vallah, mən bu cəmiyyətdən maşınlar, evlər, villalar istəsəydim, iki ayın içində Namiq Qaraçuxurlu, Nadir Qafarzadə olardım. Yaxud bütün günü efirlərdə xalqa yaltaqlanıb, arxada kefimi çəkərdim, deputat olardım, yaxşı bir vəzifəm olardı... 


- Sən bu qədər millət vəkili, vəzifəli adamlarla oturursan, onların daxili aləminə bələdsən, nə düşünürlər?


- Milli Məclisdə yaxşı insan çoxdur. Amma orda yaxşı deputat yoxdur. Çünki yaxşı deputat olmaq onların əlində deyil. Əvvəla, yaxşı deputat olmaq üçün sənə səs verməlidirlər. Sən isə səslə seçilməmisən. Ona görə də mən o deputatlardan ədalət yox, mərhəmət umuram. Çünki bilirəm ki, ədalətli olmaq onların öz əllərində deyil. Sistem bunlara ədalətli olmağa icazə vermir. Biz də yalvarırıq ki, nolar, beş sillə vurma, birini vur, yazığın gəlsin. 

Məsələn, Siyavuş Novruzov. O, uşaq deyil. Yerin altını da bilir, üstünü də. Onun əlində deyil axı bu məsələlər. Həqiqəti deyə bilməz. O, yalan danışmaq üçün yaranıb. Guya məni aparıb Siyavuşun yerinə qoysalar, mən yalan danışmayacam? Yoxsa daha vicdanlı olacam? Sən ora gedirsənsə, bilirsən ki, necə olmalısan. 

 

Ciddi mənada Siyavuş müəllimin haqq-ədalət adamı olması mümkün deyil. İkincisi, haqq-ədalət nədir ki? Bəlkə Siyavuş Novruzovun oturduğu yerdən hər şey başqa cür görünür? Bəlkə ona görə dünya elə belə də olmalıdır? Nə bilim... 

 

Fikir verirsinizsə, vəzifədən çıxarılan adamlar haqq-ədalətdən danışmağa başlayır. Çünki bu vəzifələr haqq-ədalət üçün sənə verilmir. Haqsızlıq, ədalətsizlik üçün verilir. Siyavuş müəllim çox təbii, səmimi insandır. Cəmiyyət onu çıxışlarına görə qınaya bilər, amma Siyavuş müəllim yolda maşını saxlayıb, ayağı sınmış pişiyi təcili yardım şöbəsinə apara biləcək bir adamdır. Vallah, əlində olsa, yaxşı deputat da olar. Əlində deyil. 

Məsələn, məni indi aparıb baş nazirin müavini vəzifəsinə qoysalar, bəlkə Elçin Əfəndiyevdən də mənasız bir adam olaram. Hələ Elçin müəllim yaxşı qalıb. 

 

- Kəramət, bir dəfə demişdin ki, mən arağı Siyavuş Novruzovla içib paxmeli Cəmil Həsənli ilə açan adamam. Buna görə sevinmək lazımdır, yoxsa utanmaq?


- Bir dəfə atam dedi ki, ya müxalifətə keç, ya iqtidara. Cavab verdim ki, 60 yaşın var, hələ də başa düşmürsən, bu ölkənin müxalifəti də iqtidardır. Mən bir yazıçı kimi insanlara münasibətimi siyasi müstəvidə qiymətləndirmirəm. Masanın arxasında oturanda onlar hamısı yaxşı insandır, mənim üçün bunların hamısı eynidir. Siyasət çox çirkin bir şeydir. Azərbaycanda isə siyasət heç şey də deyil. 

 

Məsələn, Aqil Abbas deyir ki, Allah Heydər Əliyevi Azərbaycan xalqına peyğəmbər kimi göndərmişdi. Mən Heydər Əliyevi siyasi lider olaraq, dövlət adamı olaraq çox yüksək qiymətləndirirəm. Azərbaycan xalqının real tarixi başdan ayağa Heydər Əliyevdən ibarətdir. Məmməd Əmin Rəsulzadə də, Əbülfəz Elçibəy də Azərbaycanı bütöv, xoşbəxt görmək istəyirdi. Amma onların Azərbaycan sevgisinin ayağı yerə dəymirdi. Heydər Əliyev isə yerin üstündə mümkün bir Azərbaycan yaratdı.

Belə bir şəxsiyyətə yaltaqcasına münasibətlər lazım deyil, onun həqiqi dəyərini xalqa demək lazımdır. Öz vəzifəsini, mandatını saxlamaq üçün Heydər Əliyevdən bu şəkildə istifadə eləməyə çalışmaq əminəm ki, onun oğlunun da xoşuna gəlmir. 


- Sən yazıçı olmaq istəyirsən, yoxsa məmur?


- Əslində, heç biri olmaq istəmirəm. Yazıçılıq ilahi bir missiyadır və bu sənin çiynində oturub. Hərdən istedadlı dostlarıma deyirəm ki, gör yazmadan yaşaya bilirsənsə, yazma. Yazmamaq bizim əlimizdə olan şey deyil. Yaradıcılıq qurmağa yox, dağıtmağa xidmət edir. Bu cəmiyyətdə isə yaradıcı adam kimi yaşamaq mümkün deyil. Yaradıcı olanda kənardan dəli kimi görünürsən.  

Məmur olmaq istəmirəm. İstəsəm, qarşıma məqsəd qoysam, üç ilə Hadı Rəcəbli olaram. Üç il hələ çoxdur. Ondan qəşəng çıxış edərəm, daha istedadla haqsızlıq edərəm. Onlar heç kimi məndən yaxşı tərifləyə bilməz. Amma o çıxışdan sonra gedib içib ağlayacam ki, niyə simasızlıq elədim. Mən ədalətsizliyə uzanan əllə qızımın başına sığal çəkə bilmərəm. 


Elşad Barat

Bakupost.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər