Ru
11:35 / 23 Aprel 2019

İti oğlanlarından ağıllı olan yaşlı qadın

3034

 Günel Natiq

 

 "Hər məhəllədə sahibsiz itlərin sığınacağı olmalıdır”. Bu sözləri Türkiyədə uşaq bayramı ərəfəsində bir günlük bələdiyyə başqanı seçilən kiçik qız dedi. Kiçik qızın sözləri əslində cəmiyyətə mesaj idi.


Bəs niyə belə sadə çözümlərin əvəzinə hər şeyi mürəkkəbləşdiririk, çözüm yolunu həll etməkdə deyil, məhv edib dağıtmaqda görürük.


Bakıda kiçik yaşlı oğlan quduz itin hücumuna məruz qalıb, ağır yara alıb. Əlbəttə, bu çox üzücüdür. Amma ağrıyan yeri kəsmək yox, o ağrıya gətirib çıxaran nəsnənin kökünü kəsmək lazımdır.


Bakıda sahibsiz itlər o qədər də çox deyil. Onlara müxtəlif yerlərdə sığınacaq yerləri təşkil etmək də müşkül deyil. Bu işləri könüllülərə də həvalə etmək olar, əsas odur, istək olsun.


Heyvanları şüursuz hesab edirik, amma onlar bəzən insandan hissiyyatlı olur. Bir yaşlı qadın deyirdi ki, evimizdəki küçük uşaqlarımdan ağıllıdır. Onlara otaqdan çıxandan sonra elektrik hədər yerə getməsin deyə işığı söndürməyi tapşırıram, amma unudurlar. Balaca it isə hər şeyi başa düşür. Uşaqlar otaqdan çıxandan sonra divara tullanıb rozetkaya toxunur.


Keçən dəfə evdən çıxanda dayanacağa gedən yolu bir sahibsiz itlə "bölüşməli” olduq. Zavallı canlı mənim ondan çəkindiyimi hiss edir, ona görə bir az ara verib dayanır, mənim gəlib-keçməyimi gözləyirdi. Hətta üzünü elə yana tuturdu ki, guya məni görmür.


Mən isə bəzən şüursuz sandığımız itlərin nə qədər anlayışlı ola bildiyini düşünərək hüzur və dinclik içində yol gedirdim.


"Sahibsiz itlər güllələnsin”, deyirik. Bəlkə bu yöndə tədbirlərin görülməsi üçün əlimizdən gələni edək? Axı insan zombi deyil ki, ətrafdakı canlıları öldürərək tənhalıqda yaşasın. Bir də son vaxtlar ölkədə sahibsiz itlər üçün sığınacaqlar yaradılıb, bir təhlükə hiss edəndə həmin sığınacaqlara müraciət etmək olar, ən azı nəsə etməyə cəhd göstərə bilərik. Bu, "itlər güllələnsin” tələbindən daha az qorxuludur.


Statistika göstərir ki, sahibsiz itlərdən çox ev itlərinin hücumuna məruz qalırıq. Bəs bunun çözüm yolu nə olsun? Qonşuların da itini öldürməliyik? Yox, əzizlərim, inanmıram, sahibsiz itlərin güllələnməsi tələbindən sonra evimizdə rahat vicdanla yataq. 


Avropada sahibsiz itlər problemi qismən çözülüb. Orda sığınacaqlar daha çoxdur, heyvansevərlər sahibsiz itlərin qayğısına qalırlar və s. Avropalılar itləri elə çox sevirlər ki, hətta Facebookda da profil şəkillərinin yarıdan çoxunda it təsvirləri olur.


Rusiyada da bu problem yetərli qədər aktualdır, hərçənd ruslar ev heyvanlarını sevir, qorumağa çalışırlar. Sadəcə lazımi yerlərdən dəstək ala bilmirlər. Ona görə bəzən aqressiv tələblərlə çıxış edirlər.


Daha bir aktual problem var. Ruslar aqressiv hərəkətləri insanlarda vahimə yaradan məxluqlardan gileylənirlər. Onlara əsasən ərzaq mağazalarının qabağında rast gəlmək olar. Yekəpər kişilərə hücum etməyə cəsarət etmirlər, qadınlar və uşaqlar isə özlərini təhlükədə hiss edir. Bir ara onları zəhərləyirdilər. Ölənlərin sayı xeyli artandan sonra problemin çözülməsinə federal orqanlar qoşuldu.


Amma söhbət itlərdən yox, alkaşlardan gedir. Rusiyada onların sayı sahibsiz itlərdən də çoxdur. Gördüyünüz kimi təhlükə təkcə sahibsiz itlərdən gəlmir.


Rus şəhərlərində ara-sıra küçə itlərini zəhərləyən könüllülər dəstəsi peyda olur. İtlərin çox olduğu yerlərə zəhərli maddələr qatılmış ərzaqlar tullayırlar. Keçən günlərin birində həmin ərzaqdan bir xanımın ev iti zəhərlənib. Şahidlər danışırmış ki, it əzablar içində qıvrılırdı. Qadına köməklik göstərib iti klinikaya aparıblar, amma artıq gec imiş.


Övladları üçün narahat olan valideynləri anlayıram, amma sahibsiz itlərin öldürülməsini tələb etmək qəddarca və düşünülmədən verilən bir qərardır. Sovet vaxtı küçə itlərini güllələyirdilər, həmin mənzərədən travma almış, uzun müddət həmin stressi adlada bilməyən insanlar vardı. Onların aldığı travma həmin quduz itlərin basqınından daha dəhşətli idi, çünki insan hər şeylə mübarizə edə bilər, amma içindəki basqınla əsla.


Bəlkə küçə itlərini öldürməklə bütün təhlükələrdən sığortalanmış olacağıq? Təhlükə hər yerdən sıza bilər. Yaşamaq özü bir riskdir. Təkcə bir məqamı deyim ki, nəqliyyat vasitələrinin keçməsinin yasaq olduğu yerlərdə belə hər addımda risklə üz-üzəyik. Bəlkə diqqətimizi bir az da bu tərəfə yönəldək? Aqressiv sürücülərin qurbanları quduz itlərin qurbanlarından çoxdur. "İçindəki canavarı öldür” - bir ara Türkiyənin televiziya reklamlarında bu şüarı maşın qəzalarının qarşısını almaq üçün aqressiv sürücülərə yönəldirdilər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər