Ru
16:51 / 13 Sentyabr 2019

“Kənddən Şəhərə” – müasir konsepsiyalı yarmarka - FOTO

4307


Yarmarka bazar infrastrukturunda özünəməxsus yer tutur və topdansatış ticarətinin ən geniş yayılmış formalarından biridir. Günümüzdə yarmarkalar yalnız ticari deyil, həm də turistik əlaqələrin gücləndirilməsi məqsədi ilə keçirilir. Mütəmadi olaraq ölkəmizdə və ya dünyada müxtəlif yarmarkaların keçirilməsindən xəbərdar oluruq. Ən çox rast gəlinənlər isə qida məhsulları, kitab, əmək və s. yarmarkalarıdır. Bu yarmarkalarda kiçik və böyük məbləğdə ticarət sövdələşmələri aparılır.


Yarmarkaların digər satış mərkəzləri və bazarlardan əsas fərqi müəyyən dövrdən bir- həftədə, ayda və ya ildə bir dəfə keçirilməsi və müəyyən bir müddəti əhatə etməsidir. Yarmarka sözü isə alman dilində hər il keçirilən bazar mənasını verir.


Yarmarkaların keçirilmə ənənəsi qədim Romaya qədər uzanır. Orta əsrlərdə müvəqqəti bazarlar kimi fəaliyyət göstərən yarmarkalar şəhərlərarası və beynəlxalq ticarət üçün xüsusi rol oynayırdılar. XIII əsrin sonlarından başlayaraq İngiltərənin Staqşou şəhərində ildə bir dəfə heyvan satışının həyata keçirildiyi böyük yarmarkanın fəaliyyəti tarixi mənbələrdə əksini tapıb. Hər il 4 iyul tarixində keçirilən əsas yarmarka ilə yanaşı şəhər il boyu xüsusi heyvanların satıldığı kiçik yarmarkalara da ev sahibliyi edib.


Ümumiyyətlə, hal-hazırda keçirilən yarmarkaların aşağıdakı növləri var: universal yarmarkalar; çoxsahəli yarmarkalar; ixtisaslaşdırılmış yarmarkalar və s.
1925-ci ildə Parisdə beynəlxalq yarmarkaların işini daha da yaxşı təşkil etmək və ölkələrarası əmtəə mübadiləsini inkişaf etdirmək məqsədi ilə Beynəlxalq Yarmarkalar İttifaqı yaradılıb. 1993-cü ildə isə mənzil-qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Avropa Turizm Ticarət Yarmarkaları Assosasiasının əsası qoyulub. Assosiasiya 11 yarmarkanı özündə birləşdirir, əsas məqsədi isə beynəlxalq turizm yarmarkalarının səmərəli təşkili və keçirilməsinə yardım etməkdir.


Böyük İpək Yolunun üzərində yerləşən ölkəmizdə də yarmarkaların keçirilməsi ənənəsi uzaq tarixlərə qədər gedib çıxır. Hətta paytaxtımızda keçirilən yarmarkalar barədə 1925-ci ildə “Dördüncü Bakı yarmarkası” adlı film də çəkilib. Filmdə 1925-ci ilin aprel ayında açılan Bakı yarmarkası əks etdirilir. 1922-ci il sentyabrın 15-də təntənəli şəkildə açılan Birinci Bakı Yarmarkası isə öz işini 1922-ci il noyabrın 15-də sona çatdırıb. Bakı yarmarkasının məqsədi Rusiya və Yaxın Şərq bazarları ilə əmtəə dövriyyəsini qaydaya salmaq idi.


Qeyd edək ki, müasir Azərbaycanda da ticarət əməliyyatlarında yarmarkaların rolu günü-gündən artmaqdadır. Paytaxtın müxtəlif ərazilərində mütəmadi olaraq yerli icra strukturları tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunur. Bu yarmarkaların keçirilməsində əsas məqsəd bazarda məhsul bolluğu yaratmaq və süni qiymət artımının qarşısını almaqdır.




Son dövrlərdə yarmarka fəaliyyətinə yeni bir konsepsiya ilə qoşulan “Kənddən Şəhərə” yarmarkaları isə özünəməxsusluğu ilə fərqlənir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən bu yarmarkalarda kiçik və orta fermer təsərrüfatı sahibləri və yerli qida istehsalçıları öz təbii və yerli kənd təsərrüfatı və ərzaq məhsullarını alıcılara birbaşa təqdim edirlər. Yarmarkalarda iştirak edən fermerlər ödənişsiz satış yeri, lazımi avadanlıq və ləvazimatlarla təmin olunurlar. Burada satılan məhsullar digər bazar və satış mərkəzlərindəki qiymətlərlə müqayisədə daha aşağı qiymətə təklif olunur. Buna səbəb yarmarkada birbaşa fermer və istehsalçıların özlərinin iştirak etməsi, arada vasitəçilərin olmamasıdır.




“Kənddən Şəhərə” yarmarkaları həm fermerlər, həm də paytaxt sakinləri üçün sərfəlidir. Belə ki, fermerlər yetişdirdikləri məhsulları satmaq üçün ödənişsiz yerlə təmin olunur, vətəndaşlar isə alış-verişlərini yarmarkadan etməklə büdcələrinə qənaət edirlər. Eyni zamanda, bu yarmarkalara daxil olarkən alıcıların qarşılaşdığı səliqəlilik, nizam-intizam göz oxşayır. “Kənddən Şəhərə” yarmarkasında məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyalarında yoxlanıldıqdan sonra satışa buraxılır ki, bu da məhsulların keyfiyyətli və qida təhlükəsizliyinə uyğun olmasından xəbər verir.


Hal-hazırda “Kənddən Şəhərə” yarmarkaları paytaxtın iki ünvanında - Binəqədi (Süleyman Sani Axundov küçəsi 5B) və Yasamal (Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsində, Space TV-nin yanı) rayonlarında hər şənbə və bazar günləri keçirilir. Bayram və digər xüsusi günlərdə yarmarkaların keçirildiyi ünvanların sayı da artır.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər