Ru
09:08 / 06 Noyabr 2019

Kərəm Həsənov vəzifəsində qalacaqmı?

3875
Prezidentin fərmanı ilə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsindən iki həftə keçir. Bu müddət ərzində xüsusilə daşınmaz əmlakın dövlət qeydiyyatı prosesi ilə bağlı əhalidə müəyyən suallar yaranıb. Bir çox insanlar redaksiyamıza müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat strukturlarının öz fəaliyyətini davam etdirib-etdirməməsi ilə maraqlanırlar.

Qeyd edək ki, fərmanın 3-cü bəndinə əsasən, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır. Yəni nazirliyə birləşdirilən qurumlar öz fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər. Bu baxımdan, vətəndaşların əmlakın qeydiyyatına dair müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun müddətdə baxılacaq.
Ölkə başçısının fərmanından sonra ictimaiyyəti maraqlandıran digər məsələ İqtisadiyyat Nazirliyinə birləşdirilən qurumların əvvəlki rəhbərləri ilə bağlıdır. Prezident fərmanına əsasən, nazirliyin tərkibində 3 xidmət yaradılıb. Bunlar Vergilər, Əmlak və Antiinhisar Fəaliyyəti və İstehlakçıların Hüquqlarını müdafiə xidmətləridir. İqtisadiyyat naziri postuna Mikayıl Cabbarovun təyin olunduğunu nəzərə alsaq, qalan iki qurumun rəhbərlərinin taleyi maraq doğurur.

Fərmanın 3-cü bəndi Kərəm Həsənov və Zahid İsayevə də şamil olunurmu?

Əldə etdiyimiz məlumata görə, rəhbəri olduqları qurumların hüquqi statusu dəyişdiyinə görə hər iki şəxs avtomatik olaraq vəzifəsini itirmiş olur. Bu qurumların əsasında İqtisadiyyat Nazirliyi tərkibində yaradılan xidmətlərə isə hələ ki rəhbər təyinatı aparılmayıb.

Onu da qeyd edək ki, Dünya Bankının açıqladığı “Doing Business -2020" hesabatına əsasən, Azərbaycanın mövqeyi əmlakın qeydiyyatı sahəsində xeyli zəifləyib. Belə ki, keçənilki hesabatda bu indikator üzrə 17-ci yeri tutsa da, bu il 44-cü pilləyə enib. Dünya Bankı ekspertləri hesab edirlər Azərbaycanda əmlakın qeydiyyatı kadastrların əhatə dairəsinin genişlənməsi və kadastr planlarının rəqəmsallaşdırılması hesabına daha asan və şəffaf olub. Lakin Azərbaycan əmlakın başqasına ötürülməsi zamanı notariusun depozit hesabına pul qoymağı icbari edərək prosesi çətinləşdirib. Nəticədə bu indikator üzrə mövqeyimiz 27 pillə geriləyib.

(yeni musavat)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər