Ru
13:56 / 09 May 2022

Jurnalistin ölümlə hədələnməsinə kəskin etirazlar - Ekspertlər ÇAĞIRIŞ etdi

5836
Xəbər verdiyimiz kimi , mayın 8-i, gecə saatlarında tanınmış jurnalist Aytən Məmmədovaya hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını istəyib.


Bu hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub, narazılıqlar yaradıb.


Müxtəlif media təşkilatları, jurnalistlər bununla bağlı paylaşımlar edib, cinayətkarın tezliklə tapılmalı olduğunu vurğulayıblar.


Medianın İnkişafı Agentliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, Agentlik baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır.






Məsələ ilə bağlı Bakupost.az ekspertlərin fikirlərini öyrənib:


Qaynarinfo.az saytının təsisçisi, tanınmış jurnalist Zahir Əzəmət jurnalist həmkarına qarşı göstərilən təhdidi və hücumu şiddətlə qınayıb:


“Jurnalistə qarşı bu şəkildə təhdid və basqıları həmişə pisləmişik. Bu, jurnalist araşdırmasını, ictimai nəzarəti, yəni jurnalistin daşıdığı bütün funksiyaları, medianın özünü zərbə altına qoymaqdır. Digər tərəfdən jurnalistin boğazına bıçaq dirəyən şəxsin, bunun hansı məhkəmə ilə bağlı olduğunu deməyib. Amma A. Məmmədova daha çox İlkin Süleymanovun işini araşdırır deyə, ona görə olduğu təxmin edilir. Məhkəmə prosesi ətrafında gedənləri diqqətlə izləyirik. İ. Süleymanovun məhkəmə məsələsi çoxlu suallar yaradır. Prezident bu məsələnin ilk gündən nəzarətə götürüldüyünü deyib. Düşünürəm ki, məsələ daha sıx nəzarətə alınmalıdır. Ümumiyyətlə, hüquq-mühafizə orqanları dərhal bu hadisəni törədənləri tapmalı, açıq şəkildə cəmiyyətə təqdim etməli və həmin adamları cəzalandırmalıdır”.


Z. Əzəmət bildirib ki, ölkəmizdə jurnalist fəaliyyətinin təhlükəsizliyi təmin edilməlidir:


“Vaxtı ilə bizim redaksiyamızdakı bir jurnalistimiz də bu cür təhdidə qarşı həyatını itirib. Ona görə istərdim ki, məsələyə çox həssas yanaşılsın. Günahkarların dərhal tapılmasını və cəzalandırılmasını tələb edirik. Ümumiyyətlə, jurnalist peşəsi bütün dünyada ən təhlükəli peşələrdən biri hesab olunur. Hər il açıqlanan statistikalardan görürük ki, bu kimi hadisələr inkişaf etmiş ölkələrlə yanaşı, bizim kimi az inkişaf etmiş və yaxud inkişaf etməkdə olan ölkələrdə də baş verir.


Sadəcə məsələ ondadır ki, hakimiyyət jurnalist peşəsinin nüfuzunun qaldırılmasında uyğun rol oynamalıdır ki, cəmiyyət jurnalistin nə qədər toxunulmaz olduğunu anlasın. Jurnalist toxunulmaz şəxslərdən biri olmalıdır. Digər tərəfdən biz jurnalistlər də müəyyən məsələlərdə özümüzü qorumağa məhkumuq. Burada hakimiyyət, cəmiyyət və jurnalistin birgə öhdəlikləri olmalıdır. Bir cəmiyyətdə jurnalistin daha çox toxunulmaz olması üçün onun nüfuzunun da qaldırılması şərtdir. Cəmiyyət bilməlidir ki, jurnalist müqəddəs peşədir, onun üçün çalışır. Ona görə də onu qorumalıdır. Bir çox məsələdə cəmiyyət olaraq geridəyik, ona görə də hələ inkişaf etməliyik”.





Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bildirib ki, heç kim jurnalistin vəzifəsini yerinə yetirməsinə mane ola bilməz:


“İstənilən halda jurnalistlə “hədə” dilində danışmağın, jurnalisti təhdid etməyin əleyhinəyəm. Azərbaycan demokratik bir ölkədir. Hər bir peşə sahibi kimi jurnalist öz vəzifəsini yerinə yetirməlidir. Heç bir şəxs jurnalistin vəzifəsini yerinə yetirməsinə mane ola bilməz. Xüsusilə bu hədə-qorxu yolu ilə olursa, jurnalistin üzərinə bıçaq çıxarırsa, artıq bu əməldə cinayət tərkibi var. Bu işlə məşğul olan adamlar və yaxud qrupların hamısı müəyyənləşdirilməli və qanun qarşısında cavab verməlidirlər. Hadisənin motivlərini tam olaraq bilmirik. Amma istənilən halda ortada tanınmış, çox böyük iş təcrübəsinə malik olan bir jurnalistdən söhbət gedir. Ümid edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni araşdıracaq, kimlərin məsuliyyət daşıdığını müəyyən edəcək və müvafiq tədbirlər görüləcək.


Heç kimə mətbuatla mübarizə, düşmənçilik aparmağı arzulamıram.


Hərənin öz vəzifəsi var. Bizim də vəzifəmiz informasiya yazmaq, cəmiyyəti məlumatlandırmaq və maarifləndirməkdir. Mətbuat 4-cü hakimiyyətdir. Demokratik ab-havanın yaranmasında mətbuatın müstəsna xidmətləri var. Cəmiyyətdən müxtəlif səslər, kimin xoşuna gəlsə də, gəlməsə də eşidilməlidir. Fərqli səsləri və düşüncəni boğmaq olmaz. Bir jurnalist kimi arzulayıram ki, təqsirkarlar tezliklə tapılsın və layiq olduqları cəzanı alsınlar. Bu, mətbuatla hədə dilində danışmaq istəyən başqalarına da dərs olsun”.





Media eksperti, hüquqşünas Xalid Ağalı isə məsələyə belə şərh verib:

“Jurnalisti cəmiyyəti dürüst məlumatlandırdığına görə təhdid etməklə, basqıya məruz qoymaqla, polisi cinayətkarı həbs etməməyə, prokuroru günahsızları günahkar çıxarmağa, məhkəməni təqsiri olmayanları ağır cəzalandırmağa məcbur etməyin heç bir fərqi yoxdur. Polisə, prokurora, hakimlərə peşə fəaliyyətlərinə görə təhdid olaylarında olduğu kimi, jurnalistlərin də belə rəftarlara məruz qalmaları cinayətdir. Çünki onların hamısı ictimaiyyət, onun maraqları üçün çalışırlar. Polis cinayətkarı tutanda, prokuror onu araşdıranda, hakim cəza verəndə, yekun məqsədi cəmiyyətin təhlükəsiz yaşamını təşkil etməkdir. Jurnalistlərin işi də oxşardır, ictimai iş görürlər, cəmiyyət üçün, onun doğru məlumatlandırılması üçün çalışırlar.


Bu çox önəmli funksiyanı daşıması səbəbindən, jurnalistlərin qorunması dövlətin ən ümdə vəzifələrindən biridir. Jurnalistlərə qarşı baş verən təhdid, təzyiq məzmunlu bütün basqı olaylarının ən qısa zamanda araşdırılması, günahkarların müəyyən olunması, ədalətli mühakimə edilməsi, cəmiyyətin bununla bağlı vaxtaşırı məlumatlandırılması bu vəzifələrə daxildir.


Tanınmış jurnalist, özəlliklə, ictimai maraq dairəsində olan məhkəmə proseslərindən dürüst məlumat qaynağı olan A. Məmmədovaya münasibətdə yol verilmiş qorxunc olaya - fiziki zora məruz qalması, yazılarına görə həyatı, övladı ilə təhdid edilməsinə münasibətdə dövlət ən qısa zamanda bütün bu addımları atmaq vəzifəsi daşıyır. Əlaqəli qurumlar, 2003-cü ildə “Lider” telekanalının Müsavat Partiyasının qarşısında döyülən əməkdaşının işində olduğu kimi şübhəlini tez müəyyən etməli, olaya qanunlar çərçivəsində ədalətli qiymət verməlidir”.







Fərid
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər