Ru
12:45 / 30 Dekabr 2022

Kiyevdə Həmrəylik Günü qeyd edildi - FOTO

4642

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun qarşıdan gələn Dünya Azərbaycanlıları Həmrəyliyi Gününə həsr olunmuş toplantısı keçirilib.


Bakupost.az bildirir ki, toplantıda başa çatmaqda olan 2022-ci ilin yekunları müzakirə olunub. UADB sədri Hikmət Cavadın dəvətilə tədbirdə Ukrayna parlamentinin Ukrayna – Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Volodımır Kreydenko da iştirak edib. Cari məsələləri də müzakirə edən UADB idarə heyətinin üzvləri təşkilatın 2022-ci ildəki fəaliyyətinə yekun vurublar.



Tədbirdə nitq söyləyən V.Kreydenko bildirib ki, Ukrayna hökuməti və xalqı hazırkı müharibə zamanı Azərbaycan diasporunun yardımlarını yüksək qiymətləndirir, göstərilən humanitar yardımlara, habelə ölkənin ərazi bütövlüyünü beynəlxalq miqyasda müdafiə etdiyinə görə Azərbaycana minnətdardır. “Ali Radanın üzvü olaraq deyə bilərəm ki, ölkə parlamenti və hökuməti Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyiblər. Biz də Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tam şəkildə bərpa etmək üçün göstərdiyi səyləri dəstəkləyirik” – deyə ukraynalı millət vəkili vurğulayıb.

Daha sonra söz alan Hikmət Cavad Ukraynadakı Azərbaycan diasporunun ölkənin müdafiəsində yaxından iştirak etdiyini diqqətə çatdırıb: “Azərbaycanın Ukraynanın haqq işinə dəstək verməsi, ölkəyə humanitar yardımlar göndərməsi diasporumuzu sevindirir. Azərbaycanda baş verənlərə obyektiv qiymət verən ukraynalı millət vəkillərinə Azərbaycan diasporu təşəkkür edir. Biz diasporumuzun parlamentlə əlaqələrini daha da genişləndirmək, birgə layihələr həyata keçirmək niyyətindəyik. Azərbaycan diasporu həmişəki kimi tarixi Vətənimizin mənafeyini qorumaqda Azərbaycan dövlətinin yanındadır”.

H.Cavad və V.Kreydenko qarşıdan gələn Dünya Azərbaycanlıları Həmrəyliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra UABD idarə heyəti üzlərinin iştirakı ilə müzakirələr keçirilib.



Jurnalist Əliisa Dəmirov Ukrayna və Azərbaycan mediasının baş verənlərə dair obyektiv xəbərlər yayması barədə danışıb: “Ukrayna və Azərbaycan KİV-ləri informasiya müharibəsində səylərini birləşdirməlidir”. Ukrayna energetika nazirinin sabiq müavini Burzu Əliyev qeyd edib ki, bu gün Ukrayna torpaqlarında nəinki bu ölkənin, habelə Rusiyanın işğalçılıq siyasətinə məruz qalmış bir çox dövlətlərin də taleyi həll olunur: “Əminəm ki, Ukrayna qələbə qazansa, başqa ölkələr də öz ərazilərini geri qaytara biləcəklər”. Şərqşünas alim Fərhad Turanlı Azərbaycanla Ukraynanın beynəlxalq təşkilatlarında bir-birinə dəstək vermələrinin əhəmiyyətinə toxunub: “Ölkələrimiz bir-birinin mövqeyini həmişə müdafiə ediblər. Biz ölkələrimizin ərazi bütövlüyünün tezliklə bərpası, separatçılıq ocaqlarının söndürülməsi üçün beynəlxalq təşkilatlar çərçivəsində də hərtərəfli işlər görməliyik”.

İş adamı İlqar Abbasov Ukraynadakı müharibədən əziyyət çəkən dinc əhaliyə və Silahlı Qüvvələrə azərbaycanlı diasporunun maddi yardımlarından bəhs edib və bu yardımların hazırda da davam etdirildiyini dilə gətirib. Şakir Yəhyayev Ukraynaya göstərdikləri dəstəyə görə bir çox azərbaycanlıların hökumət tərəfindən təltif olunduqlarını, bunun da diasporumuzun nə qədər fəal olduğunu göstərdiyini bildirib. Ukrayna Qəhrəmanı Serhiy Kulçitskiy adına könüllü taborunun döyüşçüsü Vidadi İsrafilov Ukrayna ordusu sıralarında xeyli sayda soydaşlarımızın vuruşduğunu, onlardan birinin Ukrayna Milli Qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırıb: “Ukraynada yaşayan azərbaycanlılar ölkələri üçün canlarından keçməyə hazırdır”.

Tədbirin sonunda qarşıdan gələn Dünya Azərbaycanlıları Həmrəyliyi Günü münasibətilə ziyafət təşkil edilib.


Kiyevdə Həmrəylik Günü qeyd edildi - FOTO
Kiyevdə Həmrəylik Günü qeyd edildi - FOTO
Kiyevdə Həmrəylik Günü qeyd edildi - FOTO
Kiyevdə Həmrəylik Günü qeyd edildi - FOTO
Kiyevdə Həmrəylik Günü qeyd edildi - FOTO
Kiyevdə Həmrəylik Günü qeyd edildi - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər