Ru
06:59 / 05 May 2021

Kitab oxumaqla qızların xoşuna gəlmək...

3402
Qan Turalı

Kitab oxumaqla qızlara xoş gəlməyin mümkün olduğunu kim deyib? Bu iş üçün Ferrari Folknerdən daha cazibədar deyilmi?

Ya da mütaliə edənlərin özlərini ağıllı göstərməyə can atdığını? Bu ölkədə savad ən ucuz şeydir. Gömrük komitəsində bir general var, 48 yaşında ali təhsil diplomu alıb. Dövlət məmurlarının xeyli hissəsi orta yaşda yaşda banan universitetlərdən məzun olublar.

Qlamur jurnallara baxırsan, yazırlar ki, Ferrarini restorana sürə bilməzsən, ona görə də Rolex tax. Görsəniş dünyasında yaşayırıq. Şəkillərimizdəki də biz deyilik, filterasiyalardı. Hamımız profillərin arxasında gizlənmişik.

Şekspir deyirdi ki, ətrafda gördüyüm hər şey iyrəncdir. Bu iyrəncliyi boyamışıq, özümüzə başqa pasportlar almışıq. O pasportların süni dünyasında özümüzü xoşbəxt hiss edirik.

Və bu ilğımlar, mirajlar dünyasında sizi qıcıqlandıran əlində kitab olan insanlardırmı? Götürün, siyahılara baxın, heç nazirləri demirəm, görün bir deputatın oğlu elmlə, incəsənətlə məşğul olurmu, özünü bunlara fəda edirmi? Əsla! Çoxu polisdədi...

Bu ölkəni Vətənə çevirənlər əli kitablı, əli qələmli adamlar olublar. Məmməd Əmin ömrü boyu oxumaq və yazmaqla məşğul idi. Qanlı müharibə illərində Nizami haqqında monoqrafiya yazırdı. FK onu axtaranda “Əsrimizin Səyavuşu”nu yazırdı. Nəriman Nərimanov qiraətxana açırdı, məqalələr yazırdı, pyeslər yazırdı. Hərçənd onların gömrük generalından fərqli olaraq ali təhsilləri yox idi.

Bəli, kitab oxuyan Məmməd Əmin Rəsulzadəyə bənzəmək istəyir. Bəs siz kimə bənzəmək istəyirsiniz? Bəs siz kim olmaq istəyirsiniz?

Həqiqət və yalanın sərhədlərinin bölünən Qırmızı dəniz kimi aydın olduğu dünyada fironluqdan ya da musalıqdan başqa yol yoxdur.

Mənəvi və ictimai yüksəlişin kitabdan başqa yolu olmadığı kimi...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər