Ru
21:57 / 19 Aprel 2019

Kəmaləddin Heydərovla bağlı prezidentə müraciət: “Məni 15 gün zirzəmidə saxlatdı”

6906
Fövqəladə Hallar
Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin və Su Ehtiyatları Dövlət
Agentliyinin rəisi vəzifələrində çalışmış, hazırda da sənəd üzərində (!) FHN-də
yüksək vəzifə tutan, nazir Kəmaləddin Heydərovun yaxın dostu olmuş Muradov
Raqif Murad oğlu Prezident İlham Əliyevə müraciət edib və çox ciddi, hətta
dəhşət doğuran iddialarla çıxış edib.   BakuPost.az Azpolitika.az-a istinadən əhəmiyyətli
vəzifələrdə çalışmış, mühüm məlumatlara malik olan Rafiq Muradovun sözün əsl
mənasında şok təsiri yaradan açıqlamalarını hələlik bir kənara qoyub, onun
Prezident İlham Əliyevə müraciətini heç bir şərh vermədən, olduğu kimi təqdim
edirik:   "Cənab
Prezident, son illərdə Sizin sosial, iqtisadi, məhkəmə-hüquq sistemində
apardığınız islahatlar Azərbaycan xalqı tərəfindən çox müsbət qarşılanır. Bu
islahatlar bütün sferaları əks etdirdiyinə görə cəmiyyətdə canlanma müşahidə
olunur və müstəqil Azərbaycan dövlətinin daha da güclənməsi və xalqın rifahının
daha da yaxşılaşdırılmasına xidmət edir.   Dövlət
qulluğunda uzun illər işləyən təcrübəli bir mütəxəssis kimi Sizə çatdırmağı
özümə borc bilirəm ki, dövlətdə işləyən bütün məmurların iş fəaliyyətinin təmin
edilməsi və işlərin icrası üçün kifayət qədər istinad edilməli qanunlar
toplusu, Prezidentin və Nazirlər Kabinetinin sərəncam və qərarları var. Hər bir
məmur bu normativ hüquqi sənədlərin icrasına tam əməl etmək ve sərəncamların
icrasının təmin edilməsi üçün həddini aşmadan hər bir işə məsuliyyətlə
yanaşması çox vacibdir.   Cənab Prezident,
Sizin məhdud vaxtınızı aldığıma görə üzr istəyərək, yüksək ranqlı bəzi
məmurların dövlətimizin adına yaraşmayan əməllərini Sizə çatdırmaq
məcburiyyətindəyəm. Çox təəsüf edirəm ki, mənim bütün cəhdlərimə baxmayaraq,
mətbuat vasitəsilə müraciət etməkdən başqa yolum qalmamışdır.   Cənab Prezident,
mən son 15 ildir ki, Fövqəladə Hallar Nazirliyində rəis müavini, idarə rəisi,
dövlət agentliyinin rəisi vəzifələrində çalışmışam. Su Ehtiyatları Dövlət
Agentliyinin rəisi vəzifəsində işləyərkən nazirin razılığı ilə agentliyin
nəzdində təsərrüfat hesablı bir müəssisə açdıq. Nazirlikdən həmin müəssisəyə
bir nəfər rəhbər göndərildi. İki il ərzində bankdan götürdüyümüz kredit
hesabına 3.100.000 ədəd 67 çeşiddə dekorativ ağac yetişdirdik və təxminən
ağacların beş faiz satışı ilə bank borclarını ödədik.   Təsadüfən həmin
müəssisənin rəhbəri ilə bir məclisdə olarkən şəxsən tanıdığım xüsusi xidmət
orqanlarında çalışmış ehtiyatda olan bir polkovnik məni bu adamla gördükdən
sonra onu haradan tanıdığımı soruşdu. Mən həmin adamın bizimlə işlədiyi haqqında
məlumat verdim. Polkovnik mənə söylədi ki, bu adam xarici ölkə vətəndaşıdır,
dövlətimizin və müstəqilliyimizin əleyhinə çıxdığına (hara işlədiyi barədə
məlumat verdi) görə Ulu Öndər tərəfindən Azərbaycandan qovulmuşdur və onun
ölkəyə girişinə qəti qadağa qoyulmuşdur. Əlavə olaraq bildirdi ki, bu məsələyə
ciddi yanaş və mənim dediklərimi dərhal və tam olaraq rəhbərliyinizə çatdır.   Mən aldığım bu
informasiyanı dəqiqləşdirmək üçün həmin adamın özü ilə söhbət etdim. O, etiraf
etdi ki, bəli, mənim səhvlərim olub, nəticədə atamı, qardaşımı itirmişəm, illər
boyu Azərbaycandan didərgin düşmüşəm. Mən günahlarımın cəzasını çəkmişəm. Mən
həmin adama söylədim ki, bu informasiyanı mən nazirə məruzə etməliyəm. O, xahiş
etdi ki, mənə bir gün vaxt ver, mən bütün məsələləri nazirə özüm məruzə edim.
Bir gün sonra mənə bildirdi ki, nazirlə görüşüm alınmadı (bu haqda dəqiq
məlumatım yoxdur).   Mən, məcbur olub nazirin qəbuluna getdim. Lakin nazirin qəbuluna düşə
bilmədim və bütün bu informasiyanı nazir müavininə (Birinci müavin Rafail
Mirzəyev nəzərdə tutulur-Red.) məruzə etdim.   Bu hadisədən sonra, tez-tez görüşmək imkanım olan nazirlə görüşmək
imkanlarım tam məhdudlaşdırıldı və artıq 5 ildir ki, nazirlə görüşə bilmirəm.
Bütün bunlardan sonra özümün və ailə üzvlərimin faciəli günləri başladı. Həmin
adama təcili olaraq ikili vətəndaşlıq verildi və o, Azərbaycan dövlət pasportu
ilə təmin edildi. Sonradan agentliyin tabeçiliyində olan və həmin adamın
rəhbərliyi altında fəaliyyət göstərən MMC-də maliyyə nöqsanlarına yol verildiyinə
əsaslanaraq (Bu, böyük şər oyununun başlanğıcı idi) onu MMC rəisliyindən azad
edib, dövlət qulluğuna işə götürərək, mənim yerimə agentliyin rəisi təyin
etdilər (hansı qanun və ya hansı məntiqlə?). Mən, Azərbaycan Respublikasının "Dövlət qulluğu” və "Korrupsiya
Haqqında” qanunlarına zidd olaraq, başqa ölkə vətəndaşının dövlət qulluğuna
götürülməsinin əleyhinə çıxış etdim və ölkənin ən ciddi strateji obyektlərinə
nəzarətin xarici ölkə vətəndaşına həvalə edilməsinin yolverilməz olduğunu
bildirdim. Bu etirazımdan sonra məni nazirlikdə idarə rəisi vəzifəsinə təyin
etdilər və söylədilər ki, işə çıxmaya bilərsən, lakin əmək haqqını alacaqsan.   Bu hadisədən sonra bu məlumatı mən digər nazir müavinlərinə və baş idarə
rəislərinə çatdırdım. Cavab bir oldu: "Biz heç nə edə bilmərik, çalış nazirlə
görüş”. Nəticədə bir il evdə oturaraq əmək haqqımı aldım və yenidən bu
məsələnin ciddi olduğunu nazirlikdə xatırlatdım. Nəticədə məni şəhərdə, küçədən
götürdülər və 15 gün gizli olaraq hüquq-mühafizə orqanlarının zirzəmisində saxladılar.
Bu məsələ haqqında danışmamağı tövsiyə etdilər. Mən oradan azad edildikdən
sonra yenidən nazir müavini ilə görüşdüm və ona bildirdim ki, bu artıq dövləti
reketçilikdir. O, bildirdi ki, sifarişi mən vermişəm və bu bir səhv idi. Hər
şeyi yaddan çıxaraq.   Bir neçə ay keçdikdən sonra bankda işləyən oğlumu artıq ləğv olunmuş
MTN-in əməkdaşları iş yerindən apardılar və məni MTN-ə dəvət etdilər. Müəyyən
danışıqlardan sonra oğlumu azad buraxdılar və "bütün məsələlərin həllini öz
nazirliyində axtar” – deyə, mənə xəbərdarlıq etdilər.   Beş ildən artıqdır ki, mən işə çıxmıram və bu 5 ildə bir il əmək haqqım
verilib, 4 ili isə verilməyib. Bu müddət ərzində dəfələrlə müraciət etsəm də
məni işdən azad etməyiblər. İki ay əvvəl məni nazirliyin kadrlar idarəsinə dəvət
etdilər və işdən çıxmağım haqqında ərizə istədilər. Mən bütün məsələləri
kadrlar idarəsinin rəisinə çatdırdım və bildirdim ki, sizin də səhlənkarlığınız
nəticəsində xarici ölkə vətəndaşı dövlət qulluğuna işə götürülüb. Mənə
bildirildi ki, narahat olma, sənin nazirlə görüşünü təşkil edəcəyik. Ancaq son
məlumat bu oldu ki, nazir məni qəbul etmək istəmir.   Cənab Prezident, Sizə böyük umidlərlə müraciət edərək bu məsələlərin
araşdırılması, haqq və ədalətin bərpa olunması naminə göstəriş verməyinizi
xahiş edirəm. Üzr istəyərək təkrar bildirmək istəyirəm ki, bu məsələləri
mətbuat vasitəsilə çatdırmaq düzgün olmadığını bilirəm, lakin mənim başqa
imkanlarım artıq tükənib.   Cənab Prezident, bütün bu məsələlər haqqında daha ətraflı məruzə etmək
üçün məni qəbul etməyinizi xahiş edirəm.   Həmçinin, çox xahiş
edirəm ki, mənim özümün və ailə üzvlərimin təqib və basqı altında olmasını
nəzərə alaraq, ailəmizin təhlükəsizliyinin nəzarətə götürülməsinə göstəriş
verəsiniz”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər