Ru
12:40 / 21 Mart 2020

Koronavirus fəlakətinin üzə çıxartdığı 2 mühüm məsələ - Daha təhlükəli böhran...

7223

Rövşən Ağayev
İqtisadçı

Biz toplum olaraq bu zamanadək mümkün risklər haqda danışanda istisnasız olaraq neftin ucuzlaşmasından, neft erası bitəndən sonra yoxsulluğun epidemiya kimi ölkəni saracağından, aşağı keyfiyyətli təhsilin yaya biləcəyi cəhalətdən və onun gətirə biləcəyi ictimai bəlalardan, aşağı keyfiyyətli səhiyyənin ömrümüzü daha da qısalda biləcəyindən, ən yüngül xəstəliklərlə belə mübarizədə bizi tək qoyacağı ehtimalından - ağla gələn hər cür riskdən danışmışdıq.

Hətta dünyada quraqlığın yarada biləcəyi qlobal aclıq, 2050-ci ilədək su qıtlığı səbəbindən qlobal su müharibələri belə ara-sıra müzakirə etdiyimiz mümkün risklər arasında olub.

Amma bütün dünyanı qəfil yaxalayacaq, yüz minlərlə insanı öldürə biləcək epidemiyanı kimsə risk kimi görməyib. Dünyada son 100 ildə səhiyyə elə inqilabi şəkildə inkişaf etmişdi ki, hamı bu sistemin hələlik ölümdən başqa bütün müşküllərə çarə tapdığını düşünürdü.

Məlum oldu ki, nəinki belə deyilmiş, həm də səhiyyə böhranı iqtisadiyyatı belə alt-üst edə biləcək dağıdıcı gücə sahibmiş.

Hər hökumət bu qlobal fəlakətdən dərs çıxarmağa məhkumdur - kimi bir qədər az, kimi fövqəladə dərəcədə çox.

Bəlkə çoxlarına qəribə gələcək, bu fəlakət göstərdi ki, ölkədə 2 mühüm məsələ var ki, onlar hərbi və ərzaq təhlükəsizliyi qədər dövlətin milli təhlükəsizlik problemidir.

Onlardan biri şəffaf və modern çağın tələblərinə uyğun, seçkili demokratiyadan qaynaqlanan siyasi sistemin mövcudluğudur. İnsanların təmkinli davranışı, bu davranışa əsas yaradan yüksək təhsil, panikaya imkan verməyən azad media, ölkəni böhrandan çıxaracaq səviyyədə maddi zənginlik, makroiqtisadi sabitlliyi maksimum uzun müddət qorumağa imkan verən şaxələnmiş iqtisadiyyat məhz bu cür siyasi sistemin məhsuludur.

İndi hər kəs bilsin ki, demokratik cəmiyyəti quran toplumlar bunu təkcə rifah üçün etmirlər, həm də milli təhlükəsizlik məsələsi kimi baxırlar bu məsələyə. Demokratik cəmiyyət həm də hər cür təhlükə və təhdidə qarşı immunitetdir.

Milli təhlükəsizliyə təhdid olan daha ciddi problem keyfiyyətli olmayan, qeyri-dəqiq statistikadır.

Niyə statistika?
Dürüst statistika olmadan hazırkı böhrandan iqtisadiyyatın real olaraq nə qədər itirəcəyini, kimə nə qədər yardın etməyin vacibliyi necə qiymətlənidirləcək, bu qiymətləndirmə nə dədərəcədə etibarlı və ehtiyaca uyğun olacaq ki, nəticəsi də təhülkəni aradan qaldıra biləcək qədər effektiv olsun?

Bu 2-ci məqamı ABŞ-ın əhaliyə dəstək paketi haqda oxuyanda daha aydın hiss etdim. ABŞ hökuməti illik gəliri 75 min dollardan az olan hər vətəndaşa 1200 USD, 76-99 min USD intervalında qazancı olanlara bundan bir qədər az birdəfəlik pul yardımı edəcək. Gəliri 99 min dolları ötənlər həmin yardımla əhatə olunmayacaq. Yoxsulluq statusu olan ailələrə yardım bir qədər fərqli sxemlə olacaq: ailədə hər uşaq 500 USD, hər yetkin şəxs isə 1200 USD yardım alacaq.

Görün statistika əhalinin gəllirləri barədə nə qədər şəffaf və etibarlı məlumata malik olmalıdır ki, maddi risklərlə üzləşən vətəndaşına rahatlıqla dəstək verə biləsən.

Bizim statistika da deyir ki, ən zəngin 20% əhali ilə ən yoxsul 20% əhalinin qazancları arasında 2 dəfə fərq var. Yəni yoxsullar ayda 200 manat, ən zənginlərimiz də 400 manat qazanır. Bunu o statistika deyir ki, yoxsulu çörək pulunu güclə qazanır, zəngini milyonluq araba sürür.

Bu statistikaya güvənib nəyi hesablayacaqsınız, hansı riski qiymətləndirəcəkisiniz?

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər