Ru
14:55 / 28 Sentyabr 2020

Kəndimizə qayıdaq!

3283
Söz hisslərdən çox zəifdir. Söz duyğu-düşüncəni olduğu kimi ifadə etməkdə çox acizdir. Dünəndən bəri sevincdən affekt halı yaşayırıq. Yaşadığımız hissləri dilə gətirə, sözlə ifadə edə
bilmirəm. Xəyala dalır... göz önünə nələr gəlir... ürəkdən-beyindən nələr keçir...


Haradan və necə başlayım bilmirəm. İlk xəbər tələbə yoldaşlarının vatsap qrupundan gəldi. Həyəcan və təlaş qarışıq sevincin ilk işartıları.... Qrup yoldaşlarıma yazdım ki, biz depressiyadan torpaqlarımız işğaldan azad olunduqdan sonra çıxacağıq. Bir xalq olaraq stimul mənbəyimiz Qarabağdır. Bir millət olaraq nicatımız torpaqlarımızın bütövlüyündən, bir dövlət olaraq xilasımız suverenliyimizin bərpasından keçir. Azərbaycan insanı bütün məqamlarda bunu gerçəkdən nümayiş elətdirir. İnsanlarımız deyir:”Aclığa dözmüşük Qarabağın naminə! Bütün məşəqqətlərə tab gətirmişik Qarabağın xatirinə!” Azərbaycan insanı illərdir “YA QARABAĞ, YA ÖLÜM “ hayqırır.


Mən bu qənaətdəyəm ki, Azərbaycanın bütün problemləri “Qarabağ düyünün”( əslində, bu, bəzi xarici qüvvələr tərəfindən sünicəsinə yaradılıb) qırılıb atılması ilə öz həllini tapacaqdır.Bu “Qordi düyünü”nün yeganə həll variantı “cərrahi əməliyyatla” mümkündür. Budur, artıq məqam çatıb, tarixi şərait diktə edir.

Mən sırağagünkü adam deyiləm. Mən özümü ifadə edə, fikrimi toparlaya bilmirəm. Nə yaxşı...nə yaxşı... Həyəcan və təlaş qarışmış sevinc hissləri içərisində özümü doğma kəndim Göyyalda hiss etdim. İllərlə yurd həsrəti ilə alışıb yanan dostlar sevinc və həyəcanla (o psixoloji halı ifadə etmək çətindir) tez-tez deyirlər:” KƏNDİMİZƏ GEDİRİK!” . Mən də tam səmimiyyətlə deyirəm:”Biz kəndimizə, Anadolu türklərinin anlamında, özümüzə doğma el-obamızda qayıdacağıq. İnsanoğlunun özünəqayıdışından uca nə var ki! İnsan özünə qayıdanda qüdrətli olur! İnsanoğlu doğma yurdda , bir də doğmalarının yanında güclü olur. İnsan gücünü-qüdrətini doğma yurddan və doğmalarından alır. İllər öncə yazmışdım:” Mən Göyyallı tərk etsəm də, Göyyal məni tərk etmir. Göyyal mənim içimdir. Gözümü açıram Göyyaldı, yumuram Göyyaldı.Yeriyirəm Göyyal deyil, yıxılıram Göyyal deyil, dururam Göyyal deyil, baxıram Göyyal deyil. Torpaq Göyyal deyil, yarpaq Göyyal deyil...”

Bu dünyanın çox kəndləri kimi, Göyyal da sadə bir kənd idi. Amma hər kəsin doğma kəndi kimi, sadə olsa da, adi deyildi. Mövlanə Füzuli demişkən, sadə torpaqdı, ancaq Kərbəla torpağıdı. Göyyal çoxları üçün adi bir torpaq məfhumunda görünə və qəbul oluna bilər. Amma onun qoynunda doğulub, yüyürüb yıxılanlar üçün yurd yeridir. Axı hər torpaq yurd yeri deyil.

Biz yurd yerimizə getmək istəyirik. Buna mane olanlar – yolumuzu kəsənlər yoldan çıxın!

Xeybər Göyyallı
Kəndimizə qayıdaq!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər